Avropa Məhkəməsi Azərbaycanı 40 min avro cərimələdi

Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Rauf Arifoğlunun hər birinə 10 min avro ödənməlidir

Avropa Insan Hüquqları Məhkəməsi 2003-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkisindən sonra həbs edilmiş Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, keçmiş baş nazir Pənah Hüseyn və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu haqda qərarını açıqlayıb.
Adıçəkilən şəxslər 2005-ci ilin martında azadlığa çıxıblar. Onlar Avropa Məhkəməsinə Azərbaycan hökumətinin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) müddəalarını pozmasından şikayət ediblər. Şikayətlər eyni xarakterli olduğuna görə Avropa Məhkəməsi onları birləşdirib və qərarını eyni vaxtda açıqlayıb.
Avropa Məhkəməsi Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Rauf Arifoğlunun məhkum olunmasını qanunsuz sayıb və onların məruz qaldığı ədalətsizliyə görə Azərbaycan dövlətini ümumilikdə 40 min avro cərimələyib. Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro maddi təzminat ödəməlidir.