Prezidentlə bir gündə Xızı dağlarına doğru

Xızıya ara-sıra, xüsusilə yay aylarında səfərlərim olanda sanki yenidən dünyaya gəlirəm. Xızı mənə təkcə ona görə əziz deyil ki, orda dünyaya gəlmişəm, uşaqlığımın ən şirin xatirələri onun kənd-kəsəyi, dağları ilə bağlıdır. Xızını ona görə çox sevirəm ki, ora dahi dramaturq Cəfər Cabbarlının, cəsur şair Mikayıl Müşfiqin yurdudur. Iyulun 19-u Bakıdan Xızıya növbəti səfərim var idi. Amma bu dəfəki yolçuluq anamdan əmdiyim südü piltə-piltə burnumdan gətirdi: səhər tezdən yol qırağına düzülən polislər prezidentin seyrə çıxacağından xəbər verirdi. Səhərin gözü açılmamış ayaqüstə, dimdik dayanan polislər günorta saatlarında artıq yerə uzanıb, bekarçılıqdan ana təbiətin qoynunda özlərini  yerə sürtürdülər. Neyləsinlər, yenicə geydikləri polis formasını bəs nə yolla sıradan çıxartsınlar? Polis forması üçün də dövlətdən pul qopartmağın bir yolu olmalıdır ya yox: ən salamatı yerdə uzanmaq, divarlara sürtünməkdir…

Ilham Əliyev tez-tez Xızı dağlarına doğru səfər etsə də (ermənilərin qorxusundan Qarabağ tərəfə kim gedir ki?) ilk dəfə idi prezidentlə eyni gündə, eyni yola çıxırdım. Və bəlkə də, ömrümdə ilk dəfə idi ki, yaşadığımız ölkənin əcaibliyini, prezidentin eqoistliyini belə yaxından görürdüm. Bakıdan Xızıya kimi, yolun iki tərəfi ilə hər 10-15 metrdən bir düzülən polislərə, iki-üç kilometrdən bir dayanan polis maşınlarına və onun içindəki 3-4 polisə ayrılan vəsaiti hesablasaq 2-3 təyyarənin, helikopterin parası edər. Elə isə niyə prezident səfərlərə hava ilə deyil, yerlə gedir? Yəqin, təyyarənin arxasıyca qaçmağı bacaran, buludların üstü ilə tullana bilən cangüdənlərimiz, ən əsası isə milli pilotumuz yoxdur. Hər dəfə prezident ayağını sarayından kənara qoyanda yollar boyu düzülən polislər “ora yox, bura, bura yox, ora” əmrləri, işarələri ilə işə, evə, istirahətə gedən insanların əsəblərini tarıma çəkirlər. Adamlar maşınlarının deyil, əsəblərinin qazına basıb qəza törədirlər. Iyulun 19-da yeni salınan Bakı-Quba yolunda iki ağır yol qəzasının şahidi oldum: Sumqayıtın çıxışında iki yük maşını, iki-üç kilometr sonra isə iki avtomobil toqquşmuşdu: əzik maşınlar, ağlayıb-sızlayan adamlar yolun ortasında qalmışdılar. Əgər həmin hadisə prezidentin keçəcəyi yolda baş versəydi, çoxdan qanlı yolu polislər şampunla yuyub, papaqları ilə qurutmuşdular.

Yol yoldaşım danışırdı ki, bir dəfə Siyəzən yolunda avtomobil qəzasında bir qız ölmüşdü. Polislər anasına imkan vermədilər ki, ana can verən övladını qucaqlasın. Tez-tələsik meyiti, əzik maşını, göz yaşı içində olan qohum-əqrəbanı ordan uzaqlaşdırdılar. Yoldakı qanı yudular, axı bir azdan prezident o yoldan keçəcəkdi. Əcəba, görəsən Ilham Əliyev bilir ki, o, hər dəfə səfərə çıxanda getdiyi yollarda faciələr baş verir, ah-nalə göyə qalxır? Həmin gün adamlar babaloqu olmayan yeni söyüşlər, nənəloqu olmayan yeni qarğışlar edirlər. Ağır kisəni çiyninə alıb yolun o biri tərəfinə keçən qadının qarğışını ilk dəfə idi eşidirdim: “Sizi görüm, şəkliniz qalsın”.

Iyulun 19-u saytlara aşağıdakı məzmunda xəbərlər yerləşdirildi: “Dövlətimizin başçısı Xızı şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoydu”. Bəs Cəfər Cabbarlının, Mikayıl Müşfiqin ev muzeyini prezident niyə ziyarət etməyib? Adamlar haqsızlığa vərdişkardır, bəs Xızı dağları bu rəzalətə necə dözdü? Onsuz da hər yerdə Heydər Əliyevin eyni pozada – ayaqüstə olan heykəlləri qoyulur,  hər yerdə onun adına salınan parklarda eyni ağaclar, kollar əkilir. Daha bunun üçün Bakıdan basabasa Xızıya getməyə, camaatı zəlil günə qoymağa dəyərmi? Bu hakimiyyət Qarabağ məsələsini ancaq bir yolla həll edəcək: ermənilər işgal olunan rayonlarda Heydər Əliyevə heykəl qoysun, bəsdir. Əsas heykəldir! Guya Qazaxdan Xızıya kimi qoyulan heykəlləri vətənpərvərlər, millətsevərlər qoyub? Hamı bilir ki, ölkəmizdəki ən böyük cinayətkarlar heykəllərin arxasında gizlənir…

P.S. Səmimi olmaq lazımdır: yaxşı olar, Ilham Əliyev etiraf etsin ki, Xızıya heykəl, park açılışına getmək hay-küyü bəhanə idi. Əslində, o, təmiz hava almaq, sərin bulaq başında kabab yemək üçün Xızıya gedib, elə mən də…