Bu hakimiyyətin bayramı – mdb-nin 20 illiyi!

Bayramdan boluq. Bu yazı işıq üzü görəndə bizim əsas bayramlarımızdan biri – Mətbuat Günü də arxada qalacaq. Amma qarşıdan müstəqilliyin də 20 illiyi gəlir. Bunların hər ikisi bizim bayramımızdır. Bu hakimiyyətin baryamı isə başqadır – bu il həm də MDB-nin yaranmasından 20 il ötür! Bu, onların bayramıdır, bəli, onların bu illər ərzində yaradıb – ərsəyə gətirdikləri MDB olaraq qalır. Bu haqda hələ yazmağa və danışmağa vaxtımız olacaq. Bəli, 1993-cü ildə Azərbaycanı da MDB-yə üzv etdilər. O vaxt yazı yazmışdım, adı “Qərənfillər bu dənizin sahilinə bir də qonacaq” idi. Senzura yazını lap yaman günə salmışdı, kəsib doğramışdı. Bəli, bunların bayramı bizim üçün həmişə qara gəlir. Əvvəldə qeyd etdim ki, bu hakimiyyətin bayramı haqda – MDB-nin 20 illiyi haqda hələ yazmaq imkanımız olacaq. Buradaca kiçik bir detalı qeyd etmək istəyirəm. Üstündən 20 il keçəndən sonra maraqlı bir sual meydana çıxır. MDB yaranmaya bilərdimi? Bilərdi, əgər bu respublikaların sükanı kommunist diktatorların əlinə keçməsəydi! Indi tamam başqa bir, öz mahiyyətilə bizim arzularmıza adekvat bir mənzərə yarana bilərdi. Onlar bu imkanı bizim əlimizdən aldılar. Amma tez bir zamanda digər maraqlı detal baş verdi – kommunist diktatorlar müstəqil olmağın dadını gördülər və elə o vaxtdan başladılar MDB ilə “oynamağa”, onunla özlərinin Qərbə olan soyuq münasibətlərini tənzimləməyə. Bu oyun artıq düz 20 ildir ki, davam edir…

Bunlar Irandan niyə belə qorxur?

Yaxın vaxtların digər bir hadisəsi də R.T.Ərdoğanın Bakıya səfəri olacaq. O gün yenə də bir Türkiyə siyasətçisinin çıxışına qulaq asırdım, o, viza haqda danışırdı. Bəli, bütün türkiyəli siyasətçilər bu haqda öz sözünü deyib. Onlar hiss olunur ki, bu məsələyə çox ciddi yanaşırlar. Amma çətin ki, bu hakim zümrə həmin məsələni müsbət həll etsin. Səbəb? Irandan ehtiyat edirlər. Bu haqda ucadan danışmağa cəsarət etməsələr də, başqa bir səbəb tapmaq və onu əsaslandırmaq o qədər də asan deyil. Bunlar niyə bu qədər Irandan və onun təhdidlərindən qorxurlar? Ona görə ki, ürəkdən yaxınlıq etmək, daim yaxşı münasibətlər saxlamaq istədikləri iki dövlət var – Iran və Rusiya. Bəli, nə Iran rejiminin xüsusi spesifikası, nə də Rusiyanın ambisiyaları bunları o qədər də narahat edir. Bunlar bir həqiqəti dərk ediblər ki, Qərblə birgə və səmimi ünsiyyətdə ola bilməzlər, çünki bu, onların hakimiyyətinin sonu və uğursuz finalı ola bilər. Irana və Rusiyaya gəldikdə isə, onlar dövlət marağı üçün təhdidlər yaradırlar. Bundan hakimiyyətə dəxli nə? Əsas odur ki, bu iki dövlət onların hakimiyyəti üçün təhdid yaratmasın. Iran da, elə Rusiya da buna əməl edir, çünki hər iki dövlət əmindir ki, onların marağı Azərbaycanı məhz bu hakimiyyətin idarəçiliyi altında görməyi tələb edir, digərləri isə bu tələblərə cavab vermir.

Bir az da özümüz haqda

Mətbuat günü haqda, gərək, çox yazaydım. Amma deyilməyən söz qalıbmı?

Fəqət, yenə də nəsə tapmaq mümkündür. Mən bir məsələni başa düşməkdə çətinlik çəkirəm. “Əkinçi”yə qədər Azərbaycanda qəzetlər vardı, bunlar elə rus dilli qəzetlər idi. Amma biz tarixi “Əkinçi”dən götürürük. Ona görə ki, söhbət milli mətbuatdan gedir. Amma niyə görə 21-ci əsrdə bizim mətbuat özünün flaqmanı kimi rusdilli mətbuatı görür? Mən rus dilində də yazıram. Amma mətbuatda çox nadir hallarda rus dilində çıxış edirəm, həmişə milli dildə yazıram. Lakin görürəm ki, bizim oxucular rusdilli mətbuatı daha çox səviyyəli və intellektual hesab edir. Rus dilində yazılmış bir çox məqalələri milli dilə çevirsən, görərsən ki, adidən də adi yazıdır. Bəs nədən millət məhz onları intellektual hesab edir? Hər halda, bu, mənə aydın deyil… Mən bunu qeyd etməklə rus dilində yazanların əməyini və rolunu kiçiltmək, onları bir yad hadisə kimi təqdim etmək istəmirəm. Əsla! Rus dilində yazan müəlliflər var ki, öz yazıları ilə özlərinə əbədi bir abidə ucaldıblar! Ona görə də özünün ünvanını bir gün gec tapsa da mən bu yazı ilə bütün yazarları təbrik edirəm. Can sağlığı və xoşbəxtlik arzulayıram!