“Şahmərdan Elçibəyə xəyanət edə bilməzdi”

Heydər Əliyevsə bunu istəyirdi

«O, erməni əsirə görə təklif olunan bir çemodan qızıldan imtina etdi, əsiri Xocalıda əsir düşən 10 qadına dəyişmək istəyirdi…»

Qəhrəmanlar ölmür, deyirlər. Onlar bəzən unudulurlar. Elə qəhrəmanlar da var ki, öz xalqının azadlıq simvoluna çevrilir. Belələri qəhrəman adını öz xalqının azadlığı uğrunda mübarizə apararaq qazananlardı. Babək kimi, Uilyam Volos kimi… Azərbaycanın uzaq və yaxın tarixində azadlıq uğrunda canından keçən elə qəhrəmanlarımız var ki, həmin qəhrəmanları qəsdən, indiki hakimiyyətin xüsusi siyasəti nəticəsində unutdurmağa çalışıblar bizə. Belə qəhrəmanlardan biri də Naxçıvanda Şərur özünümüdafiə batalyonunun komandanı olmuş Şahmərdan Cəfərovdur.  Silahdaşları onu 90-cı illərin canlı əfsanəsi adlandırırlar. Əksər naxçıvanlılar isə belə hesab edir ki, o olmasaydı bəlkə də Naxçıvan indi düşmən tapdağı altında qalmışdı. Naxçıvanda hamı sevirdi onu. Özünəməxsus xarakteri var idi. Dostları deyir ki, belə insanı tarix çox nadir hallarda yetişdirir. Şahmərdan öz mərdliyi, cəsarəti, sadəliyi,  həqiqi vətənsevərliyi ilə naxçıvanlıların qəlbində dərin kök salıb. Buna görədir ki, ölümündən düz 16 il ötməsinə baxmayaraq, indinin özündə də Naxçıvanda hamı onu hörmətlə yad edir. Siyasi dünyagörüşündən asılı olmayaraq, sanki hər kəs özünü ona borclu sayır. Ailə qurmağa hazırlaşan elə cütlüklər də var ki, onun qəbrindən xeyir-dua almadan özlərinə toy çaldırmırlar.

Qısa tanıtma

Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975-77 illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində qalaraq orta ixtisaslı hüquq məktəbini bitirib. 1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. 1988-ci ildə  Azərbaycana qayıdıb.

1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb. Şahmərdan Cəfərov rütbəcə mayor olub.
O, 1990-cı ildə Şərur rayonundan Azərbaycan parlamentinə üzv seçilib. 1995-ci il mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib.
Bundan təqribən 3 həftə sonra, iyunun 17-si Kələkidən – eks-prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib. Istintaq materiallarında qeyd edilir ki, o, 5 güllə yarası alıb. Naxçıvan Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra iyunun 26-da Bakıya – Şüvəlan istintaq təcridxanasına gətirilib. 29 iyunda dustaqlar üçün nəzərdə tutulmuş hospitala köçürülüb, elə həmin gün orada vəfat edib.

“O, haqsızlığa qarşı elə uşaqlıqdan mübarizə aparıb”

Şahmərdan Cəfərov döyüşçü dostları ilə

Şahmərdan Cəfərovun keçdiyi həyat yoluna, öldürülməsinin səbəblərinə işıq salmaq üçün onun ailə üzvləri və keçmiş silahdaşları ilə söhbətləşmək qərarına gəldik.
Hüseynqulu Cəfərov Şahmərdanın böyük qardaşıdır. O, deyir ki, Şahmərdan elə uşaqlıqdan haqsızlığa qarşı mübarizə aparıb:
– Yadımdadır, Şahmərdan 15-16 yaşlarında idi. O vaxtlar  polislər kəndimizə gəlib əhalinin dolanışıq yeri olan istixanaları sökürdülər, camaatı incidirdilər. Həmişə polislər bu məqsədlə kəndə gələndə Şahmərdan onlara qarşı çıxaraq camaatı müdafiə eləyirdi. Buna görə onu bir dəfə həbs etmişdilər, 3 gün həbsdə qaldı.
Hüseynqulu Cəfərov qardaşının döyüşçü gündəliyini də vərəqləyir:

“Bir çemodan qızıl”

Şahmərdan Cəfərov əsgərlərə baxış zamanı, 1992-ci il.

“O, vətəni, milləti çox sevirdi. Eşidəndə ki, ermənilər haradasa bizimkilərdən girov götürüblər, bütün vasitələrdən istifadə edib, onları azad etməyə çalışırdı. 1992-ci ildə   Ermənistan Dərman Fermentasiya Idarəsinin rəisinin qızını  Sədərəkdə əsir götürmüşdü. Şahmərdan evə gəlib dedi ki, həmin əsiri azad etmək üçün ermənilər ona Moskvadan zəng edərək, bir çemodan qızıl təklif ediblər. Şahmərdan bundan imtina etmişdi. Şahmərdan erməni əsirin azad olunması əvəzində Xocalıda girov götürülən azərbaycanlı qadınlardan   10 nəfərinin geri qaytarılmasını tələb edirdi. Uzun danışıqlardan sonra ermənilər bu tələblə razılaşmışdılar. Həmin ərəfədə Heydər Əliyevin təkidli tələbi ilə erməni əsir  Naxçıvan Muxtar Respublika Müdafiə komitəsinə təhvil verildi. Bundan sonra həmin əsirin taleyindən xəbərimiz olmadı”.
Hüseynqulu Cəfərov Şahmərdan Cəfərovun siyasi baxışlarını isə belə xarakterizə edir:

