Koroğludan nələr qaldı?
Məşhur xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara dünyanın bir çox ölkələrində rast gəlinir. Belə qalalar ölkəmizin ərazisindən başqa Türkiyə, Orta Asiya, Cənubi Azərbaycan və Cənubi Qafqazda da var. Azərbaycanda günümüzə gəlib çatan Koroğlu qalaları Şəmkir, Gədəbəy, Tovuz, Qazax rayonlarının ərazisindədir. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. O cümlədən, Koroğlu qalalarının özünəməxsus memarlıq xüsusiyyətləri var.
Şəmkir şəhəri yaxınlığındakı Koroğlu qalası hündür təpə üzərində, relyef xüsusiyyətləri nəzərə alınaraq yonulmuş daşlardan tikilmişdir. Qala sakinlərini yağış-qar suyu ilə təmin etmək üçün təpədə eni 30-40, dərinliyi 15-30 santimetr olan biri-biri ilə birləşdirilmiş çalalar qazılmışdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu gün qalanın yalnız xarabalıqlan qalmışdır.
Tovuz rayonunun ərazisində olan Koroğlu qalası Xatıncan kəndi ilə Qalabad kəndi arasında, çay sahilində, ən uca qaya üstündə tikilmişdir. Bu qala da çox dağıntıya məruz qaldığından, onun memarlıq quruluşunu aydınlaşdırmaq çətindir.
Zəyəm çayının sol sahilində yüksələn qala coğrafı mövqeyinə görə ətraf ərazi üzərində dominant idi. Qala ilə çay sahilinin arası enişdir və bu enişdə qədim yaşayış yerlərinin izləri gözə dəyir. Qalanın şimal tərəfi sıldırım qayalığa dirənir. Həmin qayalıq üstündə hörülən divarlar müdafiəyə tam yararlı şəkildə salınmışdır. Qərbdən Koroğlu qalasını sərt yamaclar, sıldırım qayalar dövrələyir. Qayalıq qalanın cənub tərəfində də davam edir. Onu dövrələyən sıldırım qayalar bir çox yerlərdə daş hörgü ilə möhkəmləndirilmişdir. Şimal hissədə qala divarlarının qalıqları da çoxdur. Bütün bunları nəzərə alaraq, qeyd etmək olar ki, Xatıncan kəndindəki Koroğlu qalasının təbii müdafiə imkanları çox yüksək olmuşdur. Qalanın içərisində daş hörgülü möhkəm divarlardan ibarət su hovuzu var. Həmçnin, təsərrüfat əhəmiyyəti olan quyulara da rast gəlmək mümkündür.
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində başqa bir Koroğlu qalası da var. Bu qalanın tikintisi daşdan aparıldığından, divar və bürclər qayaların dinamik biçimlərinə qaynayıb-qarışmış, təbii görünüş almışdır. Bəzi tarixi ədəbiyyatlarda qalanın gizli yolunun olduğu bildirilir.
Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə yerləşən eyni adlı qalaya da çox zaman Koroğlu qalası deyilir. Qala Irəvandan Qazağa səmtlənən qədim karvan yolunun qırağındadır. Bu qala dairə şəklindədir. Iri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda – 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Lakin divarların bəzi yerlərində mərtəbələrin örtüyünü təşkil etmiş taxtalar üçün oyuqlar qalmışdır. Güman edilir ki, qala təxminən VI-VII əsrlərdə inşa olunub. XX əsrin ortalarınadək bura ziyarətgah olub. Dəlican yolu tərəfə istiqamətlənən müşahidə dəlikləri tikintinin məhz müşahidə, gözətçi qalası olduğunu sübut edir. Analoji müşahidə qalaları Coqaz çayın sahilində və Cəfərli kəndinin yaxınlığında da var.
Qəhrəmanın adıyla bağlı zağa, dərə, qalaça, qaya
Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan olduqca əlverişli yerdədir. Qalanın qərb tərəfı sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar.
Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasında bunlarla bağlı müxtəlif əfsanələr mövcuddur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri namizədi Nadir Məmmədovun 1993-cü ildə çapdan çıxmış “Azərbaycanın yer adları” kitabında bununla əlaqədar çox maraqlı məlumatlar verilmişdir. Müəllif yazır: “Gədəbəy rayonu Dördlər kəndi yaxınlığında Koroğlu qayası var. Xalq içərisində rəvayətə görə, Koroğlu əvvəlcə həmin qayanın üstündə gəzib, buradan düşmənlərinin gəlib-gəlmədiyinə göz qoyurmuş. Eyni ərazidə Koroğlu yarğanı adı da qeydə alınmışdır. Söylənilən rəvayətə görə, bu, Koroğlunun qayadan Qıratın belindən sıçrayıb düşdükdən sonra keçdiyi yarğandır”.
Yaxın zamanlarda rayonun Koroğlu qalası deyilən ərazisində arxeoloji qazıntılar aparılmağa başlanıb. Aparılan qazıntılar zamanı qalanın içərisində iki gözdən ibarət gizli su anbarı, külək dəyirmanı, qoşa təndirxana və 5-6 yaşayış evi aşkarlanıb. Bundan başqa, tədqiqatlar zamanı qala ətrafında daha 40-a yaxın yaşayış evinin qalıqları da bəlli olub. Gəncə şəhərinin möhkəmləndirilməsinə xidmət edən bu qala feodal istehkamlarından biri olmaqla XII əsrdə inşa edilib. Institut əməkdaşlarının apardığı araşdırmalara görə, Koroğlu qalasının ətrafında daha iki qalaça var. Bunlar “Çavdu” adlanan sahədə yerləşir. Aparılan tədqiqatlar zamanı qalalardan birinin diametrinin 950 metr olduğu təsdiqlənib.
Gerçək xalq qəhrəmanı
Tarixi qaynaqlarda Koroğlunun tarixi şəxsiyyət olduğu qeyd olunur. Osmanlı dövləti ilə Səfəvilər arasında baş verən müharibələr XVI əsrin sonu-XVII əsrin əvvəllərində Cəlalilər hərəkatının baş verməsinə gətirib çıxarmışdır. XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başlanan Cəlalilər hərəkatı XVII əsrin əvvəllərində Azərbaycana və qonşu ərazilərə də yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulan müflisləşmiş kəndlilər və şəhər yoxsulları yerli hakim dairələrin üzərinə hücum edərək, onların var-dövlətini ələ keçirirdilər. Müxtəlif tayfalar içərisindən çıxmış cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Rəvayətə görə, Cənubi Azərbaycanın Salmas şəhəri yaxınlığındakı Xarabaqala Koroğlu tərəfindən ucaldılmışdır. Koroğlu dastanının bir çox variantlarında qəhrəmanın ən çox fəaliyyət göstərdiyi yerlər kimi Naxçıvan, o cümlədən Cənubi Azərbaycanın Salmas və Xoy əraziləri olduğu qeyd olunur. Həmçinin dastanlarda Koroğlunun məskəni olan Çənlibel qalasının Naxçıvanda və Makuda yerləşdiyi bildirilir.
Koroğlu haqqında ən maraqlı tarixi faktların Cənubi Azərbaycan ərazisində olduğu söylənir. Buradakı Azərbaycan türkləri arasında məşhur xalq qəhrəmanı ilə bağlı olduqca ilginc hekayətlər dolaşır. Koroğlunun müəyyən zaman kəsiyində burada yaşadığına dair əsas dəlillərdən biri qəhrəmanın adını daşıyan qaladır. Salmas şəhərinin şimal-qərbində Hüdər kəndində, Dərəlı çayın kənarında yerləşən Koroğlu qalası iki hissəyə bölünür – Ağ qala və Qara qala. Indi isə xalq arasında bu qalanın şimal tərəfi Oğlan qalası, qərb tərəfi isə Qız qalası adlanır.
Qaladan bir az aralıda daşdan yonulmuş bir mağara, bir üç hissəli mağara var və burada qalanın daşdan tikilmiş sığınacaqlarının izi qalır.
Səlmasdakı Koroğlu qalası Burada “Koroğlu” dastanında adı keçən bir sıra coğrafi adlara da rast gəlmək mümkündür. Məsələn, dastanda Üçtəpə adlanan yer Salmas şəhərinin qərbində olan təpənin adıdır. Bundan başqa, həmin qalanın yerləşdiyi Hüdər kəndində aşıqlar Koroğlunun hekayətlərini əzbərdən bilir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir