Cabbar – 11

Cabbar! Bizim kral həzrətləri mərhum dostunun atasına prezident təqaüdü kəsdi. Həm də millət və dövlət məsələlərində hansısa müstəsna xidmətləri-zad olduğu üçün deyil, sadəcə və sadəcə, mərhum dostunun atası olduğu üçün!

Əslində bir yandan turp kimi sağlam dostunun oğluna “Tərəqqi” medalı vermişkən o biri yandan da mərhum dostunun atasına prezident təqaüdü kəsməsi çox normaldır, məntiqə uyğundur. Xalqın dostu olmayan iqtidarlardan bundan artığını gözləməyə dəyməz, Cabbar! Onsuz da onlar üçün xalq sadəcə öz qohum-əqrəbalarından, dost-tanışlarından ibarətdir. Onlar üçün öz qohum-əqrəbalarından, dost-tanışlarından kənarda kim varsa, ögeydir, yaddır, düşməndir. Məsələn, Bayılda yüzlərcə evi söküb minlərcə insanı niyə küçələrə atmağa qərar verdi bunlar? O minlərcə insanın arasında bir nəfər də dostları, ya da dostlarının ataları olmadığı üçün.

Ağsuda oğluna toy etməyə pul tapa bilməyib intihar edən atanın suçu nəydi? Bizim kralın dostunun atası olmaması! Ya da Tibb Universitetinin sonuncu kurs tələbəsi Elvin ondan imtahan üçün rüşvət istənildiyində niyə çarəsizlikdən gedib qaldığı yataqxananın tavanından asdı özünü? Atası kralın dostu olmadığı üçün!

Niyə, hətta el-aləmin Lukaşenkosu da kefi dombalanda gəlib bunlardan rahat-rahat borc ala bildiyi halda, bu xalqın nümayəndələri bunlardan öz halal-hümbət pulunu – batmış əmanətlərini ala bilmir? Çünki Lukaşenkonun dostudur bunlar, Cabbar, öz xalqının deyil.
***

Keçənlərdə Medvedevdən bir məktub gəldi bunlara, Cabbar, sonra nooldu? 48 saatın içində cavab məktubu yazdı kral həzrətləri, üstəlik, poçta-filan da etibar eləmədi, bir nazirimiz şəxsən o məktubu alıb uçdu Moskvaya, mübarək əlləri ilə təslim etdi Medvedevə. Etirazımız yoxdu, demək ki, elə gərəkirmiş. Hətta kral özü də şəxsən məktubu təqdim edib qayıda bilərdi. Diplomatiya işləridir deyib heç indi də buna burnumuzu soxmazdıq, amma keçənlərdə bir vətəndaşımızın Prezident Administrasiyasına üst-üstə 1 kiloqramlıq məktub yazdığını, amma birinə də cavab almadığını hara qoyaq bəs? Medvedevə 48 saat içində cavab yazan bir zehniyət öz vətəndaşının yüzlərcə məktubunun birinə niyə cavab yazmır? Çünki Medvedevin dostudur, amma vətəndaşının dostu deyil.

***

Cabbar, Türkiyəylə vizanı ləğv etməmələrinin səbəbini açıqladılar bir neçə gün əvvəl. Nə dedilər? “Iranın xətrinə dəymək istəmədik” dedilər. Ancaq gəl gör ki, Iranın xətrinə dəymək istəməyənlərdən 18 ildir bu ölkəyə dəyməyən zərbə qalmadı: hüquq bitdi, azadlıqlar buxarlandı, Konstitusiya ayaqlar altına düşdü, respublikaçılıq baltalandı, monarxiya çiçəkləndi. Niyə? Çünki bunlar heç vaxt Iranın, Somalinin, Konqonun, nə bilim, Trinidad-Tobaqonun dostu olduqları qədər öz ölkələrinin dostu olmadılar, olmaq istəmədilər.

***

Əfqanıstanda təyyarəmiz qəzaya uğradı, Cabbar, doqquz soydaşımızın nə ölüsünü, nə dirisini tapa bilirlər 20 gündür. “Qara qutu”sunu belə, tapdılar təyyarənin, amma ekipaj üzvlərindən bircəciyini tapmağa qabiliyyətləri, bacarıqları yetmir. Yaxşı qoyasan vətəndaşlarının cibindən nəşə tapsınlar. Vətəndaşlarının ölüsünü-dirisini tapmağa isə canları çıxır, Cabbar!

Dünən axtarışla məşğul olan Azərbaycan qrupunun rəhbərinin açıqlamasını oxudum, təyyarənin qəzaya uğradığı yerin nə qədər riskli, təhlükəli olduğunu anladırdı öz aləmində. Oysa Əfqanıstan dağlarında hətta neft axtarsalar, çoxdan tapmışdılar, buruq belə, qoymuşdular, yanına da bir neft emalı zavodu tikmişdilər.

Amma vətəndaşlarının taleyi söz konusu olduğunda min bir bəhanə ilə işin içindən sıyrılıb çıxmağa ustadırlar. Çünki neftin dostudur bunlar, Cabbar, xalqın deyil!

Necə ki, bunların bütün azərbaycanlıların prezidenti olmağa söz vermiş kralları da bütün neft buruqlarının prezidenti olmaqdan o yana keçmədi.