Boş patron, “avtoşou” və sındırılmış pəncərə hekayəti…

Bu günün Azərbaycanı böyük bir məhkəmə salonuna və ya boğanaq həbsxanaya bənzər bir yerdir. Burada insanların mühakiməsi heç bitməyəcək kimi görünür. Illərdir bitdiyi də yox. Eybəcər cəza maşını-məhkəmələr gecə-gündüz konveyer kimi işləyir. Günahsız müttəhimlərin biri kürsüdən qalxmamış, sıra o birinə yetişir. Həbsxanalar məsum insanlarla dolu. Amma bu da yetmir. Bu ölkə özü də hansı günah üzündən cəzalandırıldığını anlamayan məhkum kimidir. Bu ölkə insanlarının könlünün sevindiyi, üzünün güldüyü yox. Bu ölkə şərə bağlı bir qüvvə tərəfindən lənətlənib elə bil..
Yayın bu nəfəs kəsən çağında günahsız insanlar məhkəmə salonlarında sorğu-sualda. Sorulacaq bir şey yoxsa belə, proses uzanır, yalanlar bitmir, işgəncənin sonu görünmür.

Yayın 40 dərəcəni keçən bu dayanılmaz havasında insanlar məhkəmə salonları qarşısında pərişan. Saxta ittihamlarla bağlı qapılar arxasında saxlanan məhkumların ailələri pərişan. Onların çoxunun körpə balaları var, dönə-dönə atalarını soruşub dururlar.

Bu məhkumların sırasında bir Cabbar var. Bəlkə həbs gününə qədər necə amansız qaydalarla idarə olunan ölkədə yaşadığının fərqinə varmamışdı. Nədi ki, o zaman heç 20 yaşı tamam olmamışdı. Bu ölkədə məsumluğun simvolu kimi saldılar onu dəmir barmaqlıqlar arxasına. Cabbarın tərtəmiz üzü insana zorun, zülmkarlığın, qəddarlığın əlində əsir qalan Azərbaycanın özünü xatırladır.

Bakının bu bürkülü, zalım havasında evdə oturmaq, bir az nəfəs almaq üçün sakitliyə qaçmaq haram. Çünki bu gün salonlarda neçə günahsız müttəhimin məhkəmə prosesi davam edir. Bu salonlarda adamı həm ağlamaq, həm də gülmək tutur. Bizim məhkəmə sistemlərimiz nə primitiv səviyyədə qalıb ilahi!
Iki gün əvvəl siyasi məhbuslardan daha birinin məhkumluğu tam rəsmiləşdi. AXCP funksioneri Şahin Həsənliyə də 2 il həbs hökmü oxudular. Bu gözlənilən hökm haqqında eşidəndə ilk olaraq yadıma onun balaca oğlu düşdü. Həyat bəzən övladları atalarının məhkumluğuna görə utandırar, amma Şahin bəyin oğlu ömrü boyu onunla qürur duya biləcək. Daha çox o zaman ki, böyüyüncə bunun nə demək olduğunu dərindən anlayacaq.

Şahin Həsənli həbs olunanda cibindən boş patron çıxarıblar. Heç təəccüblənməyin! Bu ölkədə təqsirləndirilmək üçün adamın cibindən saqqız çıxarmaq da yetərli fakt sayıla bilər.

Hələ sırada məhkəmə prosesi davam edən 15 siyasi məhbus var. Onları elə “tutarlı” əsaslarla təqsirləndirirlər ki…Arif Alışlı avtobusa təpik vurub, Babək Nəcəfov zəhmətkeş xalqın nümayəndələrinə zərər yetirib, Elnur Məcidli “Torqovı”da pəncərə şüşələrini qırıb.

Yayın bu yanğısında insanlar yorğun, üzgün, taqətsiz halda o hökmlərin oxunmasını gözləyirlər. O salona müttəhim kimi gətirilən əqidə dostlarımız hamıdan daha qürurlu, daha möhkəm, daha mübarizdir. Bu əyilməz insanlar hər dəfə məhkəmədə səslənən komik ittihamları məsxərəyə salırlar. Gerçəkdən bunun adı məsxərəçilikdən başqa bir şey deyil.

Sahib Kərimov dünən məhkəmədə haqlı olaraq o məşhur yaşıl avtobus ətrafında çevrilən oyunları “avtoşou” adlandırdı. “Mən avtobusun qapısını açmağa çalışdığım üçün deyil, azadlıq və demokratiyanın qapısını açmağa çalışdığım üşün burdayam” dedi.

Əslində, bütün baş verən bu “gülünc” dəhşətləri izlədikdən sonra məhkəmələrə heç ehtiyac qalmadığını düşünürsən. Onsuz da hər şey yuxarılardan sifarişlə gəlir, hər kəsin hökmü, ili orada yazılır. Bu çirkin şouya, rəzalətə vaxt sərf etmək nəyi dəyişir ki? O zaman mən bu şounun ssenari müəlliflərinə bir düzəliş təklif edirəm. Sizin ədalət məhkəməniz budursa, çox uzatmayın, hökmləri insanlara işgəncə vermədən birdəfəlik oxuyun getsin!

P.S. Bu hekayət burda bitərmi? Bitməz. Nə olur-olsun, bütün bənzər hekayətlərin sonunda xalq zülmkarları qovub öz qəhrəmanlarını zindandan xilas edir.