«Azadlıq» 2 aprel məhbusu Rüfət Hacıbəylinin evindən yazır
«İlham Əliyev xalqın prezidenti olmalıdır, bir qrup adamın yox; gənclərin həbsi Prezident Administrasiyasının göstərişidir»
İbrahim Hacıbəyli: «Oğlum «Azadlıq», «İstefa» deyib, mən də deyirəm. Gəlib məni də həbs etsinlər»
Ailəsi onun yolunu gözləyir. Günahsız yerə həbs olunduğuna görə yox, səhhətinə görə… Hərbi xidmətə getmək üçün komissarlığa üz tutub. Onu qarşılayanların dili-dodağı quruyub. Indiki zamanda hamı olmasa da, əksəriyyət hansısa adla əsgərlikdən yayınmaq istəyir, o isə könüllü gəlib. Araşdırma aparılır, ürəyində qüsur olduğu üzə çıxır. Və o, hərbi xidmətə gedə bilmir…
“Rəsulzadənin qurduğu dövlət yaxşı dövlət idi, ancaq ruslar imkan vermədi”
O, Ictimai Palatanın aprelin 17-də keçirdiyi mitinqə görə 5 sutka inzibati qaydada azadlıqdan məhrum edilib. Lakin aprelin 23-də 2 aprel mitinqinə görə barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə və ya fəal iştirak etməsiylə ittiham elan olunub və 2 aylıq həbs-qətimkan tədbiri seçilib…
Ailəlikcə müsavatçıdırlar. Babası da 1911-ci ildə Müsavatın qurucularından olub. O, nəvələrinə deyirmiş ki, “Rəsulzadənin qurduğu dövlət yaxşı dövlət idi, ancaq ruslar imkan vermədi”. Bu sözləri eşidəndə nədənini soruşmamışdılar. Indi çox peşmandılar. Çünki baba nəsə demək istəyirmiş, nəvələri uşaq olduğundan bu niyyətindən vaz keçirmiş.
Kaş soruşaydılar…
Indi özü kimi atası da babasının yolunu gedir. Müsavat ideologiyasını yayırlar. Ağcabədidə hər kəs onlara xüsusi rəğbət bəsləyir. Kimlikləri hamıya bəllidir. “Xocalı”, “31 mart” soyqırımlarında insanlar onlarla birgə Şəhidlər xiyabanına gedirlər… Bir sözlə, rayonda adlı-sanlı nəslin nümayəndələrindəndirlər.
Əslən Ağcabədi rayonundan olan qəhrəmanımız 1985-ci il dekabrın 26-da Bərdə rayonunda anadan olub. Qərb Universitetinin hüquq fakültəsini bitirib. 2003-cü ildən Müsavat Partiyasının sıralarına qoşulub. Hazırda partiyanın Gənclər Təşkilatının sədr müavini, Müsavat Məclisinin üzvüdür.
Atası Ibrahim Hacıbəyli uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Bu səbəbdən də onlar ailəlikcə bir müddət Yevlaxda yaşayıb, sonradan yenə Ağcabədiyə köçüblər.
Dövlətə vurulan 600 manatlıq ziyan
Əqidə yoldaşları onun təmkini, mülayim davranışı ilə daim nümunə olduğunu deyirlər. Qardaşı Cavid də təsdiqləyir ki, o, emosional deyil və ətrafı onun sakit təbiətli adam olduğuna əmindir: “Konstitusiyanın 49-cu maddəsinə görə, dinc mitinqlərdə, dinc etiraz aksiyalarında iştirak etməyə hər bir vətəndaşın hüququ var. Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə həbs edilməsi konstitusiyanın 49-cu maddəsinə ziddir. 2 aprel mitinqində qardaşım guya polis maşınına hücum edib. Ancaq bu, ağ yalandır. O, həmişə gənclərə də deyirdi ki, heç vaxt qarşıdurmaya getməyin”.
