İP-lə əməkdaşlığı dərinləşdirməkdə maraqlıyıq

Qələndər Muxtarlı: «Azərbaycanın demokratikləşməsini, cəmiyyətin normallaşmasını istəyən qüvvələrin yanında olmaq istəyirik»

 

AMDP-nin (Boz Qurd) xələfi Azərbaycan Milliyyətçi Demokrat (Boz Qurd) Partiyası Ictimai Palata ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Partiyanın yenicə keçirilən qurultayında sədr seçilən Qələndər Muxtarlının sözlərinə görə, təşkilatları Azərbaycanın bütün problemlərinin həlli uğrunda mübarizə aparmaqda qərarlıdır. O sırada isə ilk növbədə Qarabağ və ölkənin demokratikləşməsi gəlir.
Hazırda Ictimai Palatada partiyalarının 5 üzvünün təmsil olunduğunu deyən Q.Muxtarlı vurğuladı ki, gələcəkdə bu təmsilçiliyin daha da artırılması planlaşdırılır: “Təşkilatımızda kifayət qədər təcrübəli kadrlar, keçmiş hərbçilər, polis işçiləri var. Düşünürəm ki, onların Ictimai Palatada təmsil olunmaları ümumi işin xeyrinə olacaq. Ictimai Palatanın irəli sürdüyü siyasi kurs, kriteriyalar bizim baxışlarımıza uyğundur. Ona görə biz əməkdaşlığın dərinləşdirilməsinə normal baxırıq”.
Gələcəkdə IP-də partiya olaraq təmsil olunmağa gəlincə, Q.Muxtarlının fikrincə, bu məqam daha çox gələcəyin işidir. Hələ ki, IP ilə əməkdaşlıqda fərdi üzvlüyə üstünlük verdiklərini deyən partiya sədri əlavə etdi ki, təşkilatın Siyasi Şurası IP-yə üzvlüklə bağlı qərar çıxararsa, bu məsələ müsbət həllini tapa bilər: “Ictimai Palatanın Koordinasiya Şurasında yenidən struktur təkmilləşdirilməsinin aparılması nəzərdə tutulub. Və biz buna uyğun olaraq fəaliyyətmizi quracağıq. Bizim partiya Azərbaycanın demokratikləşməsini, cəmiyyətin normallaşmasını istəyən qüvvələrin yanındadır.
Partiyanın IP-nin gələcəkdə keçirilən aksiyalarında fəal iştirakına gəlincə, Q.Muxtarlı bildirdi ki, IP-nin bundan əvvəlki aksiyalarında partiya üzvləri ayrılıqda qatılsalar da, ümumi iştirak olmayıb. Amma bundan sonra qəbul olunan qərarlar partiyada müzakirəyə çıxarılaraq, müvafiq qərarlar qəbul edələcək.

 

Xəyal