Avropa Birliyi regionda, xüsusilə Azərbaycan və Ermənistanda demokratikləşmə prosesinə daha çox diqqət ayırmalıdır
Arif Yunus: «Danışıqlar prosesində məsələnin həllində marağı olan dövlətlər iştirak etməlidir»
Prezidentlərin Kazan görüşündən əvvəl danışıqlar uğursuz nəticələnəcəyi təqdirdə Avropa Birliyinin (AB) ATƏT-in Minsk qrupunda təmsil oluna biləcəyi ehtimalı səslənirdi. Hətta qurumun rəsmiləri də bu barədə fikirlər səsləndirib. Avropa Ittifaqının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle də qurumun Minsk qrupunun bu və ya digər üzvünü əvəzləyə biləcəyini, həmçinin Dağlıq Qarabağ probleminin nizama salınması və regionun yenidən bərpası üçün lazım olan maliyyə vəsaitini verməyə hazır olduqlarını deyib.
Avropa Birliyinin bu fəallığı, xüsusilə maliyyə vəsaitinin ayrıla biləcəyi ilə bağlı deyilənlər nə vəd edir?
Konfliktoloq Arif Yunus istənilən halda Avropa Birliyinin Qarabağ danışıqlarında iştirak etdiyini deyir. Çünki danışıqlar ATƏT-in Minsk qrupunun rəhbərliyi altında gedir. ATƏT isə Avropa Birliyi ilə sıx əlaqə saxlayır.
Ekspert ATƏT-in Minsk qrupunun formatının dəyişəcəyi təqdirdə prosesdə əhəmiyyətli dəyişikliyin olmayacağını qeyd etdi. Buna səbəb isə münaqişəyə dünya miqyasında diqqətin az olmasıdır: “Format dəyişsə, bunun tərəflərdən hansının xeyrinə olacağı məlum deyil”.
Ekspert danışıqlar prosesində Rusiya və ABŞ-ın əsas rol oynadığını deyir. Rusiyanın fəaliyyəti isə prosesə mane olur. Bu səbəbdən danışıqlar prosesində məsələnin həllində marağı olan dövlətlər iştirak etməlidir.
A.Yunusun sözlərinə görə, indiki halda AB-nin əsas üzvlərindən biri olan Fransanın ATƏT-in Minsk qrupunda bu qurumu təmsil etdiyini demək olar: “Formatın dəyişəcəyi inandırıcı deyil. Çünki bir çox məsələlərdə Avropa Birliyi ölkələri arasında fikir ayrılığı olur. Qarabağla bağlı da eyni mənzərə olacaq. Hansısa ölkə deyəcək ki, Qarabağ uzaqdı, bizi maraqlandırmır. Hansısa lazım bilsə, qarışacaq. Avropa Birliyi vahid dövlət deyil”.
Ekspertin fikrincə, AB regionda, xüsusilə Azərbaycan və Ermənistanda demokratikləşmə prosesinə daha çox diqqət ayırmalıdır.
Fizzə


