Əliyev necə bağışlasın?

Sahib Kərimov aprel aksiyaları üzrə qondarma prosesə qiymət verib. AXCP sədrinin həbsdə olan müşaviri deyib ki, bu “avtoşou”dur.

Sahib bəyi biz 2005-ci ilin izdihamlı mitinqlərinin aparıcısı kimi xatırlayırıq. Amma mənim özəl xatirələrim 90-cı illərin gənclik hərəkatı ilə bağlıdır. Onun taşkilatçılıq qabiliyyəti, siyasi prosesləri öncədən qiymətləndirmək imkanları hər zaman yüksək səviyyədə olub. Sahibin hakimiyyətin avtobus qapısı üzərində qurduğu təhlükəsizlik və “ictimai təhlükəlilik” əməliyyatına verdiyi qiymət öz yerində, amma “biz avtobusun yox, demokratiyanın qapısını açırdıq” sözü tarixə düşəcək. Ona görə ki, hər zaman qapı arxasına çiynini verib işıq gələn yerə pambıq tıxayanlar olub. Sahib bəy kimi dostlarımız isə həmişə işıq yolunu açmaq, cəmiyyətə bir nəfəslik olmaq üçün canlarını, sağlamlıqlarını, fərdi azadlıqlarını qurban veriblər.

Bəzən biz həbsdə olan dostlarımız haqqında yazarkən düşünürəm ki, görəsən, azadlıqda olan başqa bir dostumuz orada olsaydı, nə edərdi? Inanıram ki, Sahib bəyin etdiyini edərdi. Çünki bu, bir nəfərin, on nəfərin getdiyi yol deyil. Sahib Kərimov isə bu mərhələdə Ilham Əliyev rejiminin bütün yaradıcılıq gücünü bir cümlə ilə ifadə elədi: Yalanla yaşayanların yalan uydurmaq gücü də bitib artıq!

Hakimiyyətin daha bir rüsvayçı məhkəməsi isə yekunlaşdı. AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənliyə 2 il həbs verdilər. Üstündə qanunsuz avtomat gülləsi gəzdirirmiş… Şahin Həsənli bu hakimiyyət üçün topdan-tüfəngdən təhlükəli biri idi. Bunu anlayırıq. Amma hər kəs də bilir ki, Şahin bəyin yaratdığı təhlükə onun əvəzsiz təşkilatçı və əqidəli cəbhəçi olmasıdır. Şahin bəyin nə işi var avtomat gülləsi ilə, əgər avtomatı yoxdursa?!

Bu hökumət, ya demək istəyir ki, mən kimi, necə istəsəm, elə də tutaram, ya da bunların beyin mərkəzində boşluq yaranıb, hava buraxır. Bu qədər absurd da olmaz axı. Şahin Həsənlinin siyasi fəaliyyəti və hakimiyyətin AXCP-yə münasibəti ayrıca təhlil tələb edən məsələ deyil axı. Ona görə də bu “güllə siyasəti” heç uğurlu olmadı. Bu həbslərin hamısı onu göstərir ki, Azərbaycan hakimiyyəti əlindən gələni edir ki, Bəşər Əsədlə bir “zirvə”dən düşsün. Amma heç düşünən yoxdur ki, ordan düşənin axırı necə olur. Başqa sözlə, heç axırı olurmu?

Ilham Əliyev Qarabağı alıb qaçqınlarımıza qaytaracaqmış ki, vətən xaini Bəxtiyar Hacıyev həbs qərarından apelyasiya şikayəti verib. Təbii ki, bizim qeyrətli hakimlərimiz ədalətli və namuslu qərar çıxarıblar. Amma heç kimə sirr deyil ki, ABŞ Bəxtiyarı erməni lobbisinin pulu ilə oxutdurub ki, cənab prezident Qarabağı ala bilməsin. Yoxsa, nə ehtiyac var idi bu işi şar kimi üfürməyə? Top kimi partlatmağa… Deməli, zərbə böyük yerdən dəyib. Bizim hakimiyyətin kövrək yeri də Qarabağ deyilmi? Ilham Əliyevin əsgərliyə getməyənlərə münasibəti hər kəsə bəlli deyilmi? Cənab prezident özü Qarabağ uğrunda qızğın savaşların alovu ortasında xidmət etməyibmi? Onun dəmir iradəsi bu döyüşlərdə bərkiməyibmi? Indi o necə bağışlasın vətən darda ikən Bəxtiyarın oxumağa getməsini?
P.S. Sözün düzü bilmirəm nə desəm, ürəyim soyuyar…