“Diffamasiya haqqında” qanunun qəbulu təhlükəlidir

Eynulla Fətullayev: «Əslində hazırkı situasiyada bu qanunun qəbulu ilk növbədə hakimiyyətin mənafeyinə cavab verir»

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov gələn il “Diffamasiya haqqında” qanun layihəsinin qəbul oluna biləcəyini söyləyib. Ə.Həsənovun sözlərinə görə, jurnalistləri yazılarına görə cinayət məsuliyyətindən azad etməklə dövlət başçısı Ilham Əliyev tarixə düşəcək. Amma Azərbaycan reallığında o da bəllidir ki, jurnalistlər həbsxanaya bir qayda olaraq yazdıqlarına görə düşsələr də, onlara qarşı irəli sürülən ittihamlar başqa cür olur. Hakimiyyətə sərf etməyən qələm sahibləri adətən, ya ciblərinə narkotik atılması, ya da şərlənmə yolu ilə həbs olunurlar.
Keçmiş siyasi məhbus, tanınmış jurnalist Eynulla Fətullayevin fikrincə, Azərbaycan reallığında “Diffamasiya haqqında” qanunun qəbulu olduqca təhlükəlidir. Çünki belə olan halda məmurlar jurnalistləri cəzalandırmaq üçün başqa metodlara əl atacaqlar. Bu baxımdan E.Fətullayev hesab edir ki, nə qədər qəribə görünsə də, bu qanunun qəbulu daha çox hakimiyyətə sərf edir: “2004-cü ildə Mikloş Haraşti ATƏT çərçivəsində ”Diffamasiya haqqında” qanunun qəbulu haqqında dəyirmi masa keçirən zaman həm Elmar Hüseynov, həm də mən belə qanunun qəbuluna qarşı çıxdıq. Biz dedik ki, bu qanun qəbul olunacaq, amma jurnalistlər birbaşa peşə fəaliyyətinə görə deyil, qurama maddələrlə tutulacaqlar. Əslində bugünkü Azərbaycan gerçəkliyini nəzərə alaraq “Diffamasiya haqqında” qanunun qəbul olunması jurnalistləri daha təhlükəli vəziyyətə salır. Çünki bir var jurnalist məqalə ilə çıxış edir. Bu məqalə hər hansı oliqarxın, qruplaşmanın maraqlarına toxunur və həmin qruplaşma jurnalisti zərərsizləşdirir. Məsələn, “ayı məhkəməsi” hələ də davam etməkdədir. Amma bir də var ki, “Diffamasiya haqqında” qanun qəbul olunandan sonra hansısa oliqarx və ya ümumilikdə hakimiyyət jurnalisti zərərsizləşdirmək istərkən, artıq qanunun cihazından istifadə edə bilmir. Və istər-istəməz jurnalisti cəzalandırmaq üçün başqa vasitələrə əl atır. Kiminin cibinə narkotik atdırır və başqa təxribat törədir”.
Bu baxımdan, E.Fətullayevin fikrincə, Azərbaycanda qeyri-sağlam ictimai mühitin mövcudluğunu nəzərə alaraq, “Diffamasiya haqqında” qanunun qəbulu təhlükəlidir. Ona qarşı irəli sürülən ittihamların məhz yazılarına görə olduğunu xatırladan E.Fətullayev əlavə etdi ki, buna görə onun həm daxili ictimai rəydə, həm də beynəlxalq aləmdə müdafiəsi nisbətən asan oldu. Amma o, daha sonradan irəli sürülən ittihamlarla həbs olunsaydı müdafiə kampaniyasına müəyyən dərəcədə kölgə düşə bilərdi: “Əslində ”Diffamasiya haqqında” qanunun qəbul olunması ilk növbədə hakimiyyətin mənafeyinə cavab verir. Çünki Azərbaycanda məhkəmələr müstəqil deyil, icra hakimiyyətindən gələn sifarişlərlə hərəkət edir. Hər hansı jurnalisti həbsxanaya atmaq hakimlər üçün problem deyil. Ona görə də başa düşə bilmirəm ki, bu illər ərzində hakimiyyət nəyə görə bu qanunu qəbul etmir?”.

Xəyal