Rauf Arifoğlu: «Həyatımın ən qaynar, ən məhsuldar, ən maraqlı illəri zamana qarışdı»
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun 45 yaşı tamam oldu. “Azadlıq” kollektivi olaraq Rauf bəyi təbrik edirik. Bu münasibətlə ona bir neçə sual ünvanladıq. 22 illik jurnalist fəaliyyətinə və gələcəyə dair suallar ünvanladıq.
– Rauf bəy, “Azadlıq” sizi 45 yaş münasibəti ilə təbrik edir. Nələri arxada qoymusuz bu 45 ildə… Və nələri sonraya saxlamısız?
– “Azadlıq” qəzetinə və bütün media mənsublarına, dostlara, məni təbrik edən çoxsaylı vətəndaşlarımıza təşəkkür edirəm. Hazırda ölkədə deyiləm. Olduğum məmləkətdə isə Bakıdan gələn zənglər görünməz nömrə kimi çıxır. Bu və zaman fərqi səbəbindən bəzi zənglərə cavab verə bilməmişəm. Lütfən, kimsə bunu qüsura yazmasın… Yaşanmış 45 ili və onun içinə sığdıra bildiyim mənalı bir ömrü arxada qoydum. Bu bir cümlənin içində mənim üçün o qədər məlumat, xatirə, nəticə var ki, bunları yazıya almaq, ya da danışaraq ifadə etmək mümkünsüzdü. Ancaq ümumi, standart cümlələr işlətmək olar. Həyatımın ən qaynar, ən məhsuldar, ən maraqlı illəri zamana qarışdı. Əlimdə olan və əldə etdiyim nəticələrlə davamını yaşamağa çalışacam. Həyatımı planlı yaşaya bilmədim – lakin əminəm ki, bu illəri şərəfli yaşadım. Bundan belə də bu cür yaşamağa çalışacam. Hər şeyin sonrasını isə Allah bilər. Amma mənim də bir xeyli arzu və gözləntilərim var təbii ki, gələcəyə dair. Həm siyasi, həm insani (şəxsi), həm də yaradıcı planda. Onları gerçəkləşdirməyə çalışacam.
– Ali media mükafatı almısız. Bu, 45 yaş üçün yaxşı hədiyyə idi? Yoxsa, hələ başlanğıcdı?
– Bu mükafat 22 il redaktor stajı olan, həyatını müstəqil media üçün sərf edən bir qəzetçiyə verilən yaxşı mükafatdır. Həm də mükafatlar sırasında növbətisidi. Lakin mənə görə ən gözəl mükafat, Allah dərgahında yazılan mükafatdı…
– 45 yaşın yarıya qədəri müxalifətdə olan, həbslər yatan Rauf Arifoğlu üçün necə keçib? Yol hamarlayıbmı?
– Qismət elə gətirib ki, biz özümüz yol açan olmuşuq. Kiminsə hamarladığı yolla asanca yürümək nəsibimiz olmayıb. Bu baxımdan, əlbəttə ki, hər şey daha mürəkkəb və çətin olub. 45 ilin düz 23 ilini mücadilələrdə, meydan və səngərlərdə, media cəbhəsində keçirmişəm. Nə əldə etmişəmsə, mücadilə apararaq, iddia göstərərək, gerçəkdən də savaşaraq əldə etmişəm. Artıq bu cür mücadilə mənim və bir sıra qəzetçi dostlarımın həyat tərzinə çevrilib. 23 ildir ki, bitməyən bir savaşın içindəyəm, əlahəzrət Sözə əsgərlik yapıram. Yaxın gələcəkdə bu yaşam və çalışma tərzinin dəyişəcəyini isə düşünmürəm (Ümumiyyətlə, bu, bütün qəzetçilərin taleyidi). Olsun. Biz də beləcə, davam edəcəyik. Müstəqil və özgür media üçün, azadlıqlar üçün hələ çox iş görülməlidir. Ən azı, ən minimumu “Yeni Müsavat”ı qorumaq, imkan olsa böyütmək, gücləndirməkdi.
-Bir qədər də fərqli sual verək, nəvə arzulayan yaş gəlib çatıbmı? Media kapitanlığından babalığa neçə addım var?
– Pənah bəy deyir ki, nəvə bir başqa nemətdir. Həm də deyir ki, olmayan bunu bilməz. Allah hər bir kəsə övlad da, nəvə-nəticə də qismət etsin. Mən iki ildir dalbadal qızlarımın ən yuxarı ballarla universitetə girmələrindən yana sevinirəm. Bu il də Aytən qızım hələ 16 yaşı tamam olmamasına rəğmən, 634 balla universitet qazanıb. Indi ailəcə bu sevinci doya-soya yaşamaqdayıq. Allah baba olmağı da nəsib etsin, inşallah, ona da sevinək.
Ramin DEKO