“2 aprel işi üzrə təkqapı oyun gedir”

Vidadi Mirkamal: «Bu iş sifarişlə başlayıb, sifarişlə də başa çatacaq»

Dünən Ictimai Palatanın Koordinasiya Şurasının növbəti iclası olub. Şuranın üzvü, vəkil Vidadi Mirkamala müraciət edib həm iclasda müzakirə edilən məsələlər və qəbul edilən qərarlar, həm də bir neçə aktual məsələ ilə bağlı suallar ünvanladıq.

– Vidadi müəllim, Koordinasiya Şurasının budəfəki iclasında hansı məsələlərə baxıldı?
– Iyulun 30-da Ictimai Palatanın növbəti sessiyası keçiriləcək. Iclasda sessiyanın gündəliyi müəyyən edildi. Gündəliyə yeni üzvlərin qəbulu, ictimai-siyasi vəziyyət, Ictimai Palatanın vəzifələri, 2 aprel məhbuslarının məhkəməsinin gedişi, ölkə təhsilinin vəziyyəti ilə bağlı məsələlər daxil edildi. Iki məsələyə münasibət bildirildi. Bunlardan biri bir qrup jurnalistə gələn təhdid dolu məktubla bağlı idi və Koordinasiya Şurası bu məsələdən böyük narahatçılıq keçirdiyini bəyan etdi. Biz hesab edirik ki, hüquq-mühafizə orqanları məsələni ciddi şəkildə nəzarətə götürməli, məktubu yayan şəxslər tapılmalıdır. Ikinci məsələ Naxçıvanın Nehrəm kəndində sosial problemlərlə bağlı keçirilən aksiya idi. Aksiyada AXCP Naxçıvan şöbəsinin rəhbəri Yaşar Bağırsoya, həmçinin Zeynal bəyə zor tətbiq ediblər. Çox qəribədir ki, polis zorakılıq edənləri deyil, zorakılığa məruz qalanları həbs edib. Biz baş verənlərə  etiraz edərək Naxçıvan rəhbərliyinin məsələyə aydınlıq gətirməsini tələb etdik.

– Siz həm də 2 aprel məhbuslarının hüquqlarını müdafiə komitəsinin rəhbərisiniz. Işin gedişatını necə dəyərləndirirsiniz?
– Bu cinayət işi siyasi sifarişlə başlandı. Insanların sərbəst toplaşması onların konstitusion hüququdur. Onlar toplaşıb öz iradələrini, istəklərini ifadə ediblər. Qanunsuz bir şey istəmirlər ki. Deyirlər ölkədə demokratiya olsun, azad seçki keçirilsin, insanların sosial durumu yaxşılaşsın.  Bütün bunlar da cinayət sayıla bilməz. “Istefa”, “Azadlıq” qışqırmaq nə vaxtdan cinayət hesab olunur? Işə qanuni don geyindirmək üçün özləri şüşələri, obyektləri sındırdılar, maşınlara xəsarət yetirdilər. Halbuki sonradan çəkilən şəkillərdə və videokadrlarda sübut olunurdu ki, təxribatı törədənlər tamam başqa şəxslərdir. Başqa ölkələrdə aksiyaçılarla polis arasında az qala, əlbayaxa savaş olur. Polisə daş atırlar, xəsarətlər yetirirlər. Bizim aksiyalar dinc xarakterli olduğuna görə heç vaxt belə şeylər baş vermir. Ictimai Palata zorakılığı hər zaman pisləyib. 
Xarici müşahidəçilər də gördülər ki, aksiyaçılar tərəfindən heç bir zorakılıq olmadı. Belə olan halda, polislərin yalandan şahidlik etməsi heç bir məntiqə sığmır. Ədalətli məhkəmə bunların hamısını araşdırır. Bizim məhkəmələrdə isə təkqapı oyun gedir.
Istintaqın gedişində bəlli oldu ki, irəli sürülən ittihamlar üzrə heç bir tutarlı sübut yoxdur. Bizim vəkillər tərəfindən yüzlərlə vəsatət qaldırıldı ki, filan məqamlar yoxlanılmalıdır. Onların biri də təmin olunmadı. Bəlkə sabah məhkəmə cərimə cəzası kəsəcək. O zaman belə çıxır ki, bu adamlar bir neçə ay həbsdə boşuna qalıblar.

– Sizcə, məhkəmənin yekun qərarı necə olacaq?
– Sifarişlə başlayıb, sifarişlə də başa çatacaq. Fövqəladə bir şey baş verməsə, bu adamlara irəli sürülən maddələr üzrə həbs cəzası veriləcək. Məqsəd, müxalifətçilərin, cəmiyyətdəki fəal qüvvələrin gözünü qorxutmaq, insanlarda xof yaratmaqdır. Normal cəmiyyətdə belə bir iş üzrə heç bir hakim cəsarət edib belə saxta ittihamlar üzrə hökm çıxara bilməz. Çünki işdə heç bir ittihamedici sübut yoxdur. Ağlı başında olan məhkəmə ancaq bəraət hökmü çıxarmalıdır. Amma bizim məhkəmələr sifarişlə işlədiyindən ədalətli qərar gözləməyə dəyməz.

Gültəkin