Kakaya idiotskaya strana…

Iki-üç gün qabaq “Qarabağ” Farer adalarının komandası “Steymur”la cavab qarşılaşmasına çıxdı və oyun 0-0 başa çatdı (1-1). Nəticədə farerlilər növbəti mərhələyə keçə bilmədi. Canlı yayımla verilən oyunun tele-şərhçisi oyunun sonunda bildirdi ki, farerlilərin növbəti mərhələyə adlaya bilməməsinə baxmayaraq, qətiyyən üzülməyə haqları yoxdu. Papaqlarını göyə atsınlar ki, gəlib belə bir ölkəni, onun gözəlliklərini, körpü və keçidlərini, ictimai tualetlərini, analoqsuz inkişafını və fenomenal iqtisadiyyatını görə bildilər. Yoxsa bu boyda inkişaf etmiş dövləti harda görə bilərdilər?

Sözün qısası, bu idman şərhçisi təxmini Azərbaycan dilində farerlilərin boynuna elə minnət qoydu ki, yəqin, onlar bizim şərhçinin nə dediyini anlaya biliblərsə, düz bir il, sərasər Uca Tanrıya dua eləyəcəklər ki, onlara Azərbaycanı görmək kimi bir səadət nəsib eləyib. Bilmək olmaz, hələ bəlkə Bakıda varsa, lüteran kilsəsinə gedib əlüstü şam yandırıb, şükranlıq eləyiblər.

Indi bizim futbol şərhçisinin aşırı vətənpərvərliyini, hansı kanalda çalışdığını nəzərə alıb, onun farerlilərə minnətini və təsəllisini bir kənara qoyaq. Görək gerçəkdə vəziyyət necədi. Doğrudanmı farerlilər belə bir ölkəni gördüklərinə görə Tanrıya şükür eləməlidirlər?

Farer Adaları (azərbaycanca: Qoyun adaları) – Danimarkanın tərkibində olan bir ölkədir. 1948-ci ildə qurulmuş, monarxiya idarəetməsinə sahibdir. Hərbi və xarici siyasət sahələrini çıxmaqla tam muxtariyyətə sahibdir. Keçiləri ilə məşhur olan bu ölkə, “keçi ölkəsi” də adlanır. Paytaxtı Torshavndır. Rəsmi dili Farercə və Dancadır.

Müqayisə üçün təkcə bu faktı götürmək kifayətdir: Farer adalarının Ümum daxili məhsulu 2006-cı ildə 2,2 milyard (əhalisi: 48ÿ797 nəfər – 2007-ci ilin məlumatı), adambaşına isə 45 min 250 dollardır. Azərbaycan Respublikasına aid son (31 dekabr 2010-cu ilə olan məlumata əsasən) göstəricilər isə belədir:Əhalinin sayı: 9,111,100 nəfər. Ümumidaxili məhsul: 41,574,700 mln. manat və ya 51,799,900 mln. ABŞ dolları. Adambaşına: təxminən 7 min manat. Indi bu rəqəmləri də bir kənara qoyaq. Azərbaycanın 48 min əhalisi olan bir rayonunu götürək və təsəvvür eləməyə çalışaq ki, həmin rayonun ÜDM-i 2,2 milyard dollardı. Bunu heç yuxuda belə görmək mümkün deyil. Daha nə deyəsən, kül başına Farer adaları, gör sənə kim təsəlli verir.

Bu, Farer adalarının iqtisadi göstəricisidi. Indi isə keçək mədəni sahəyə. Elə kitab nəşrinə baxaq. Hər il adambaşına düşən yeni kitab nəşrinin sayına görə Farer adaları dünyada yalnız Islandiyadan sonra gəlir. Azərbaycanın kitab nəşrinə görə hansı yerdə durduğunu tapmaq üçünsə gərək aylarla araşdırma aparasan. Hələ kitab dükanlarının sayını (Bakı üzrə cəmi 10), kitab satışındakı rəqəmləri demirəm. Görünür, belə ölkənin futbol aparıcısının belə də danışması çox təbiidi.

Şərhçinin sözlərindən belə çıxır ki, farerli futbolçular indi ağızlarının suyu axa-axa gedib öz ökələrində Azərbaycan haqda nələr danışacaqlar, nələr! Ancaq biz onların nə danışacağını bilmirik, dillərini də anlamırıq. Ancaq elə bu yaxınlarda Almaniyadan Azərbaycana gələn bir azərbaycanlı xanımın yazdığı yazı ölkəmizin nə gündə olmasını bizə və dünyaya daha yaxşı anladır. FB-də ötən il Azərbaycana gəlib, geri, Ingiltərəyə qayıdarkən başına min müsibət gətirilən, 2011-in “Eurovision” qalibi Nigar Camalın rəfiqəsinə yazdığı kəlmələri də oxumaq kifayət eləyir: “Kakaya idiotskaya strana… s idiotskimi zakonami…”.