Heydər Əliyevlə münasibətlərin korlanma səbəbləri

“AXC-nin fəallarından idi. Elçibəyi özünə ideal sayırdı. Onun yolunda canından keçməyə hazır idi. Heydər Əliyevlə də əvvəllər münasibətləri yaxşı olub. Sonra soyuqluq yarandı aralarında. Soyuqluğun bir sıra səbəbləri var idi. Şahmərdan bu səbəblər barədə evdə də tez-tez danışırdı.
Heydər Əliyev Sədərək kəndi üçün mühüm əhəmiyyət kəsb edən Miltəpə postunun geri alınması planına qarşı çıxmışdı. O vaxt Bakı Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublikasına daxili işlər naziri təyin edəndə Şahmərdan bu qərarı dəstəkləyirdi, Heydər Əliyev isə bu qərara qarşı idi. Aralarındakı soyuqluq belə yarandı. Soyuqluğa səbəb olan elə  məsələlər də var idi ki, indi onları danışa bilmərəm”.
“O, Elçibəyə xəyanət edə bilməzdi”
– 1993-cü ildə Heydər Əliyev Bakıya gedəndən sonra Şahmərdana müdafiə naziri postunu təklif etdi. O, qətiyyətlə bu təklifi rədd etdi. O, Elçibəyə xəyanət edə bilməzdi.  Sonra ondan tələb etdilər ki, Sərhəd Qoşunlarından istefa versin. Bu məqsədlə Şahmərdana bir neçə dəfə sui-qəsd də təşkil olundu. Sonda hakimiyyətin apardığı siyasətə etiraz olaraq Şahmərdan vəzifəsindən istefa verdi.
1994-cü ilin avqustunda Şahmərdan və onun silahdaşlarına qarşı qanunsuz silahlı dəstə ittihamı ilə cinayət işi açıldı. Həmin ilin dekabrında artıq parlamentdə Şahmərdanın həbs olunmasıyla bağlı fikirlər səsləndirilməyə başlandı. 1995-ci ilin may ayının 18-də spiker səviyyəsində bu məsələ gündəliyə gətirildi. Təklif bir neçə dəfə səsə qoyulsa da, səs çoxluğu alınmırdı. Elə həmin gün Şahmərdan evi tərk etdi. Bir də cənazəsi qayıtdı.

“Şahmərdan orada 5 güllə yarası alıb”

Hüseynqulu Cəfərov deyir ki, evdən çıxandan sonra ən çox Culfada və Ordubadda – Elçibəyin yanında olub.
– Nəhayət 30 mayda parlamentdə Şahmərdanın həbsiylə bağlı qərar qəbul edildi. 17 iyunda səhər tezdən Şahmərdan özünün “Niva” maşınında Kələkidən qayıdarkən Bənənyar kəndində Zəfər Həsənquliyevin idarə etdiyi avtomobil onları izləyib. Həmin avtomobildə Culfa rayon polis bölməsinin keçmiş rəisi Qurban Qurbanov da olub. Onların maşını Şahmərdangilin “Niva”sına yaxınlaşanda Qurban Qurbanov Şahmərdan oturduğu istiqamətə atəş açıb. Maşında əlavə üç nəfər də olub. Onlar deyirdi ki, Qurban xəbərdarlıq etmədən Şahmərdanı güllə yağışına tutub. Şahmərdan orada 5 güllə yarası alıb. 4 saat yaralı vəziyyətdə qaldıqdan sonra Naxçıvan polisləri gəlib onu həbs ediblər. Daha sonra xəstəxanaya aparıblar.
Xəstəxananın ətrafını polislər mühasirəyə almışdı, heç kimi yanına buraxmırdılar. Həkimlərin səyi nəticəsində bir həftə sonra Şahmərdan ayağa qalxdı.
Və daha 2 güllə…
Rəsmi sənədlərdə göstərilirdi ki, 5 güllə yarası var. Amma həkimlər bizə deyirdilər ki, güllə yarası 7-di. 5-i avtomatdan, 2-si tapançadan, yaxın məsafədən açılıb. Sonradan öyrəndik ki, xəstəxanaya gətirilərkən, ölsün deyə, yolda tapançayla yaxın məsafədən ona daha iki güllə vurulub. 
Iyunun 26-da onu yaralı vəziyyətdə Bakıya – Şüvəlan türməsinə apardılar. Ayın 29-na kimi türmədə ona ağır işgəncələr veriblər. Bu haqda bizə oradakı dustaqlar deyib. Iyunun 29-u səhər tezdən onu xəstəxana adı ilə türmədən çıxarıb yük maşınında axşama kimi şəhəri dolandırıblar. Məqsədləri o olub ki, Şahmərdan ölsün. Axşam xəstəxanaya gətirilib, bir neçə saatdan sonra vəfat edib.

“Şahmərdan əqidəsindən dönmədiyinə görə qəsdən öldürüldü”

– Şahmərdan əqidəsindən dönmədiyinə görə, qəsdən öldürüldü. Onu istəsəydilər, həbs edə bilərdilər. Görünür, həbs onlara sərf etməyib. Çünki, əllərində sübut yox idi. Həm də Şahmərdanın nüfuzundan çəkinirdilər. O, həbs olunsaydı bütün Naxçıvan ayağa qalxıb, onun azadlığını tələb edəcəkdi.  Onlara Şahmərdanın ölüsü sərf edirdi. Şahmərdanı siyasi sifarişlə güllələdilər.
ardı var

Yafəz Əkrəmoğlu

Video və fotolar “Azadlıq” radiosundan götürülüb