Ilham Əliyev və turnik

Bu yaxınlarda Ilham Əliyevin turnikdə dartınması haqqında kadrları göstərdilər hakimiyyət telekanalları. Bəli, biz ondan öz ədalətini göstərməsini istəyirdik, amma o yenə də bizə öz gücünü göstərdi. Ki, əslində bu da çox yerində idi: bu rejim ağlın gücünə deyil, qolun gücünə güvənən bir rejimdir.
Ilham Əliyev ildə bir dəfə gedib Kosayla yumurta döyüşdürür və qalib gəlir, özünü çox məmnun, xoşbəxt hiss edir, amma onunla söz güləşdirən alimə əsəbləri dözmür, dərhal iclasdan qovur. Bilir ki, bu döyüş artıq başqa döyüşdür, sonunda mütləq məğlub olacaq. Bilir ki, onun meydanı zor meydanıdır, zəka meydanı deyil.

***

Ilham Əliyev və onun hakimiyyətinin idmana diqqət və qayğısı məqsədlidir, təmənnalıdır. Bu diqqət və qayğının arxasında heç də “sağlam bədəndə sağlam ruh olar” devizi yatmır. Min dəfə yazmışıq, min birinci dəfə yazmaqda da fayda var: idman bu hakimiyyət üçün sadəcə və sadəcə, qoluzorlular, qoçular yetişdirmək və bir az çətinə düşən kimi onları xalqın üzərinə göndərmək üçün bir vasitədir.

Ilham Əliyevin idman siyasəti həm də onu sübut etdi ki, sağlam bədəndə sağlam ruhun olması barədə deyilənlər mifdən, uydurmadan, filfilodan başqa bir şey deyilmiş. Əslində, mənim hələ çox əvvəldən bu devizdən zəhləm gedib. Axmaq devizdir. Və ən azı fiziki cəhətdən şikəst, əlil olan insanları təhqir etməkdir. Belə çıxır ki, sağlam bədəndə sağlam ruh olarsa, şikəst, xəstə bədəndə də şikəst, xəstə ruh olar, eləmi? Bu cür münasibət, əlbəttə, yolverilməzdir, bağışlanılmazdır.

Ikincisi, bu hakimiyyətin iri, qüvvətli əzələləri, geniş kürəyi, bükülməz qolu olan minlərcə gənc qoçusu var. Onlar qışın soyuğunda dənizə baş vurur, sıldırım qayaları tövşümədən dırmaşırlar. Istəsələr, Qaraca Çoban kimi ağacı kökündən çıxarar, Fərhad kimi dağları yararlar. Dişləri ilə qatarı dartar, başları ilə kərpic sındırarlar. Bədəncə polad kimi möhkəm, turp kimi sağlamdılar. Bəs hanı onların sağlam ruhu? Niyə mitinqlərdə, piketlərdə qoca, qadın, uşaq demədən qarşılarına çıxanı əzib keçir, təhqir edir, ən ürəkbulandıran söyüşlərlə aşağılayır, alçaldırlar, amma bundan zərrəcə utanmır, xəcalət hissi keçirmirlər? Sağlam ruhu olan adam da öz haqları uğrunda mübarizə aparan insanın dişlərini qarnına tökərmi? Gücsüzün deyil, güclünün yanında dayanarmı?

Əzilənin deyil, əzənin tərəfini tutarmı?

Ilham Əliyevin idman siyasətinin məhsulu olanlar bir qayda olaraq sonradan mütləq xalqının qəniminə çevrilirlər. Onlar idmançı kimi yox, qoçu kimi yetişirlər. Bəli, onlar hansısa beynəlxalq yarışda Azərbaycanın bayrağını ucalda bilərlər, amma ertəsi gün də mitinq dağıtmağa çıxıb Azərbaycan bayrağını ayaqlarının altında tapdaya bilərlər və vicdanları belə, sızlamaz.
Siz baxmayın bunların idmanın inkişafı haqqında ağızlarına çullu dovşan sığmaya-sığmaya üyüdüb-tökdülərinə… Siz ona baxın ki, illərdir futbola ətək-ətək pul töksələr də, topa doğru-dürüst zərbə vura bilən bir nəfər də futbolçu ortaya çıxarmağa qabiliyyətləri yetmədiyi halda, az qala hər gün xalqı ayağının ucunda top kimi oynada bilən yeni bir Ata Abdullayev yetişdirib ortaya çıxara bilirlər.

***

Bəli, biz indiyədək Ilham Əliyevi heç vaxt bir kitabın üzünü açan yerdə görmədik. Qəzet oxuyan, jurnal vərəqləyən yerdə də görmədik.
Amma indi onu bizə turnikdə dartınarkən göstərdilər. Ədalətini deyil, gücünü göstərdilər.
Demək ki, əzələləri ilə əzəmətli görünməyin 21-ci əsrdə necə çağdışı, necə zamanın ruhuna aykırı bir davranış olduğunun fərqinə varmayacaq qədər xəstə bir ruha sahibdir bunlar.
Allah şəfalarını versin!