Naxçıvanlı jurnalisti həbs etmək istəyirlər

Həkimeldostu Mehdiyevi elektrik enerjisi oğurlamaqda ittiham edirlər

Naxçıvan Muxtar Respublikasının (NMR) hakimiyyəti vətəndaş cəmiyyətinin yerli fəalı, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı təzyiqlərə son qoymur.
Bundan başqa, artıq 8 gündür ki, onun evinə elektrik enerjisi verilməsini dayandırıblar, indi Mehdiyevə qarşı cinayət işi açmaq istəyirlər. Mehdiyevin özünün Turana verdiyi məlumata görə, şənbə günü səhər saatlarından onu Şərur rayon prokurorluğuna çağırıblar, burada müstəntiq Sənan Paşayev Mehdiyevə qarşı 187.1.1 (elektrik enerjisi oğurlamaq) maddəsi ilə cinayət işi açmaq niyyətində olduğunu bildirib.
Paşayev Mehdiyevə vəkil tutmağı təklif edib, buna cavabda hüquq müdafiəçisi NMR-də müstəqil vəkil olmadığını qeyd edib.
Müstəntiq, həmçinin Mehdiyevdən şəxsiyyət vəsiqəsini və xarici pasportunu ona verməyi tələb edib.
Mehdiyev hesab edir ki, ona siyasi motivlərlə təzyiq göstərilir. Belə ki, müstəntiq bunu gizlətməyib və niyə xarici təşkilatlarla əməkdaşlıq etdiyini, onlardan qrant aldığını soruşub.
Iyulun 15-də yerli hakimiyyət Mehdiyevin evinin yanındakı avtomobilyuma məntəqəsində elektrik enerjisindən qanunsuz istifadə etməsi bəhanəsilə onun evinə elektrik enerjisi verilməsini dayandırıb. Lakin, Mehdiyevin sözlərinə görə, onun elektrik enerjisindən istifadə ilə bağlı sənədləri qaydasındadır.
Mehdiyev əvvəllər də təqiblərə və həbslərə məruz qalıb. Bu dəfə ona qarşı təzyiqlər iyulun əvvəllərində NMR-ə gələn “Frankfurter Algemayne Zeytunq” qəzetinin icmalçısı Mixael Lüdviqi müşayiət etməsindən sonra başlayıb.