aliyev-obama-kollaj

Əliyevlər ABŞ-dakı lobbi dayağını itirib

Mübarəkə lobbiçilik etmiş şirkət Azərbaycan iqtidarını necə pis vəziyyətə salıb?

“Biz  konkret rejimlərin deyil, ölkələrin maraqlarının müdafiəsinə  lobbiçilik edirik”

“Bu yaz Afrika və Yaxın Şərqin diktatorlarını hədəf almış ərəb inqilabları dalğası Azərbaycan hakimiyyətini Vaşinqtonda lobbi  saxlamaq siyasətindən çəkinməyə vadar edib. Belə ki, Bakı son vaxtlar  bu işə demək olar ki,  qəpik-quruş ayırır”. Bunu Vaşinqtonun lobbi  bazarına yaxından bələd olan mənbə “Turan”ın müxbirinə bildirib.
“Problem ondadır ki, Azərbaycan rəhbərliyindəki şəxslər əvvəldən ABŞ  lobbiçilərinin əhəmiyyətini yanlış interpretasiya edirdilər. Biz  konkret rejimlərin deyil, ölkələrin maraqlarının müdafiəsinə  lobbiçilik edirik”, – deyə mənbə vurğulayıb.

“Köhnə dostları” Misir inqilabı “yedi”

Luiziananın sabiq konqresmeni Bob Livinqstonun baçşılıq etdiyi The Livingston Group 2008-2009-cu illərdə Azərbaycanla bir neçə  lobbiçilik müqaviləsi bağlamışdı və bu barədə Bakı mətbuatı dəfələrlə yazıb. Livinqstonçular həm də 3 il idi ki, ABŞ paytaxtında Misirin Mübarək rejiminin lobbiçiliyini həyata keçirirdilər. Bu iş üçün Mübarək onlarla və digər bir neçə sabiq konqressmenlə ildə $1.1 milyonluq  müqavilə bağlamışdı.
Misirdəki hakimiyyət dəyişikliyindən sonra Livinqstonun bu ölkəyə  lobbiçiliyini davam etdirib-etdirmədiyi hələ tam məlum olmasa da, (2001-ci ildə lobbi təşkilatları ilə bağlanmış maliyyə müqavilələri  üzrə hesabat gələn ilin əvvəlində açıqlanacaq) bir şey məlumdur ki,  Azərbaycan artlıq bu şirkətlə əməkdaşlığını kəskin şəkildə azaldıb.

“Təzə dostlara” pul xərcəlməyə həvəs yoxdur

ABŞ Ədliyyə Departamentinin sənədlərinə əsasən, son aylar ərzində Azərbaycan hakimiyyəti yalnız Vaşinqtonun mərkəzindəki Patton Boggs şirkəti  ilə uzunmüddətli lobbiçilik müqaviləsi imzalayıb ki, onun da dəyəri  ayda cəmi 35 min dollardır (ildə təxminən 400 min).
Müqayisə üçün, təkcə 2008-2009-cu illərdə Azərbaycan Vaşinqtonda  lobbiçilyə 1,3 milyon dollardan artıq vəsait xərcləmişdi.
ABŞ-Azərbaycan münasibətlərində soyuqluğun hökm sürdüyü 2009-2010-cu  illərdə isə Azərbaycan hökuməti Vaşinqtonda lobbisiz keçinib.
Ədliyyə Departamentindəki qeydlərdə Patton Boggs-un Bakı ilə  əməkdaşlığının konkret detallarına rast gəlinməsə də, şirkət öz  saytında Azərbaycan rəsmilərinin bir sıra konqresmenlərlə görüşü,  ötən ay XİN başçısı Elmar Məmmədyarovun səfəri və digər hadisələri qeyd  edir.

Heydər Əliyevə ad günləri və Fərhad Əliyevə qarşı kampaniya

“Azərbaycanla müqayisədə Dağlıq Qarabağ erməniləri Vaşinqtonda daha  güclü lobbi dəstəyi ilə təmsil olunurlar”, –  deyə mənbə vurğulayıb.  Belə ki, onların maraqlarını güclü erməni diasporu və Konqresdəki  nümayəndələri müdafiə edir.
Əvvəlki illərdə Azərbaycan Vaşinqton lobbiçilərini Qarabağ  münaqişəsinə qismən cəlb edirdi. Məsələn, 2009-cu ildə bir neçə  konqresmen Livinqston Qrupunun səyləri nəticəsində Xocalı hadisələrini pisləyən bəyanatlar yaymışdılar. Amma ümumilikdə, Azərbaycan bu şirkətin xidmətlərindən daha çox hakim  ailənin  maraqları naminə – sabiq prezident Heydər Əliyevin ad gününün  ABŞ şəhərlərində qeyd olunması, keçmiş nazir Fərhad Əliyev və onun  qardaşının azad olunmasına dair Konqresdəki çağırıışların ört-basdır  edilməsi və bu kimi fəaliyyətlərdə bəhrələnməyə çalışıb.

***

“Lobbiçiliyin əhəmiyyəti Bakıda düzgün  anlaşılsa, Azərbaycan xalqı  nəinki bu işdən bəhrələnə, hətta bu işə  sərf olunan pulları başqa  yollarla geri ala bilər. Məsələn, məhz lobbinin səyləri nəticəsində  Misir rejimi hər il Konqresdən 1,3 milyard hərbi yardım almağa nail ola bilirdi – yəni, bu iş üçün xərclədiyi vəsaitdən 10 dəfə artıq götürürdü”, – deyə mənbə bildirib.