Rusiyanın Azərbaycandakı elçisi Vladimir Doroxin tarixlə bağlı bir sıra boynuna almada bulunub. Onun bildirdiyinə görə, SSRI başqanlığının Qarabağ konfliktinin çözülməsi yönündə tutduğu yol yanlış olub: “Indi biz tam səmimiyyətlə deyə bilərik: Qorbaçov başda olmaqla, Sovetlər birliyinin başqanlığı yanlışa yol verib. O, eləcə bu konflikti yanlış dəyərləndirib, düzgün olmayan qərarlar verib. Bizim bütün diplomatik çalışmalarımız bu konfliktin dinc siyasi çözüm yolunu tapmağa yönəlib”. Tovariş (“tovariş” türk sözüdür) Doroxin məni bağışlasın, onun burada dediklərinin hamısı yalandır, diplomatik tryukdur.
Biz, sözsüz, çox istərdik Doroxin deyən kimi olsun: Rusiyanın başında duranlar özlərindən qabaqkı Rusiya dövlət başçılarının yanlışlarını anlasınlar, belə yanlışlara bir daha yol verməsinlər. O yanlışların başında Rusiyanın etnogenezlə, geopolitika ilə bağlı çoxillik yanlış baxışları, planları dayanır. Görün, Doroxin nə deyir: Qorbaçov Qarabağla bağlı yanlışa yol verib, bu isə yanlış qərarlara gətirib çıxarıb. Soruşulur: Qorbaçovdan sonra Rusiyanın başında duran yeltsin, Putin, Medvedev nə edib? Bəlkə, onlar Rusiyanın bəlli çoxillik yanlış politikalarına düzgünlük gətiriblər?
Belə bir fakt yoxdur.
Doroxin indiki boynunalmasında Rusiyanın çoxillik yararsız-yaramaz politik gələnəklərindən çıxış eləyir: məndən qabaq başçı olan (olanlar) pisdir, mən yaxşıyam. Bu yararsız-yaramaz Rusiya politik praktikasını Azərbaycana bütünlüklə Rusiyanın adamı olaraq yetişdirilmiş Heydər Əliyev gətirdi. Özü 1969-dan bu yana dövlətçiliyə klançılıqdan korrupsiyayadək ən qorxulu tendensiyalar gətirmiş, Azərbaycanı Orta çağ yönətiminə qaytarmış H.Əliyev özündən qabaq ölkənin başında durmuş adamlarla (Ə.Vəzirov, A.Mütəllibov, Ə.Elçibəy) ölənədək gözdənsalma kampaniyası apardı. Bu isə özünün yararsız-yaramaz hakimiyyətini xalqa sırımağın bir yoludur. Indi bizdə bu yoldan oğul Əliyev gen-bol yararlanmaqdadır – atasının özünə belə, minus qazandırmaqla olsa da! Belələrinin bir istəyi var: hər cür yalanla, kələklə hakimiyyəti qoruyub saxlamaq!
Indilikdə Doroxin özü də belə yol tutur, bizi Putinin, Medvedevin başqa tipli liderlər olduğuna inandırmağa çalışır. Ancaq faktlar onun dediyinin tərsini deyir. Ən azı I Pyotrdan üzü bəri Rusiya dövləti özünü bir antitürk dövləti olaraq göstərməyə başlayıb. Bəlli olduğu kimi, bu yöndə I Pyotrun bir vəsiyyətnaməsi də var. Burası da bütün dünyaya bəlli faktlardandır: bolşevik lideri çevriliş yolu ilə hakimiyyətə yiyələndikdən sonra özündən qabaqkı Rusiyanı – çar Rusiyasını “xalqlar türməsi” adlandırmışdı. Leninçi-stalinçi sovet hakimiyyəti dönəmində Rusiya “qardaş respublikalar birliyi” adlandırılsa da, SSRI-dən ayrılmağadək uzanan bu qardaşlıq daha çox formal xarakter daşıyırdı. Qorbaçov bu formalizmi faktiki olaraq aradan qaldırdı. Yeltsin gəldi nə etdi? Yeltsin Qorbaçovu qınayaraq üzünü Rusiya xalqlarına tutdu: “Kim nə boyda suverenlik istəyir, götürsün”. Çeçen, tatar, başqurd, çuvaş, eləcə də bir çox başqa xalqlar Rusiyanın yeni başçısına inanaraq suverenlik qapışdırmasına qoşuldu. Sonra özünün uzun, çox uzun KQB barmağı ilə Putin gəldi. Putin bütün ölkəyə barmaq silkələdi: özünüzü yığışdırın!
Doroxin Qarabağ problemi ilə bağlı deyir: “…bütün diplomatik çalışmalarımız bu konfliktin dinc siyasi çözüm yolunu tapmağa yönəlib”. Ancaq bu konflikti yaradan da, onu çözülməyə qoymayan da elə Rusiyanın özüdür. Köçürmə yolu ilə Azərbaycan torpaqlarında ermənilərə dövlət yaradan, sonra bu dövlətin sınırlarını Qarabağadək genişləndirən Rusiyanın özü. Bu gün Rusiya özünün yaratdığı aqressor dövlətə -“Ermənistana” hər cür yardımlarla yanaşı, milyardlarla dəyərində yaraq-sursat yardımları da eləyirsə, dinc siyasi çözüm necə ola bilir?