Azərbaycanın qədim yaşayış məskənləri

1,8 milyon il bundan əvvəl

Ölkəmizin ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin yaşağış məskənlərinə aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Bu fakt Azərbaycan ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunması üçün zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan öncədən yaşamağa başlaması haqqında qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.

Azərbaycan ərazisində onun zəngin tarixi keçmişini əks etdirən  müxtəlif maddi mədəniyyət abidələri qalmışdır. Onların öyrənilməsi ilə Azərbaycanın yüksək mədəni irsə malik qədim mərkəzlərdən biri olması dəlillərlə sübuta yetirilmişdir. Uzun zaman kəsiyində bu mədəni irs sabit ənənələrə və varisliyə əsaslanaraq inkişaf etmiş, zənginləşmiş və ümumbəşəri mədəni irsin tərkib hissəsinə çevrilmişdir.

Son illərdə Azərbaycan alimlərinin Avropa alimləri ilə birlikdə apardığı elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2 milyon il bundan öncə yaşamağa başlamaları sübuta yetirilmişdir. Halbuki, 1950-ci illərin əvvəllərinə qədər respublikanın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai adamların yaşamadıqları göstərilirdi. Lakin son illərdə Azərbaycan alimlərinin apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi. Respublika ərazisinin qədim insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda, Azərbaycan ərazisində sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olması müəyyən olunmuşdur.

Qarabağ ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat işləri aparılmışdır. Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Tədqiqatlar göstərir ki, ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.

Azərbaycanın rəngarəng mədəni irsi minilliklər ərzində ayrı-ayrı ardıcıl tarixi mərhələlərin mədəni qatlarını birləşdirmişdir. Onların ən qədimi daş dövrünü əhatə edən Quruçay mədəniyyəti ilə təmsil olunmuşdur. Avrasiya məkanında ən qədim arxeoloji mədəniyyət sayılan Quruçay mədəniyyətinin özünəməxsus xüsusiyyətləri Azıx mağarasından tapılan daş məmulatında əks olunmuşdur.    

Ən qədim tarix yenə Qarabağa gedib çıxır

Ötən əsrin 60-cı illərində üzə çıxarılan və öyrənilən Azıx mağarası öz dəyərli tapıntıları ilə Cənubi Qafqaz və o zamankı SSRI hüdudlarından uzaqlarda aşağı paleolit dövrünə aid ən nadir mağara kimi tanınmışdır. Yuxarı Qarabağdakı Quruçay dərəsinin sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşən Azıx mağarasında arxeoloji qazıntılar zamanı 10 mədəni təbəqə aşkarlanmışdır ki, onların da əsas hissəsi alt paleolitin maddi mədəniyyətini əks etdirirdi. Tədqiqatlar zamanı həmin təbəqələrdən qədim flora və fauna qalıqları, daşdan əmək alətləri, ibtidai azıxantropa məxsus çənə sümüyünün fraqmenti və böyük elmi əhəmiyyətli digər tapıntılar üzə çıxarılmışdır. Tapıntılar içərisində çay daşlarından ibarət kobud işlənmiş ibtidai alətlər elmi cəhətdən daha dəyərlidir. Maraqlıdır ki, onların müəyyən hissəsini protoçopper və protoçoppinq kimi kobud çapacaqlar, qaşovlar və digər ibtidai alətlər təşkil etmişdi. Azıx mağarasının ən qədim təbəqələrində çəkisi 4-5 kq olan iri ölçülü çopperə oxşar iri ölçülü daş alətlərə də rast gəlinmişdir.      

1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində Azərbaycan Elmlər Akademiyası Tarix institutunun Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələrini qeydə almışdır.

Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar mağaralarında qeydə alınmışdır və Iran Azərbaycanının Qızıl Özən çay kanarında tapılan daş dirəklərinin 800 min ildən çox yaşı var.

Azərbaycanın Araz, Quruçay, Arpaçay, Tərtərçay,Viləşçay, Zuvandçay və digər vadilərində aşkar olunuş Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin maddi mədəniyyət nümunələri haqqında zəngin arxeoloji materiallar tapılmışdır. Respublikanın ərazisində tapılan qədim insan düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasından,ovçuluq təsərrüfatından, odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və Qarabağın qədim tarixindən xəbər verir. Eyni zamanda dünyanın ən qədim insan məskənlərinin və ilk sakinlərin bu ərazi və düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən qədim tariximiz maddi mənbələr əsasında şərh edir.

Ən qədim insanların məskənləri

Əsasını əkinçilik və maldarlıq təşkil edən yeni iqtisadiyyata keçidlə mövcud yerli cəmiyyətlər daha yüksək inkişaf yoluna qədəm qoymuşlar. Bununla əlaqədar, Azərbaycan ərazisində Kültəpə və Şomutəpə kimi yetkin əkinçilik mədəniyyətləri yaranmışdır. E.ə. VI-V minillikləri əhatə edən bu mədəniyyətlər qədim əkinçilik mədəniyyətləri sisteminin üzvü hissəsi olmaqla, eyni inkişaf yolu keçmişdir. Boyalı qabların meydana çıxması və bəzədilməsi, gildən, daş və sümükdən hazırlanmış kiçik ölçülü qadın heykəlləri, rəngarəng süjetli və bədii xüsusiyyətli qayaüstü rəsmlər öyrənilən dövrün mədəni irsinin mənəvi və intellektual sahələrini əks etdirirdi.

Qeyd olunan maddi və mənəvi nailiyyətlər e.ə. IV-II minillikləri əhatə edən tunc dövründə daha da artmış, yeni mədəni qatın özəyini təşkil etmişdir.
Məlumdur ki, tunc dövrü bəşər tarixində təbiətdə təsadüf olunmayan metalın – tuncun kəşfi və istehsalı ilə başlamışdı. Tuncun istehsalı ilə ibtidai insanlar iqtisadi, ictimai və mədəni inkişafın yeni və yüsək bir tarixi mərhələsinə qədəm qoymuşdur. Bu xüsusiyyət Cənubi Qafqazın, o cümlədən, Azərbaycanın tunc dövrünə aid abidələrində daha parlaq şəkildə əks olunmaqla, Azərbaycanın minillikləri əhatə edən mədəni irsini daha da zənginləşdirmişdir.

Bunlardan əlavə, Azərbaycanın cənub-şərq bölgəsində tunc dövrünün sonu və dəmir dövrünün başlanğıcına aid edilən Talış-Muğan mədəniyyəti mövcud olmuşdur. Göstərilən mədəniyyətlərin hər biri oturaq həyatla bağlı olmaqla, özünəməxsus yüksək yerli xüsusiyyətləri ilə seçilmiş, saysız-hesabsız abidələrlə sübuta yetirilmişdir. Tunc dövründə qazanılan maddi və mənəvi nailiyyətlər daha da artmış, yeni mədəni qatın əsasını təşkil etmişdir. Azərbaycanın qədim mədəni irsinin sonrakı qatı ilkin maddi istehsal formalarının mənimsənilməsi, erkən əkinçilik mədəniyyətlərinin yaranması ilə əlamətdar olmuşdur.
Azərbaycanın ilk sakinlərinin düşərgələrərində aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikanın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir