Əliyevə qonağından zərbə

Polşa prezidentinin bəyanatları rəsmi Bakını pis vəziyyətdə qoydu

Polşa prezidentinin Azərbaycan səfəri də Ilham Əliyevin gözlədiyi nəticəni vermədi. Bu dəfə də rəsmi Bakının uğursuz siyasəti sərt qayaya toxundu. Polşa rəhbərinin Ilham Əliyevlə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər aşkar şəkildə göstərdi ki, səfər “gözlənilən” nəticəni verməyib.
Qarabağ məsələsinin həllinə dair səslənən suala cavabında Bronislav Komorovski Azərbaycanın mövqeyini qəti dəstəklədiklərinə dair fikirlər səsləndirməkdən çəkinərək, həm də millətlərin öz müqəddəratını təyinetmə prinsipinin vacib olduğunu deyib: “Dağlıq Qarabağ məsələsinə gəldikdə, istərdik ki, Ermənistan və Azərbaycan arasındakı bu münaqişə sülh yolu ilə həll olunsun. Lakin bizim özümüzün mürəkkəb təcrübəmiz var. Biz bilirik ki, ərazi bütövlüyü məsələsi nə qədər vacibdir. Bu, müqəddəs məsələdir. Amma eyni zamanda, xalqların öz müqəddəratının təyin etməsi hüququ da vacibdir. Harada münaqişələr mövcuddur, bu prinsiplər təsdiq edilmişdir. Ən təhlükəlisi odur ki, kimsə coğrafiyadan, siyasi şəraitdən asılı olaraq, buna fərqli mövqedən yanaşıb”.
Ilham Əliyevin bu cür qeyri-müəyyən mənalı ifadələrdən hansı nəticəni çıxardığını demək çətindir. Fəqət aydındır ki, Ermənistan və Azərbaycana münasibətdə daha çox Azərbaycanın mövqeyini dəstəkləməli olan Polşanın bu cür tərəddüdlü mövqe tutması təbii ki, hakimiyyətin imici ilə bağlı məsələdir. Əgər Azərbaycanda demokratik sistem mövcud olsa, o zaman Qarabağ separatçılarının da, azad cəmiyyətdə yaşamaq haqqına dair tələb və arqumentləri qüvvədən düşmüş olar. Bu cür bəyanatların səslənməsinə də əsas olmaz. Indi Polşa kimi bir ölkənin rəhbəri Azərbaycandakı vəziyyəti necə görməzdən gələ bilər? Buna görə də birinci uğursuzluğun başlıca günahkarı elə Azərbaycanda bu cür siyasi sistemi quran indiki hakimiyyətin zirvəsidir.

Ziddiyyətli “həmfikirlilik”

Ilham Əliyev və Polşa prezidenti Bronislav Komorovskinin bəyanatlarında isə maraqlı ziddiyyətlər ortaya çıxıb. Ilham Əliyev deyib ki, Avropa Ittifaqı strukturları ilə əməkdaşlığın tərəfdarıdırlar və bu məsələnin müzakirəsində heç bir fikir ayrılığı olmayıb: “Bütövlükdə Avropa Ittifaqı-Azərbaycan əlaqələri bu gün geniş müzakirə edildi və bu məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Biz maraqlıyıq ki, bu əlaqələrə yeni təkan verilsin. Çünki bu əlaqələrin həm Avropa, həm də Azərbaycan üçün çox böyük əhəmiyyəti var və hazırda formalaşmaqda olan tərəfdaşlıq strateji xarakter daşıyır. Biz istəyirik ki, Avropa qurumları ilə tərəfdaşlıq əlaqələrimiz daha da inkişaf etsin”. Ilham Əliyev bu fikirləri ilə açıq demək istəyib ki, biz Avropa ilə eyni dəyərləri bölüşməyə deyil, alver etməyə hazırıq. Qeyd edim ki, bu cür təcrübə Iranla Avropa ölkələri, Çinlə ABŞ arasında mövcuddur. Hətta ayrı-ayrı siyasi formasiyalarda yaşayıb tərəfdaşlıq etmək də mümkündür.
Komorovski isə inteqrasiyadan danışıb və sanki, Ilham Əliyevin tezislərini “bombalayıb”. O, belə deyib: “Biz bilirik ki, sentyabrda Varşavada keçiriləcək sammitdə cənab prezident də iştirak edəcəkdir. Əslində, bu zirvə görüşü ”Şərq tərəfdaşlığı” proqramında iştirak edən dövlət başçılarının toplantısı olacaqdır. Mən demək istəyirəm ki, Polşa Azərbaycanın nailiyyətlərində maraqlıdır. Biz istərdik ki, Azərbaycan ilə Avropa Ittifaqı arasında assosiativ üzvlük sazişi haqqında danışıqlar uğurla keçsin. Çünki bizi eyni prinsiplər, eyni qaydalar bağlamalıdır”.
Birincisi, Ilham Əliyevlə Komorovskinin leksikonundakı başlıca ziddiyyət odur ki, Ilham Əliyev tərəfdaşlıqdan, ikinci isə inteqrasiyadan danışır. Azərbaycan rəhbəri ikitərəfli münasibətlərə işarə vurarkən, qonaq assosiasiya müqaviləsinin tezliklə bağlanmasından sevinəcəklərini deyir. Azərbaycan rəhbəri heç bir problemin olmadığına işarə vurur, amma Polşa rəhbəri “bizi eyni dəyərlər bağlamalıdır” bəyanatını verir. Yəni, hələ də ortaq dəyərlər problemi var. Göründüyü kimi, Avropa Ittifaqına hazırda sədrlik edən Polşa rəhbərinin Bakı səfəri bütün parametrlər üzrə Ilham Əliyev üçün uğursuz keçib. Başqa tərəfdən də rəsmi Bakı bir daha özünün antidemokratik mövqeyindən çəkilmək istəmədiyini göstərmiş olub. Bu isə istənilən halda Əliyev üçün yeni başağrısı deməkdir.

Seymur Həzi