Faiq Ağayevlə Zaur Baxşəliyevin döyülməsi ilə bağlı yeni təfərrüatlar
ATV telekanalında yayımlanan “Tanıdım səni” layihəsinin Masallı rayonunda baş tutan çəkilişləri zamanı proqramın aparıcısı Zaur Baxşəliyev və münsiflər heyətində təmsil olunan estrada ulduzu Faiq Ağayevin döyülməsi barədə yeni məlumatlar almışıq.
Məlumatlarda deyilir ki, insident həmin gün Ağdamın işğalı günü olması üzündən baş verib. Masallı sakinləri belə bir gündə rayonda şou təşkil edilməsini narazılıqla qarşılayıb. Faiq Ağayevin mühafizəçisinin övladını yarışmaya gətirən sakinlərdən birinə kobudluq etməsi isə narazıları daha da hiddətləndirib. Beləliklə də, qarşıdurma yaranıb. Xatırladaq ki, bu insident nəticəsində Zaur Baxşəliyevlə Faiq Ağayevin döyüldüyü, ikincinin mühafizəçisinin bıçaqlandığı bildirilirdi. Lakin “Azadlıq”a daxil olan xəbərlərdə bıçaqlama faktı təsdiqini tapmayıb.
Məlumatda, həmçinin bildirilir ki, insidentə görə 30 nəfər polis tərəfindən saxlanılıb. Onlardan 26 nəfəri “xəbərdarlıq” edilməklə sərbəst buraxılıb. 4 nəfərə gəlincə, qəzetimiz çapa gedən ana qədər onlar polis şöbəsində saxlanılıb. Dünən gün ərzində Masallı polisi ilə əlaqə saxlayaraq saxlanılan şəxslərlə bağlı məlumat almaq istəsək də, səylərimiz nəticə vermədi.
Faiq Ağayev isə “Trend”ə açıqlamasında yayılan xəbərlərin yalan olduğunu iddia edib: “Yayılan bu xəbər bütünlüklə yalan və cəfəngiyatdır. Həqiqətə heç bir yaxınlığı yoxdur. Veriliş yaxın günlərdə efirdə də nümayiş olunacaq. Və bu ağ yalanı yayan insanların lap ağını çıxardıqlarının şahidi olacaqsınız”.