ABŞ niyə göz yaşlarına inanmır?

Həftə üçün mövzu tapdılar. H.Klintonun Türkiyəyə səfəri bir neçə gün aktual mövzu olaraq qaldı. Təbii ki, Azərbaycan üçün önəmli məsələdir. Amerika o qədər də “göz yaşlarına inanmır”. Həm də orada da seçki yaxınlaşır. Klinton və eləcə də Obama erməni əsilli seçicilərə nəsə deməlidirlər. Bəli, dünyanın məntiqi qəribədir. Bizə deyirlər ki, münaqişənin qeyri-dinc vasitələrlə həll variantını görmürlər. Sadəcə, soruşmaq lazımdır ki, bəs onda niyə vaxtilə Iraqı Küveytdən sülh yolu ilə çıxarmadınız? Niyə Iraq problemini, elə əfqan məsələsini və yaxud da Liviya problemini sülh yolu ilə həll etmədiniz? Heç keçmiş Yuqoslaviyada da sülh kara gəlmədi, axırda hər şeyi toplar, tanklar həll etdi!

Ümumiyyətlə, təcrübədəcə nə vaxtsa təcavüz sülh yolu ilə aradan qaldırılıbmı? Mən belə bir hal xatırlamıram. Bəlkə xanım Klintona məlumdur belə presedent? Bilmirəm. Ermənistanla sərhədlərin açılması problem deyil, o, bir problemin həllindən asılıdır – bu da Qarabağ problemidir! Klinton bunu bilmirmi? Ermənilər, hətta kənar əraziləri də boşaltmaq istəmirlər. Doğrudan, Klinton bundan xəbərsizdir? Nə isə. Çox gileylənmək olar. Bunun günahını yenə də bu hakimiyyətdə görürəm. Onlar milləti bir siyasi güc tək səhnədən uzaqlaşdırıblar. Ona görə də mən “ikili standart”-filan demirəm. Əgər belə olmasaydı, dünyada ikili standartlar olmasaydı, onlar bizim seçkiləri heç də demokratik saymazdılar, onlara da başqa ölkələrdə seçkilərə bəslədikləri və tətbiq etdikləri münasibəti göstərərdilər! Məhz ikili standartların mövcudluq forması həm də qeyri-legitim hakimiyyətin legitim kimi qələmə verilməsi, belə hakimiyyətlərlə digər normal hakimiyyətlər kimi münasibətlərin, əlaqə və ünsiyyətin qurulmasıdır. Hamı özünün prioritetlərini müəyyən edir, xarici ölkələr də bu prioritetlərə baxıb siyasət formalaşdırırlar. Amerika o qədər də nabələd ölkə deyil. Bizim siyasi sistemin özəl spesifikası, iqtisadiyyatımızın mahiyyəti, hakim zümrənin malik olduğu sərvət onlara çox gözəl bəllidir. O səbəbdən də belə münasibət təzahür etdirirlər. Yox, mən demək istəmirəm ki, əgər bizdə tamam-kamal demokratik sistem olsaydı dünyanın siyasəti başdan-ayağa dəyişərdi. Hər halda, demokratik hökumət ABŞ-ın qarşısına inamla çıxardı, siyasi sövdələşmə ilə məşğul olmazdı.Kölgədən çıxmağın vaxtı deyilmi?

Haradasa “kölgə parlamenti” haqda oxudum. Prinsipcə, maraqlı ideyadır. O mənada ki, həm müxalifətin daha sıx inteqrasiyasına, həm də dinamizminin artmasına təkan verə bilər. Amma bir az siyasi teatrı xatırladır. Müəyyən bir ideya irəli sürəndə onun effektivliyini də qiymətləndirmək lazımdır. Bəli, indi insanların imkanı məhduddur. Ona görə də onlardan böyük əks-səda və güclü reaksiya gözləmək çətindir. Daha yaxşı olardı ki, müxtəlif problemlər üzrə komissiyalar yaradılaydı və onları işlək mexanizmlərə çevirməyə cəhd ediləydi. Əvvəllər belə təcrübə olub, indi onu bir daha yada salmaq lazımdır.Ən əsası isə kölgədən çıxmağın yolları haqda düşünmək gərəkdir. Bizlər də kölgə müxalifətinə çevrilməyə başlamışıq. Bunun əsas səbəbi qərargahların olmamasıdır, indi əsas müxalifət partiyalarından təkcə Müsavatın qərargahı var, o biri partiyalara bu boyda ölkədə yer tapılmır. Təbii ki, Müsavat bütün müxalifətin texniki problemlərini həll edə bilməz. Bəli, Yazov çalışdı, amma AXC-nin strukturlarını tapıb məhv edə bilmədi, bu hakimiyyət isə tapdı. On ildir ki, ölkədə müxalifət partiyalarının qərargahlarının alınması prosesi, tam qərargahsızlaşdırma əməliyyatı keçirilir. Özü də bu, çox maraqlı fondaca baş verir – hər yerdə YAP-ın bir-birindən yaraşıqlı qərargahları açılır…

Bəli, bayramda da heç kim bizləri yada salmadı. Çox qəribədir, jurnalistika özünün yeni korifeylərini tapıb. Hamısı da sovet jurnalistikasının təmsilçiləri və nümayəndələridir. Bu nədir? Nostalgiya? Çox güman ki! Sovetlərin yazı üslubu bunların yamanca xoşuna gəlir. Amma təkcə nostalji deyil bu! Həm də siyasi sistemin tələbidir, hansı sistemdə yaşadığımızı, az qala unuduruq.