Vaşinqtonun maliyyə zərbəsi avtoritar rejimləri çökdürəcək

Rahim Hacıyev: «ABŞ son bir il ərzində bütün dünyaya göstərib ki, bundan sonra demokratik dəyərləri çox ciddi şəkildə müdafiə edəcək»

 

ABŞ hökuməti avtoritar rejimlərə zərbə vuracaq daha bir addım atıb. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində 2012-ci il büdcəsi müzakirə olunan zaman bir sıra konqresmen diktatura rejimlərinə yardım göstərilməsinin əleyhinə çıxıb. Onlar bunu ABŞ-dan dəstək alan Şərqi Avropa və Yaxın Şərqin bir çox avtoritar liderlərinin Vaşinqtonun dəstəklədiyi dəyərləri açıq şəkildə inkar etmələri ilə izah edib. Konqresmenlər demokratiya, təhlükəsizlik və rifahın ABŞ-ın arxasında durduğu universal dəyərlər olduğunu, ancaq bu dəyərləri ayırmağa cəhd göstərən liderlərin hələ də bu ölkədən dəstək almaqda davam etdiklərini deyib. Onlar bu siyasətə dərhal son qoyulmasını tələb edib.
Qərbin avtoritar rejimlərin hökm sürdüyü ayrı-ayrı ölkələrə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi artıq yenilik deyil. Lakin məsələnin artıq Konqres səviyyəsində müzakirə edilməsi və avtoritar rejimlərə maliyyə yardımının dayandırılması tələbinin səslənməsi belə ölkələrə nə vəd edir?
Siyasi ekspert Rahim Hacıyev ABŞ hökumətinin artıq fərqli strategiyanı həyata keçirdiyini deyir. Artıq ABŞ böyük strateji plan hazırlayıb və indi onun həyata keçməsi istiqamətində işlər aparılır: “Nəhayət, ABŞ-da belə qənaətə gəliblər ki, dünyada təhlükəsizlik, sülh, inkişaf, xalqların normal yaşayışı ümumbəşəri dəyərlərin təntənəsi şəraitində mümkündür. Nə qədər ki, bu dəyərləri qəbul etməyən, onlara hörmət etməyi özünə borc bilməyən qüvvələr hakimiyyətdə qalacaq, o vaxta qədər belə dəyərlərə də, insanların təhlükəsizliyinə də təhlükə olacaq. Dünyada, müxtəlif ölkələrdə insanların normal həyat sürməsi imkanlarını yaratmaq mümkün olmayacaq”.
Ekspertin sözlərinə görə, xeyli vaxtdır ABŞ-da bu qənaətə gəliblər ki, dünyada demokratik dəyərlərin bərqərar olunması üçün ciddi səylər göstərmək lazımdır. Bunu heç bir halda demokratiya ixracı kimi qəbul etmək olmaz. Çünki bu, bütün dünya üçün müstəsna əhəmiyyət kəsb edən məsələdir. Demokratiyanın dəstəklənməsi bəşəriyyətin fundamental problemləri ilə bağlı məsələlərin həllinə yönəldiyindən mühüm əhəmiyyət kəsb edir.
Ekspert Konqresdə səslənən bu fikirlərin heç də gəlişigözəl sözlər olmadığını da qeyd etdi. ABŞ təxminən son bir il ərzində bütün dünyaya göstərib ki, bundan sonra demokratik dəyərləri çox ciddi şəkildə müdafiə edəcək: “ABŞ universal dəyərlərin dünyada bərqərar olması üçün hər cür addımlar atmağa hazırdır. Bir neçə ölkədə artıq belə addımlar atılıb. Ona görə də dünyadakı proseslərə müstəsna təsir imkanı olan ABŞ-da belə bir mövqenin mövcudluğu və onun əslində dominantlıq təşkil etməsi avtoritar rejimlərin çökməsi ilə nəticələnəcək. Fevral ayında Obama çıxışlarının birində dedi ki, avtoritar rejimlər tarixin arxivinə göndəriləcək. Belə fikirlər səslənməsi artıq ciddi qərarların həyata keçirilməsi mərhələsinin başlamasından xəbər verir”.

Fizzə