Mənsum Bayramov: «Məhkəmələrin polis rejimindən nə qədər asılı olduğu bir daha təsdiqləndi»
Şahin Həsənliyə qarşı çıxarılan hökm məhkəmələrin nə qədər hüquqsuz olduğunu, polis rejimindən nə qədər asılı olduğunu göstərdi. Bunu, Şəmkir Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilən AXCP Rəyasət Heyətinin üzvü Ş.Həsənlinin vəkili Mənsum Bayramov deyir.
Onun sözlərinə görə, məhkəmə qərar verərkən heç bir yüngülləşdirici halı nəzərə almayıb: “Hakim Şahin bəyin himayəsində 3 azyaşlı körpənin olmasını, xəstə qardaşının ailəsinə də baxdığını, bundan əvvəl məhkumluğunun olmamasını, ölkənin ictimai-siyasi həyatındakı rolunu nəzərə almadan ona iki il həbs cəzası verdi. Halbuki özləri də çox yaxşı bilirdilər ki, onun silah-sursata heç bir aidiyyəti yoxdur. Azərbaycan polisinin özbaşınalığı, birinin cibinə narkotik, o birinə patron qoyub şərləməsi adi haldır. Sadəcə olaraq bu işdə siyasi rəng var deyə, məsələ daha çox ictimailəşib. Hələ ki, prokurorluq orqanları polislərin bu oyunlarının qarşısını almırlar. Azərbaycanda minlərlə insan bu cür hallardan əziyyət çəkir”
M.Bayramov bu hökmün Ş.Həsənliyə qarşı rəzillik olduğunu deyir: “Bunu, prosesdə də dedim ki, məhkəmənin bu qədər asılı vəziyyətdə olması acizlik və rəzillikdir. Hökmdən apelyasiya şikayəti vermişik. Ümid edirik ki, heç olmasa bu instansiyada ədalətli qərarın şahidi olacağıq”.
2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Ş.Həsənli barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdı. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Polis bölməsində onun gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb.