Bu günü yazımda yenə “Özgələr günü” elan etdim. Özgələrin fikirlərini toplayıb bir yazıya çevirdim. Özgə deyəndə, şəxsən mənə yad deyillər, bizimkilərdir…
Həbib Müntəzir (Berlin):
Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 120000 erməni, cəmi 38000 türk var!
Ayaz Əhmədov (“Azadlıq” radiosu):
Balaca Norveçin demokratiyası bərkidi. Norveçlilər özləri haqda “Balaca millət”, “Balaca Norveç” təbirini tez-tez işlədirlər və bu zaman əhalinin sayını nəzərdə tuturlar. Ərazisi xəritədə böyük görünsə də, Norveçin əhalisi həqiqətən də azdır – təqribən 4,5 milyon. 2011-ci il iyulun 22-də balaca Norveç xalqı ÿböyük bir fəlakətlə üz-üzə gəldi.
…Amma faciə nə qədər böyük olsa da, itkilər nə qədər ağır olsa da, Norveçdə oturuşmuş demokratiya daha da gücləndi. Çünki inqilab arzusunda olan Breivik, əslində ekstremistlərə ölümcül zərbə vurdu. Hadisədən dərhal sonra Isveç jurnalistinin sualından qıcıqlanan Tərəqqi Partiyasının sədri Siv Censen dedi ki, Breiviki Tərəqqi partiyasına aid etmək, elə onun törətdiyi cinayət qədər alçaq bir hərəkətdir.
Balaca Norveç dərhal öz ÿqəzəb səsini ucaltdı – Breivikin cinayətinin bərabəri ola bilməz!
Xaqani Hass (“Sabit təqvim” şeiri):
Hər şey dünənki kimidir
Dünən də srağagünkü kimiydi,
Srağagün də əvvəlki günkü kimi – Sabitlik!
Bu gün cəbhə bölgəsində
Vəziyyət sabit ağır olaraq qalır
Dünən də beləydi, srağa gün də
Ondan əvvəlki gün də – Sabitlik!
Bu gündə dünənin üfunəti var
Qonşuda Ismayıl kişi
On dörd ildir, ölmür – Sabitlik!
Bu gün külək əsir,
Dünən də əsirdi, srağagün də
Bakı qədimdən bəri küləklər şəhəridir
Neçə əsrdi ki, əsir – Sabitlik!
Ölkənin prezidenti Əliyevdir
Dünən də Əliyev idi, srağa gün də
Ondan əvvəlki gün də – Sabitlik!
Sabahımız dünəndən gəlib
Cırın bütün təqvimləri!
Seymur Baycan (“Don Kixot” essesi):
Naqis adamlar dövrlərini lağa qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Şərə qulluq edənlər, başdan-başa çirkab içərisində olanlar təmiz adamların ən kiçik səhvlərini belə, bağışlamırlar.
Dəmir əl axtaranlar da Elçibəyin təmizliyinə, sadəlövhlüyünə, təvazökarlığına gülürdülər. Bəziləri – Elçibəyin evinin olmamasını Elçibəyə qarşı arqumentə çevirmişdilər. Onlar “evi olmayan adam bizə nə gün ağlayacaq?” deyirdilər. Tacir təfəkkürlü bu əxlaqsızlar üçün prezidentin evinin olmaması ən böyük nöqsan idi. Bəziləri isə “təmiz adamdır, amma ondan prezident olmaz” deyirdilər. Elçibəy isə bütün bu təhqirlərə, şəbədələrə, şərlərə mərdliklə dözürdü. Çünki Don Kixot kəndli qızı Dulsineyanı özünə uğur ilahəsi seçdiyi kimi, Elçibəy də Azərbaycan xalqının, əslində, gözəl, nəcibətli, təmiz olduğuna inanırdı. Don Kixot Dulsineyanın cadugərlər tərəfindən tilsimə salındığına inanırdı. O, deyirdi: “Onu eybəcər hala saldınız. Ona cır-cındır geyindirdiniz. Heç olmasa, onun ətrinə toxunmayaydınız”.
Don Kixot sona qədər öz uğur ilahəsinə sadiq qaldı. Hətta Dulsineyanın ağzından sarımsaq iyi gəlməsinin də günahının tilsimdə olduğuna inandı…
Elçibəy nə qədər təhqir olunsa da, O, xalqın namını heç vaxt vermədi. Onun xoş cəhətlərini üzünə qəbahət kimi deyənlərə axıra qədər dözdü…