“Əsrin canisi” yeni dünya iddiasında imiş

Anders Breyvikin əsas hədəfi Türkiyə və müsəlman dünyası olub

Norveçin paytaxtı Osloda partlayış törədən və Utoya adasında gənclər düşərgəsinə hücum edən Anders Breyvikin ilk məhkəmə iclası keçirilib. İki terror aktı nəticəsində 100-ə yaxın insanın həyatına son qoyan Breyvik işi ilə bağlı məhkəmə dinləməsi 35 dəqiqə davam edib.
Breyvikin vəkili onun hər iki hadisəni törətdiyini etiraf lakin cinayət törətdiyini inkar etdiyini söyləyib. O, vəkilinə hadisələrin dəhşətli olduğunu, ancaq Norveç cəmiyyətində inqilab etmək üçün bunun zəruri olduğunu bildirib. vacib olduğunu deyib. Vəkil Lippestad keçirilən mətbuat konfransında bildirib ki, Breyvikin xəstə olduğunu etiraf edib-etməyəcəyini söyləmək hələ tezdir.
“Əsrin canisi” adını alan Anders Breyvikin 1500 səhifəlik manifestində qələmə aldığı bəzi maraqlı detallar yayımlanıb. O, öz dizaynı ilə hazırladığı “Yeni Avropa və Yaxın Şərq” adlı xəritəsində müasir “səlib cəngavərləri”nin Avropada üstünlüyü ələ keçirməsindən sonra nələr edəcəklərini yazıb. Xəyalındakı Türkiyəyə yalnız Antaliya bölgəsini verən cani İstanbul daxil olmaqla Qərbi Anadolunu Yunanıstana, şərq və cənub bölgələrini Ermənistana qatır.

Breyvik “Yeni Avropa” inşa edilərkən Türklərin Anadoluya qovulması təklifini irəli sürür və vurğulayır ki, NATO daha da güclü olmaq istəyirsə Rusiyanı təşkilata üzv qəbul edib, Türkiyəni alyansdan uzaqlaşdırsın. Bundan başqa Albaniyanı Yunanıstan, Xorvatiya və Serbiya arasında bölüşdürən “əsrin canisi” bütün müsəlmanları gəmilərə toplayaraq Anadolu ərazisinə sürgün etməyi düşünürmüş.

Anders Breyvik 1500 səhifəlik gündəliyində Yaponiyanı müasir ölkə kimi təqdim edir. Breyvik Yaponiyanı ölkəyə fərqli mədəniyyətlərdən insan axınını əngəlləyən, müsəlmanların köç etməsinə icazə verməyən ölkə olaraq vurğulayır. O, Yaponiyanın keçmiş baş naziri Taro Asonun ünvanına təriflər yağdırıb. Onun fikrincə, Aso “bir millət, tək sivilizasiya, tək dil, tək mədəniyyət və tək irq” düşüncəsində sadiq qalıb.

“Əsrin canisi”nin ölüm siyahısında siyasilərdən başqa tanınmış yazıçı, jurnalist və ədəbiyyat professorlarının da adının olduğu ortaya çıxıb. O, gündəliyində yazdığına görə,
bir çox Qərb yazıçıları “xəyanətkar” mövqe tutublar. Multikulturalizm, siyasi korrektlik, başqa din və xalqları təmsil edən miqrantlara tolerantlıq göstərmək mövqeyində dayanırlar.

Qətlləri törətməkdən əvvəl yazdığı və “2083: Avropanın Müstəqillik Bəyannaməsi” adlandırıdığı 1500 səhifəlik manifestində Breyvik Norveçdə təşkil edilən, yazıçıların, jurnalistlərin toplaşdığı beynəlxalq konfranslları və festivalları hədəfə almaq planlarını açıqlayır.

O adətən otellərdə keçirilən jurnalist konfranslarında təhlükəsizlik tədbirlərinin ya zəif olması, ya da ümumiyyətlə olmamasına diqqət çəkir. Dünyanın hər yerindən həmin toplanrtılara gələn tanınmış yazarların “əla hədəf” oluduğunu bildirir. “Əsrin canisi” Norveçdə keçirilən ədəbiyyat festivallarına “marksist, eləcə də xəyanətkar burjua yazıçı elitasının” da gəldiyini, həmin festivallarda iştirak edənlərin 90 faizinin multikulturalizmi dəstəklədiyini, bu ideyanı əsərləri ilə yaydığını yazır.

Breyvik həmin jurnalist və yazıçıları “A və B kateqoriyalı xəyanətkarlar” adlandırır. O bildirir ki, belələri onun gələcəkdə baş verəcəyinə inandığı inqilab zamanı edam ediləcək. Manifest müəllifi sözügedən yazarların öz məqalələri və əsərləri ilə Norveçdə və ümumilikdə Avropada “mədəni və demoqrafik soyqırımı”na xidmət etdiklərini iddia eləyir. Manifestin bir neçə səhifəsində mədəni marksizmin tanınmış nümayəndələri olan intellektuallar, o cümlədən  Corc Lukas, Antonio Qramşi, Vilhelm Reyx, Erik From, Herbert Markes və Teodor Adornoni sərt tənqid edir.