Ekspertlər üç məsələnin həllini vacib sayır
Iyulun 27-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edəcək. Xatırladaq ki, ötən ilin oktyabr ayından bəri bir neçə dəfə Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. Bu dəfəki səfər zamanı iki ölkə arasında həllini tapmamış bir neçə məsələnin müzakirə ediləcəyi gözlənilir. Bunlar qaz anlaşması və viza rejiminin aradan qaldırılmasıdır. Bu günlərdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Türkiyə ilə viza probleminin həllini tapmamasına səbəb kimi Iran amilini göstərib. Ərdoğanın səfəri zamanı bu məsələlər həllini tapacaqmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan-Türkiyə münasibətlərində hazırda üç gündəm mövzusunun olduğunu deyir. Ərdoğanın Bakı səfərinin məhsuldar keçməsi üçün bu məsələlər həllini tapmalıdır.
Ekspertin fikrincə, Türkiyə baş naziri məsələlərin həllinə nail olmağa, ən yaxşı halda isə anlaşmaya imza atmağa gəlir: “Həllini gözləyən mövzulardan biri Azərbaycanla Türkiyə arasında qaz anlaşmasıdır. Məsələnin həlli yubanır. Bu günlərdə ARDNŞ-nin vitse-prezidenti açıqlama verdi ki, anlaşmanın həllini yubadan müəyyən həm xırda, həm də konseptual məsələlər var. Inanmıram ki, Azərbaycan qısa müddətdə bu məsələlərin həllinə hazır olsun”.
Ekspert ötən il Ilham Əliyevin Istanbul səfəri zamanı imzaladığı Strateji Şuranın yaradılmasına dair sənəddə əks olunan məqamların da həllini gözlədiyini deyir: “Anlaşmanın başlıca şərtinə görə, şuranın hərbi, siyasi, iqtisadi, mədəni sahələrdə komitələri formalaşdırılmalıdır ki, iki ölkə arasında münasibətlər daha da dərinləşsin. Ancaq rəsmi Bakı bu məsələyə çox həvəsli yanaşmadı və onun həlli də uzandı. Bu məsələdə irəliləyişin əldə olunmasına dair bir informasiya yoxdur”.
Ekspert viza məsələsinin daha ağrılı olduğunu və onun həlli istiqamətində real addımların atılmasının vacibliyini qeyd etdi: “Hələlik viza məsələsində irəliləyiş yoxdur. Azərbaycan rəsmiləri bunu texniki problemlərlə əlaqələndirir. Bir neçə gün öncə Əli Həsənov açıqlama verdi ki, Iran amilinə görə Azərbaycan Türkiyə ilə viza məsələsini həll edə bilmir. Belə çıxır ki, Iranın təhdidinə görə strateji müttəfiqimizlə aramızda olan məsələləri həll edə bilmirik. Burda da belə göründü ki, Azərbaycan hələ irəliyə addım atmağa hazır deyil”.
E.Şahinoğlunun fikrincə, rəsmi Bakı bu istiqamətlər üzrə irəliləyiş əldə etməsə, masa üzərinə konkret sənəd qoyulmasa, Ərdoğanın Bakıya səfərindən ciddi nəticə gözləməyə dəyməz. Uzaq başı konkret tarix göstərmək məcburiyyətində qalacaqlar.
Politoloq Vəfa Quluzadə isə Ərdoğanın səfəri zamanı əsasən qaz məsələsinin müzakirə olunacağını deyir. Çünki viza məsələsində hələlik heç bir irəliləyiş yoxdur. Ərdoğanın gəlişindən əvvəl bununla bağlı verilən bəyanatlar, rəylər tam qaranlıqdır.
Ekspertin fikrincə, iki ölkə arasında qaz məsələsinə dair anlaşmanın olacağını da demək çətindir.
Fizzə