Bu köç artıq başlanığından, əvvəlkilər (1970-1990 və 1993-2010 ) haqqında yazdığım yazılarımı daha sonra verməyi qərara aldım. Çünki, gələcəkdə xəcalətlə xatırlayacağımız tarixi hadisələr gözümüz önündə baş verir.
…Siz dinc dövrdə dağıdılmış evinin xarabalıqlarından salamat qapı və pəncərə tapmış insanın üzündəki sevinci görmüsünüzmü? Bu qapı, pəncərə, işlənmiş daşlar yarı qiymətinə satılacaq, artıq evsiz-eşiksiz qalan bu çarəsiz, bu pulla doğulduğu məmləkəti tərk edəcək. Mən inanıram ki, mütləq Azərbaycanda da, bu səhnələri əbədiləşdirib yaddaşlara köçürəcək Roman Polanski kimi dahilər tapılacaq.
Qonşularımın evləri dağıdılır. Əksəriyyəti qürbətdə min bir əziyyətlə pul qazanıb geri dönənlərdi. Yenidən geri qayıtmağı düşünürlər. Bəli, yeni köç başlayıb. Bu hadisələrin gələcəkdə tarixə hansı adla düşəcəyi hələ məlum deyil, evləri əllərindən alınmış, yaxud da dağıdılmışların köçü, Abşeron köçü, rövnəq köçü olacaq, bilmirəm. Ssenarisi isə çox bəsitdir. Məşhur rus təmsilçisi Ivan Andreyeviç Krılovun “Qurd və quzu” təmsilindəki “sənin günahın odur ki, mən acam, gözüm doymur” məsəli bu prosesin ana xəttidir. Beş-altı iri məmurun bank hesablarına milyonlar daxil olacaq, nəticədə on minlərlə, bəlkə də daha artıq vətəndaşımız səadəti qərib ölkələrdə axtaracaqlar… Əvvəlki iki köçdən ən ağrılısı olacaq bu. Sönmüş neft quyularının əhatəsində yerləşən kasıb daxmalarının uçurulması nəticəsində, evsiz-eşiksiz qalan vətəndaşlarımız artıq yenidən Şimala gedən qatarlara bilet almaqdadırlar. Orada onları soyuq qış və məhrumiyyətlər gözləyir. “Başqa çarəmiz yoxdur” deyirlər.
Məhkəmələr dayanmadan neft şirkətlərinin lehinə “hökmlər” çıxarır, ardından ekskovatorlar birmərtəbəli sadə evlərin üzərinə yeriyir. Ədalət naminə deyək ki, bəzən elə uçururlar ki, evin sahibi sonradan buraya sərf etdiyi inşaat materiallarının bir qismini xilas edə bilsin(Müqayisə üçün deyək ki, Stalin köçürmələri zamanı 12 saat vaxt verilirdi, bu vaxt ərzində vətəndaşlar yalnız özləri ilə götürə biləcəyi zəruri əşyaları götürə bilərdi).
Bu zavallıların günahı nədir axı? Bu torpaq sahələrini onlara satanlar və onları himayə edənlərin hamısı iqtidardadır. Bakı ətrafında torpaq sahəsi alıb ev tikənlər həmin rayonun bütün vəzifə sahiblərindən “halallıq” almasa, daşı daş üstünə qoya bilməz. Hətta möhürlü sərəncam verən bələdiyyənin də “şirinliyi” ev tikilərkən, verilməlidir. Sahə müvəkkili, icra nümayəndəsi, cinayət axtarış şöbəsi, yanğınsöndürmə idarəsi, post patrul xidməti, arxitektura idarəsi, demək olar ki, Qafqaz Müsəlmanları Idarəsi yetkililərindən başqa, bütün qurumlardan gəlib, “halallıq” alıb gedirdilər.
Beləcə tikdi bu zavallılar evlərini… Indi də sökürlər. Hər kəsə gün kimi aydındır ki, yenidən satmaq üçün. Çünki 40 ildir neft verən quyular, 20 ildir ki, işləmir. Görüntü üçün quyu üzərindəki karkasları yaşıl rəngə boyayıblar. Hətta heç bir quyu olmayan Xocahəsəndə də evlər uçurulur….Bax, beləcə son 40 ilin 3-cü köçü başlayır. Qəribədir, əvvəl bunu 1 aprel zarafatına bənzədənlər də oldu. “Axı bu evlərin tikilməsi üçün sərəncamı bəyəm bir başqa iqtidar verib?” – deyənlər də oldu. Nədənsə bu barədə susurlar. Deməyə sözləri yoxdur.
Yaxın aylarda Azərbaycan bir neçə yüz min vətəndaşı ilə vidalaşmalı olacaq. Çünki bu binəvaları artıq burada saxlayacaq heç bir dəyər yoxdur. Qürbətdə ən azı əlindəkini bu cür almırlar, alanda da özləri demişkən, bilirsən ki, özününkü deyil.
“Heç olmasa hamilə qadınlar və qocalar olan evləri bir müddət saxlayaydılar”. Məhkəmə həyətlərində, sökülən evlərin ətrafında bu gileyləri arabir eşitmək olur. Lakin bundan da təsirlisi və ibrətamizi isə Rusiyaya bilet almış qonşularımın 18 yaşlı yeganə oğullarının əsgərlik nədəniylə onlarla gedə bilməməsiydi. Yəqin ki, bu cılız oğlan Murova yollanacaq, Vətənə olan borcunu şərəflə verəcək və sonra da qürbətə doğmalarının yanına gedəcək…Bu, bizim ən yeni tariximizdir.