Məhkəmələrə inam artırsa, bəs cinayətkarlıq niyə artır?

Hakimiyyətdə oturanların ağıl və məntiq sərhədlərini zorlayan açıqlamalarına vərdişkarıq. Biz belə açıqlamaları ifşa etməkdən yorulduq, onlar isə populist, cəfəng bəyanatlarına davam etməkdən nə yorulur, nə də utanırlar.

Əlbəttə, bu adamları başa düşmək olar, axı nəsə uydurub danışmalıdırlar. Amma ölkəni elə bir vəziyyətə gətiriblər ki, reallıq tamamilə əleyhlərinə işləyir, sözlərinin yalandan başqa bir şey olmadığını ortaya qoymaq üçün dəridən-qabıqdan çıxmağa ehtiyac qalmır. Onlar elə öz yalanlarındaca boğulacaqlar. Sadəcə, bir az geci-tezi var.
Bu günlərdə Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov Azərbaycanda məhkəmələrə inamın günbəgün artdığını dedi. Bu, son günlərin ən parlaq yalanlarından biridir və adamda acı gülüşdən başqa heç nə doğurmur.

***

Birincisi, Azərbaycanda vətəndaşların üzləşdikləri haqsızlıqlardan, özbaşınalıqlardan cana doyub üz tutduğu instansiyalar arasında məhkəmələr populyarlığına görə yəqin ən sonuncu yerdə gəlir. Ən azı birinci yerdə Heydər Əliyev Fondunun, ikinci yerdə Prezident Administrasiyasının gəldiyi şübhəsizdir. Elə isə Fuad Ələsgərov hansı haqla və üzlə məhkəmələrə inamdan danışır? Məhkəmələrə inam varsa, insanlar niyə statusu heç kimə bəlli olmayan bir fonda, yaxud ölkədəki cümlə pisliklərin ssenariləşdirildiyi bir Administrasiyaya üz tuturlar ki?

Keçənlərdə bir vətəndaş Ilham Əliyevə üst-üstə 1 kiloqramlıq şikayət məktubu yazdığını dedi. Gəl o vətəndaşdan soruşaq, bəs məhkəməyə də heç olmasa 1 qramlıq iddia ərizəsi yazıbmı? Əminəm ki, eşitdiyimiz cavab “yox” olacaq. Niyə? Çünki məhkəməyə inam bu ölkədə sıfıra bərabərdir. Orada hüququn deyil, hakimiyyətin iradəsinin üstün olduğu, hakimlərin pulla və sifarişlə işlədiyi hamıya məlumdur. Ona görə də insanlar məhkəmə hakimindənsə, məmləkətin hakiminə üz tutur. Hər kəs bilir ki, bu ölkədə yalnız onun kəsdiyi başa sorğu-sual yoxdur. Hər kəs bilir ki, qanunlar filfilodur, əsas olan Ilham Əliyevin iki dodağının arasından çıxan bir kəlmə sözdür.
Yəni Prezident Administrasiyasına göndərilən şikayətlər məhkəməyə etibarsızlığın nəticəsi olsa da, Ilham Əliyevin ədalətinə inamın nəticəsi deyil. Sadəcə, vətəndaş ayıqlığının nəticəsidir. Ölkədə hər şeyi kralın iradəsinin həll etdiyinə əminliyin nəticəsidir. 

***

Ikincisi, Azərbaycanda cinayətkarlıq özünün heç bir dövrdə olmadığı qədər çiçəklənmə dövrünü yaşayır. Kriminal xəbərlər informasiya bazarında ilk pilləyə oturub. Ölkədə ən ağlasığmaz qətllər baş verir. Məişət cinayətləri pik həddə çatıb. Indi Fuad Ələsgərov cavab verə bilərmi ki, insanların hüquqa güvəninin, məhkəməyə inamının, qanunin aliliyinə etimadının doğrudan da bərqərar olduğu bir ölkədə cinayətkarlıq niyə artan xətlə getməlidir? Niyə ən primitiv mübahisələr, problemlər üzündən amansız qətllər yaşanmalıdır? Niyə insanlar ailə üzvləri, qonşuları, qohumları, yerliləri yaxud hər hansı başqa biri ilə anlaşılmazlıqlarını məhkəmə yolu ilə deyil, balta, bıçaq, yaba, dəhrə, ov tüfəngi ilə həll etmək məcburiyyətində qalmalıdırlar?
Çünki Fuad Ələsgərov və onun təmsil olunduğu hakimiyyət gözünün içinədək yalan danışır. Bu ölkədə məhkəməyə inamın artması, hüquqa güvənin yüksəlməsi barədə bunların danışdıqları hər söz populizmdir, çürük qoz qədər qiymətsizdir.

Ölkədə hüquq gerçəkdən də işləsəydi, insanlar məhkəmələrə zərrəcə inam bəsləsəydi, biz Azərbaycan tarixinin ən kriminal, ən vahiməli günlərini yaşamazdıq. Əlbəttə, cinayətkarlığın kökü kəsilməzdi, yenə hansısa dəhşətli cinayətdən ürəyimiz parçalanardı, amma ən azından tükürpədici qətllər, insan faciələri, ailə dramları bu qədər adiləşməzdi. Hər xırda problemə görə insanlar bir-birinin qanına susamaz, ədaləti gedib yabanın ucunda, bıçağın tiyəsində, tüfəngin lüləsində aramazdılar. Nə özünün, nə də başqasının həyatını qaraltmazdılar.
Amma bunlar utanmadan məhkəməyə inamın artmasından danışırlar. Məhkəməyə inam artıbsa, məhkəmədə sadəcə, hüququn gücü hökmrandırsa, bəs onda Ilham Əliyev niyə hələ də azadlıqdadır?