Norveçin sirri

Qanlı xəbərdən kədərə qərq olduq

Norveçdəki qanlı terror aksiyası, 100-ə qədər insanın ölümü məni də eynən norveçlilər kimi sarsıtdı. Bu ölkəni çox sevirəm. Heç bilmirəm norveçlilərə, norveçli dostlarıma necə təsəlli verim. Bilmirəm onların kədərini necə bölüşmək olar…

Jurnalist fəaliyyətim dövründə Norveç haqqında çox yazmışam. Bu ölkənin ədalətindən, onun insan haqlarına sayğısından, rifahından nümunələr gətirməkdən yorulmamışam. Oxumaq, eşitmək bir yana, nəhayət gedib öz gözlərimlə də gördüm. Elə ötən ay paytaxt Osloda həmkarımız Zamin Hacıya verilən “Söz Azadlığ”ı mükafatının təqdimatında iştirak etdik. Zamin bəy kimi bir yazara bu ölkədə mükafat verilməsi də Norveçin üstünlüyüdür. Norveç yaxşını pisdən ayıran bir ölkədir.

Mən orada azərbaycanlıların haqqı üçün öz ölkəsinin insanları, nazirləri, rəsmiləri ilə qızğın dartışmalar edən, doğma ölkəsini ittiham edən adamlar görmüşəm. Orada yaşayan azərbaycanlıların dedikləri sözlərdir: onlar öz məmurlarının gözlərini çıxarırlar ki, Azərbaycanda insan haqlarının qorunmasına, Azərbaycan xalqının rifahına kömək etsinlər. Norveç şahzadəsi Bakıya gələrkən bir həftə TV-lərin gündəmi Azərbaycan olub. Oradakı soydaşlarımız deyir ki, son 10 ildə belə qızğın debatlar olmayıb. Vətəndaş cəmiyyəti fəalları şahzadədən və hökumətdən Azərbaycan xalqının maraqlarını və haqlarını uca tutmağı tələb ediblər. Nəticəni də gördünüz, həmin səfər zamanı xarici işlər nazirinin müavini Elmar Hüseynovun qəbrini ziyarət etdi.

Son illərdə Osloda yeni qeyri-adi opera binası tikiblər. Binanın əsas zalı dənizin altındadır. Biz bu binaya heyrətlə baxırdıq. Bir norveçli jurnalist isə dedi ki, bu binanın pulunu “Statoyl” Bakı neftindən qazanıb, amma onlar Azərbaycanda insan haqlarının pozulmasına etiraz etmir. Bax, Norveç belə insanların ölkəsidir. O, böyük insan Steynar Gilin ölkəsidir, Azərbaycanın haqqı uğrunda fədakarlıq edən jurnalist Erling Borgenin vətənidir. Orada Azərbaycanı çox sevən insanlar var: Norveç Helsinki Komitəsinin rəhbəri Berit Linderman və “Insan Haqları Evi”nin meneceri Anna Bonde, “Söz azadlığı” Fondunun nümayəndəsi Benit Roalsviq və s.

Indi bu insanlar və bütünlükdə onların ölkəsi çox kədərlidir, amma ona da əminəm ki, bu gözəl ölkə ağır günləri arxada qoyaraq, dünyadakı özünəməxsus üstünlüyünü saxlayacaq, insanların Yer üzərində qurduğu cənnət kimi başqalarına bir nümunə sayılacaq. Inanıram ki, biz bu ölkəni həmişə sevinc içində görəcəyik, onun uğurlarına həmişə sevinəcəyik, onu həmişə sevəcəyik. Bu ağır günlər hökmən arxada qalacaq…

Çox istərdim ki, bizim insanlar bu ölkənin bütün dünya üçün dəyərini anlasınlar, onun sirrini – uğurunun reseptini bilsinlər. Bəli, Norveç bir siyasi və hərbi derjava deyil. Güc mərkəzi də deyil dünyada. O, ixtiraların, texnologiyaların mərkəzi də deyil. Keçdiyi tarixi yola görə də Norveç Avropanın və dünyanın bir çox ölkələri qarşısında nə ilə isə öyünəsi deyil. Amma bu ölkə bir Azadlıq Modelidir. Onu dünyanın ən rifahlı ölkəsi edən zəngin nefti də deyil. Bu ölkə azadlıqların qorunması ilə hər şeyə nail olub. Dünyada çox neft ölkələri var, lakin heç biri Norveçin nail olduqlarına çata bilmir, çünki onun kimi azadlıq ölkəsi deyillər.

Bu ölkə Norveç Krallığı adlanır. Amma əsl respublikadır. Bizim ölkədə isə tərsinədir, respublika adlanır, amma əsl krallıqdır. Norveçin sirri budur. Azadlığa bağlı adi sirri var bu ölkənin. Hər zaman sevincə haqq edən bu azadlıq ölkəsinin dərdinə şərik oluruq.