Hakimiyyət qovduğu jurnalistdən obyektivlik tələb edir

Naxçıvanda minbir təzyiqlə üzləşən Mixael Lüdviq niyə qəzəbə tuş gəlib?

 

Bir müddət əvvəl reportaj hazırlamaq üçün Naxçıvana gedən və yerli rəhbərliyin ağlasığmaz təzyiqləri ilə üzləşən Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin Moskvadakı müxbir məntəqəsinin rəhbəri Mixael Lüdviqin muxtar respublikada başına gətirilənlərlə bağlı ötən saylarımızda məlumat vermişdik. Naxçıvanda qarabaqara izlənən jurnalist gördüklərindən dəhşətə gələrək səfərini yarımçıq qoymaq məcburiyyətində qalmışdı.
O bildirmişdi ki, yerli rəhbərlik onu faktiki olaraq jurnalist fəaliyyətini həyata keçirməyə imkan verməyib və hər addımı barədə onlara hesabat verməyi tələb edib. “Özünə hörmət edən jurnalist bu münasibətlə barışmaz” deyən əcnəbi jurnalist işini bitirmədən muxtar respublikanı tərk etmişdi. Sonradan M.Lüdviq Naxçıvandakı rejimlə bağlı sərt açıqlamalar da vermişdi.
Dünən məlum olub ki, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Lüdviqin çalışdığı “Frankfurter Allgemeine Zeitung”  qəzetinə etiraz məktubu göndərib. Səfir qəzetdə və onun internet səhifəsində M.Lüdviqin “Dağlıq Qarabağ – təhlükəli müdafiə xətləri” adlı məqaləsinə etiraz edib. Məktubda deyilir ki, məqalə birtərəfli, qərəzlidir və burada beynəlxalq hüquqa söykənməyən müddəalara, təhriflərə və əsaslı səhvlərə yol verilib. Səfir məqalədə yalnız erməni tərəfin fikirlərinin verildiyini bildirib, belə bir dərin münaqişə haqqında yazarkən digər tərəfin də mövqeyinin əks etdirilməsinin vacibliyini vurğulayıb.
P.Şahbazov məktubunda bildirib ki, məqalədə Ermənistanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, Azərbaycanın daha yeddi rayonunu işğal etməsi barədə məlumat yoxdur: “Ermənilər Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlı doğma yurdundan qovulub. Beynəlxalq birlik həmin vaxtdan etibarən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını və insanların öz yurd-yuvalarına geri qayıtmasını qeyd-şərtsiz tələb edir”.
Dağlıq Qarabağın tarixinə toxunan səfir diqqətə çatdırıb ki, bu ərazi təkcə sovetlər dövründə deyil, həmişə Azərbaycanın tərkibində olub: “Hətta Qarabağ xanlığının Rusiya çarlığına birləşdirilməsi haqqında müqavilə də azərbaycanlı Ibrahim Xəlil xanla Rusiya nümayəndəsi arasında imzalanıb”.
P.Şahbazov münaqişənin həlli istiqamətində gedən sülh danışıqlarına da toxunur və bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından məsələnin həlli mümkün olmur.
Səfirin tarixi həqiqətlərlə bağlı iradına heç bir sözümüz yoxdur. Məsələnin qəribə tərəfi odur ki, azərbaycanlı diplomat Lüdviqdən obyektivlik və qarşı tərəfin mövqeyini əks etdirməyi tələb edir. Halbuki Naxçıvan rəhbərliyinin timsalında Azərbaycan hökumətinin alman jurnalistə göstərdiyi münasibətdə ən azı, obyektivlikdən söhbət gedə bilməzdi. Muxtar respublikada gördüklərindən sonra Lüdviq qarşı tərəf – etibarlı mənbə olaraq Azərbaycan hökumətinə müraciət edə bilərdimi?..