“Şahin Həsənlinin həbsi hakimiyyətin mahiyyətini göstərir”

Leyla Yunus: «Bu həbslə iqtidar siyasi məhbus problemini dərinləşdirdi»

Iyulun 21-də Şəmkir Rayon Məhkəməsinin qərarı ilə iki il azadlıqdan məhrum edilən AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli ölkədə siyasi məhbusların sayını artırdı. Xatırladaq ki, 2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Ş.Həsənli barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdı. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılmışdı və o, polisə aparıldıqdan sonra orada onun gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılmışdı. Elə iki il həbs cəzası da məhz tapılan güllələrə görə verildi.
Hüquq müdafiəçisi Leyla Yunus məhkəmənin qərarını pisləyərək, bu hadisənin bir daha ölkədəki idarəçiliyin mahiyyətini göstərdiyini dedi: “Hakimiyyət cəmiyyəti qorxu altında saxlamaq istəyir. Bununla da hakimiyyət cəmiyyətə nəzarəti əldən vermək istəmir. Belə çıxır ki, hakimiyyət bir məntiqi tanıyır, hamı ona işləməlidir. Iqtidar siyasi məhbus probleminin həllində maraqlı deyil. Azad olunan məhbusların yerini yeniləri alır. Hələ il sona çatmayıb, artıq bizim otuz siyasi məhbusumuz var”.

Xəyal