Dünən Dadasnanas müəllimdən ölüm xəbərdarlığını alandan bir az sonra “canlı tarix” saydığım ixtiyar dostumun ölüm sorağı gəldi; yığışdıq, heç nəyin bizim əlimizdə olmadığını çarəsiz-çarəsiz bir daha anladıq və gücümüz çatan son işi gördük: torpaqdan yaranan bir insanı torpağa qaytardıq.
Hamınızın hər dəfəsində müşahidə etdiyinizin bir daha şahidi oldum: adam özüylə o dünyaya heç nə aparmır. Tez-tələsik səhvimi düzəldib “beş arşın ağdan başqa” deməyin: O dünyaya, Tanrı hüzuruna çağırılan ruh özüylə nə piyli, xəstə, minilib-çapılmış, geyilib-sürtülmüş, sallaq, dəhşətli dərəcədə üfunət qoxuyan paltarı – bədəni götürür, nə də kəfəni.
Ağ mələfəyə bükülüb qəbirə qoyulan və üstü torpaqlanan bədənə baxıram: dünyanın sonu budursa və bunu hər gün görür, biliriksə, anlayırıqsa, allahlıq iddiasına düşmək insanın ağlına hardan və niyə gəlir? Yəni, insan bu qədəmi dərrakəsizdir?
Dünən özümə verirdim bu sualları: niyə insan bircə dəfə də yaşamaq fürsəti tapa bilmədiyi yerdə, məsələn, Dubayda bir deyil, iki də deyil, düz dörd villa almalıdır? Niyə dünyanın hər yerində mal-mülkə sahib olmalıdır? Axı, bu, insan adlanan müvəqqəti varlığın nəyinə lazımdır? Sonu bu deyilmi? Niyə haram, haram və yenə də haram hesabına, minlər, milyonların ah-naləsi və nifrinlərini öz üstünə çəkmək bahasına var-dövlət yığmalısan? Heç vaxt heç nəyinə lazım olmayan bu acgözlüyün hesabını o və bu dünyada verəcəyi günü anlamayacaq səviyyədə küt, ağılsız və heyvani instinkt insanda hardandır?
Süleyman peyğəmbərə aid edilən maraqlı bir deyim var: ölüm ayağında vəsiyyət edir ki, son mənzilə aparılarkən əlini tabutdan çölə çıxarsınlar, “Qoy hamı görsün ki, hətta mən də – Süleyman peyğəmbər də bu dünyadan əliboş gedirəm”.
Hamı, hansısa məqamda və hansısa yaşda bu dünyadan gedir – “əliboş”! Əslində, “hansısa məqam” və “yaş” da nisbi anlayışdır – 30, 40 və ya 80-də ölməyin heç bir fərqi yoxdur; zaman o qədər böyükdür ki, 40-la 80-nin arası “zamanın” bir göz qırpımıdır: bir qırpım az, ya çox yaşamağın nə mənası?
Yaşamağın yeganə mənası varsa da ədalətli, haqlı, halal, ləyaqətlə Allah hüzuruna getməkdir, yoxsa da!
Həzrət Əlidən soruşurlar ki, axirət, o dünya, haqq divanı yoxdursa, onda necə? Mürşidi-kamil cavab verir ki, əgər sən dediyin kimi axirət yoxdursa, onda mən imanlı yaşadığım üçün heç nə itirməyəcəm, yox, əgər mən inandığım kimi axirət varsa, onda sən imansız və ədalətsiz yaşadığına görə hər şey itirəcəksən.
Imanlı yaşamağın özüllərindən biri də ədalətsizliklə barışmamaqdır – Tanrı belə məsləhət bilir. Imanlı yaşayaq – itirən biz olmayacağıq!
Ölümsə Haqq işidir – Allahın izni olmadan ruhumuzu kimsə Onun yanına göndərə bilməz.
Fikrət Hüseynlinin ayı məsələsi
Dadasnanas müəllimin məktub göndərdiyi elektron ünvanlardan böyük əksəriyyəti işlədilməyən, hətta psevdoimzayla yaradılan və cəmi 1-2 dəfə istifadə edildikdən sonra yaddan çıxan, parolu belə, unudulan e-maillərdir. Özünü “bildiyiniz yerdən” kimi təqdim edən şəxs cəmi bir-iki dəfə istifadə edilən elektron ünvanlara məktub göndərməklə nə demək istəyir? Yəni, mən hətta nə zamansa yaratdığınız və kimsənin xəbəri olmayan elektron ünvanlarınızı da bilirəm?
Hər halda, maraqlı məqamdır. Amma daha maraqlısı əziz dostum Fikrət Hüseynlinin münasibətidir. Fikrət bu məktubu şərh eləyib, deyib ki, “meşəyə gedən ayı ilə qarşılaşacağını göz önünə gətirməlidir. Biz də meşəyə gedəndə bunu nəzərə aldığımızdan, qorxusu yoxdur”.
Fikrət bunu Holladiyadan deyir, Avropanın göbəyində oturub, Bakıdakı meşəyə girməkdən və Anar Məmmədovun menyüsünə aid heyvanla rastlaşmağından danışır…
Ay səni xoşbəxt olasan, Fikrət, yaman güldürdün məni!