Atası Ibrahim bəy Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin fəal iştirakçısı olub. Övladlarını vətənpərvər ruhda böyüdən ata onların sağlam əqidəsi ilə fəxr etdiyini bildirdi: “Mən 1997-ci ilə qədər inzibati orqanlarda işləmişəm, eyni zamanda Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Ailəmi ac-susuz, səksəkə içərisində qoyub soyuq səngərlərdə yatanda bu gün hazıra nazir olanlar harada idi? Uşaqlarımın 5-6 yaşı olanda onları dəfələrlə döyüş bölgəsinə aparıb demişəm ki, baxın, düşmənlərimiz bu təpənin arxasındadır. Yəni, körpəlikdən onları vətənpərvər ruhda böyütmüşəm. Özüm polis işçisi olmuşam. Necə ola bilər ki, oğlum polisə zor tətbiq etsin? Bildiyimə görə, bir hüquq işçisi Allahsız iş tuta bilməyəcəyini söyləyib və bu işə yaxın getməyib. Hakimiyyət ürəyində sağlamlığı ilə əlaqədar 4 qüsuru olan çəlimsiz uşaqdan bu qədər qorxursa, bəs erməni ilə necə müharibəyə gedəcək? Deyirlər ki, oğlum dövlətə 600 manat ziyan vurub. O, mitinqə balta-yaba ilə çıxıb, maşınlara zərər yetirirdi. Niyə istintaqa bu zərərin video görüntüləri verilmir?”.
“Onlar Azərbaycanın gələcəyidir”
“Ilham Əliyev xalqın prezidenti olmalıdır, bir qrup adamın yox. Əgər dövlət başçısı hamıya başçılıq edirsə, niyə belə ayrı-seçkiliyə yol verir? Polis həmkarlarım deyir ki, bu gənclərin həbsi Prezident Administrasiyasının göstərişidir. Oğlum ”Azadlıq”, “Istefa” deyib. Bunu mən də deyirəm. Gəlib məni də həbs etsinlər” – deyir Ibrahim bəy.
O, 2 aprel mitinqinə görə həbs olunanların əvəzinə məhbəs həyatı yaşamağa da hazır olduğunu dilə gətirdi: “2 aprel və digər qondarma ittihamlarla həbs olunan gəncləri azad etsinlər. Onlara veriləcək işləri mənim üstümə yükləsinlər. Bu insanların yerinə məhbəs həyatı yaşamağa hazıram. Çünki onlar Azərbaycanın gələcəyidir. Bizə belə insanlar lazımdır”.
9 aydır oğlunun üzünü görməyən anası Alagöz xanım (Rüfət işdən macal tapıb rayona gedə bilmirdi. Sonuncu dəfə ata yurdunda ötən ilin noyabrında olub – R.D) oğlunun səhhətindən çox narahatdır: “O, uşaqlıqdan haqsızlığa qarşı mübarizə aparıb. Novruz bayramı ərəfəsində ona 5 sutka həbs cəzası verildi. Bayramda yolunu gözlədim, gəlmədi. Ən sevdiyi yeməyi – aş bişirəcəkdim, ancaq bişirə bilmədim. Indi oturub səbirsizliklə oğlumun yolunu gözləyirəm”.
Onun evində Məhəmməd Əmin Rəsulzadənin büstü var. 1992-ci ildə rayonda dahi şəxsiyyətin büstünü qoyurlar. 8 il sonra isə büst “yox”a çıxır. Aidiyyəti qurumlardan büstün taleyini soruşanda “oğurlayıblar” cavabını alırlar. Bir neçə il keçəndən sonra, yəni, 2009-cu ildə Ibrahim bəy əqidə yoldaşı Rəşid Nəcəfliylə (hazırda Müsavat partiyasının Ağcabədi rayon təşkilatının sədridir – R.D) büstün yerini müəyyənləşdirir. Məlum olur ki, hökumət Rəsulzadəyə qiyməti, büstünü yerə basdırmaqla verir. Bir neçə gün ərzində onlar həmin məkana gedir və çətinliklə də olsa büstü torpaqdan çıxara bilirlər. Bir il bu məsələni gizli saxlayırlar. Yalnız 2010-cu ildən sonra bunu ictimailəşdirirlər.
Ramin DEKO,
Bakı-Ağcabədi-Bakı