Partiya fəalı Rufulla Axundzadə şahidlərin prosesdə ifadə verməzdən əvvəl and içməsini istəyib
Dünən Ağır Cinayətlərə dair Işlər üzrə Məhkəmədə hakim Eldar Ismayılovun sədrliyi ilə Islam Partiyasının lideri Mövsüm Səmədovun və partiyanın 6 üzvünün: işi üzrə hazırlıq iclası davam edib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə, o cümlədən hakimiyyəti devirmək cəhdində, qanunsuz silah saxlamaqda və s. ittiham olunurlar.
Müttəhimlər kürsüsündə Səmədovdan başqa partiyanın sədr müavini Vaqif Abdullayev, Astara təşkilatının sədri Rufulla Axundzadə, partiya fəalları Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov, Fəramiz Abbasov və Mikayıl Zülfüqar əyləşiblər.
Iclasda vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər. Dəyanət Səmədovun vəkili Həbib Pənahov çıxış edərək müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirin ləğv olunması və bütünlükdə ona qarşı cinayət işinə xitam verilməsini tələb edib.
Məmmədrzayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinə qarşı Quba şəhərindəki “Ərdəbil” məscidində Iranı təbliğ etməsi və Azərbaycanda dövlət çevrilişi hazırlaması ittihamlarının əsassız olduğunu bildirib. Vəkil qeyd edib ki, Məmmədrzayev Qubada avtomobil dəmirçisi işləyir və onun siyasətlə heç bir əlaqəsi yoxdur. Calmalzadə müdafiə etdiyi şəxsin sərbəst buraxılması barədə vəsatət qaldırıb.
Bundan sonra təqsirləndirilən şəxslər M.Səmədov, R.Axundzadə vəsatətlə çıxış ediblər. Səmədov prosesdə videoçəkiliş aparılması, həmçinin AIP-in Nərimanov rayonu ərazisində yerləşən qərargahının partiyaya qaytarılması ilə bağlı vəsatət qaldırıb. R.Axundzadə isə şahidlərin prosesdə ifadə verməzdən əvvəl “Qurani-Kərim”ə and içməsini istəyib.
Dövlət ittihamçısı irəli sürülmüş vəsatətlərin əsassız olduğunu bildirib.
Məhkəmə partiyanın mənzil-qərargahına polis nəzarətinin götürülməsi və sübutlar siyahısının məhkəmədə açıqlanmasına dair vəsatətlərin baxılmamış saxlanılmasını qərara alıb. Digər vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı avqustun 4-nə təyin edib.
Yanvarın 2-də AIP Baş Məclisinin iclasında partiya lideri Mövsüm Səmədov məktəblərdə hicabın qadağan edilməsini kəskin tənqidə məruz qoyub və bunu xalqın mənəviyyatına zərbə kimi qiymətləndirib. O, Məhəmməd Peyğəmbərdən (s.a.s.) sitat gətirərək, “din uğrunda candan keçmək lazım gəldiyini”, Azərbaycanda hazırda belə bir vəziyyət yarandığını deyib.
O, xalqı “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. Islam Partiyası liderinin çıxışı YouTube-da yayılıb. Sonradan Səmədov və partiyanın daha 9 fəalı həbs edilib. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmək cəhdi, mütəşəkkil cinayətkar qrup yaratmaq, qanunsuz silah saxlamaq və s. ittihamlar irəli sürülüb(Turan).


