Az öncə “Generala məktub yoxdur” yazmışdım (“Azadlıq”, 15.07. 2011.). Indi məktub var, bir daha… ancaq. Yasamal rayon prokuroru Həsrət Pirməmmədovun adından mənə məktub gəlib. Məktub 2011-ci il 5-ci ayın 13-də qollanıb, mənə çatıb 7-ci ayın 18-də. Nə üçün? Aprelin 2-də Yasamal antipolis idarəsində baş vermiş AÇIQ cinayət faktlarını süründürməçilik, bezdirmə yoluyla ört-basdır eləmək üçün. Bu məktub bundan çox-çox gec də gələ bilərdi. Bütünlüklə gəlməyə də bilərdi. Bizim vəkil Əlibaba Rzayevlə birgə çoxsaylı çalışmalarımız olmasaydı.
6 səhifəlik məktubun preambulasında bildirilir: “02 aprel 2011-ci ildə qanunsuz olaraq polis orqanına gətirilərək saxlanmanız, polis əməkdaşlarının Sizə qarşı zor tətbiq etmələri və Sizi təhqir etmələri barədə 07 aprel 2011-ci il tarixli şikayət ərizəniz əsasında Yasamal rayon prokurorluğunda aparılmış yoxlama materialları üzrə cinayət işinin başlanması Yasamal RPI-nin əməkdaşlarının hərəkətlərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən 13 may 2011-ci il tarixli qərarla rədd edilir”.
Demək, belə. Yasamal rayon prokurorluğunun BÖYÜK müstəntiqi, KIÇIK ədliyyə müşaviri, dünyanın ən yumşaq adamı (yadıma Nobel ödülü laureatı Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsi düşür) Isgəndərov Sahibəli Əjdər oğlu Hacıyev Xaliq Bahadır oğlunun qanunsuz olaraq polis orqanına gətirilərək saxlanması və polis əməkdaşlarının ona qarşı zor tətbiq etmələri barədə şikayət ərizəsi əsasında aparılmış 190-C-11 N-li yoxlama materiallarını nəzərdən keçirərək”… neyləyib? Polis rəisini, bir çox polis əməkdaşlarını dindirərək işdə “cinayət tərkibi olmadığını” üzə çıxarıb. Aldığı tapşırığa uyğun olaraq!
Aydındır: Heydər Əliyev rejimi xalqa, dövlətə, dövlətçiliyə düşmən korrupsioner-kriminal xarakterli hərbi-polis rejimidir. Gerçək cinayət işində kriminal polis əməkdaşı olaraq keçən Cavid Muradovdan tutmuş müstəntiqə, prokurora, baş prokurora, daxili işlər nazirinədək… bunların hamısı ölkədən, millətdən, dövlətdən keçməklə özəl maraqları, komfort yaşayışları üçün əliyevçi antimilli, antidemokratik rejim keşikçilərinə çevrilmiş subyektlərdir. Ən aşağılardan ən yuxarılaradək bunlar hələ də başa düşmək istəmirlər: Misirdə baş verənlər bizdə də baş verəcək!
Yumşaq müstəntiqin dindirdiyi polis əməkdaşlarının bir çoxunun gözü qarşısında aksiyaçılar döyülüb söyülsə də, onlar həyasızcasına yalan danışır, Yasamal Polis Idarəsində belə faktları “görmədiklərini” bildirirlər. Belə bildirənlərdən biri Yasamal RPI 28-ci polis bölməsinin sahə rəisi Qurbanov Mübariz Sabir oğludur. Bu adamın gözü qarşısında Bəxtiyar adlı polis Türklərdə dilə gətirilməyəcək söyüşlərlə Ramin Baxışovu söyür, sonra da şillə, yumruq, təpik, dizlə döyürdü. Rəisin əməliyyat işləri üzrə yardımçısı Cavid Muradov özünün iki qoçusu ilə birlikdə söymə-döymə proseslərinin başında dururdu. Mübariz Qurbanovun, eləcə də bir çox polis əməkdaşlarının gözü qarşısında.
C.Muradov da həyasızcasına yalan danışır, məni jurnalist kimi tanımadığını, söyüb döymədiyini bildirir. Yazmışam, bir daha yzıram: bu gənc heydərizm qulluqçusu məni “dövlətçiliyə qarşı yazılar” yazdığıma görə vurduğunu açıq bildirmiş, üstəlik, buna görə mənə 20 il iş verdirəcəyini demişdi. Indi işini itirmək qorxusundan məni tanımadığını bildirir. Budur bunların mənliyi!
Yasamal RPI-nin rəisi də başqaları kimi mənimlə bağlı yalan danışaraq bildirir: “… onun ”Azadlıq” qəzetinin məsləhətçisi olduğu müəyyən edilərək söhbət aparılmış, barəsində heç bir sənədləşdirmə aparmadan dərhal buraxılmışdır”. Bütünlüklə yalandır! Mənimlə bağlı sənədləşdirmə aparılıb (Mübariz Qurbanovun əlilə), özüm də polis idarəsindən beş-altı saat incidiləndən sonra buraxılmışam. Polis rəisi adlanan bu adam məni kabinetinə apardaraq mənimlə təhqir dilində danışdı, “Azadlıq” qəzetində işlədiyimi biləndə qışqıra-qışqıra dedi: “Sizin qəzetiniz ermənilərə işləyir!”. Bizim birinci qarşılaşmamız belə oldu. Aradan bir saat, saat yarım keçmiş hardan zəng-göstəriş gəldisə, rəis məni çağırıb bütünlüklə başqa cür qarşıladı: bir az qabaq “ermənilərə işləməklə dövlətçiliyə zərbə vuran” “Azadlıq” qəzetinin əməkdaşı kimi yox, Azərbaycana bağlı “Azadlıq” qəzetinin əməkdaşı kimi. Görünür, bu adamlar özləri dəyişkən olduqları kimi “Azadlıq” qəzetini də dəyişkən bilirlər. Görünür, bu adamlar özləri min sifətli olduqları kimi “Azadlıq” qəzetini də min sifətli bilirlər.
Gözlədiyimizdən artıq nəsə olmadı. Azərbaycanda 1993-dən bu yana əliyevçi ailə hakimiyyətini, bu hakimiyyətin Bakıdan Dubaya, Londona, uzaq Panamayadək uzanıb gedən mülk-milyardlarını, biznesini qorumağa yönəlmiş, bütünlüklə xalqa, ölkəyə, dövlətə yad hüquq-məhkəmə sistemi formalaşıb. Biz bu sistemin birinci fazasını – polis-prokurorluq fazasını – keçdik, qarşıda bizi (vəkil Əlibaba Rzayevlə birgə) ikinci faza – əliyevçi məhkəmə fazası gözləyir. Əliyevçi antinsan hüquqları məhkəməsindən Avropa Insan Hüquqları Məhkəməsinə doğru!