Partlayan təyyarədəki cəsədlərdən xəbər yoxdur

İlham Əmirov: «Həmin yanğın yerindən hansısa bir cəsəd əldə etmək inandırıcı deyil»

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, AZAL-ın vitse-prezidenti Ilham Əmirov dünən mətbuat konfransı keçirib.
I.Əmirov bildirib ki, komissiyanın Azərbaycandan olan bir neçə üzvü vizaları başa çatdığına görə geri qayıdıb: “Bəziləri isə Əfqanıstandakı komissiyanın tərkibində fəaliyyətlərini davam etdirir”.
Onun sözlərinə görə, komissiyanın əsas məqsədi həlak olmuş ekipaj üzvlərinin cəsədlərini qəza yerindən götürüb ailələrinə təhvil verməkdir: “Ikinci işimiz hadisənin təhqiqatında iştirak etmək, qəzanın səbəblərini öyrənib ictimaiyyətə və beynəlxalq qurumlara çatdırmaqdır”.
I.Əmirov bu günədək həlak olanlar barədə heç bir məlumat əldə olunmadığını deyib:”Bu günə olan yeni məlumat ondan ibarətdir ki, hadisə yerində “qara qutu”lardan biri tapılıb. Bundan başqa, hadisə yerinə aid fotoşəkillər əldə etmişik. Tam məsuliyyətlə deyirəm ki, bu şəkillərdə bu təyyarənin doğrudan da bizimki olduğu təsdiqlənir”.
I.Əmirov deyib ki, cəsədlərin əldə edilməsi ilə bağlı vəziyyət olduqca çətindir. Hadisə yerində böyük partlayış baş verib. Bu partlayışı Kabil hava limanındakı dispetçer də görüb:”Həmin gün uçuş yerinə yetirilərkən hava şəraiti çox əlverişli olub və aeroportların verdiyi məlumata görə, gecə saat 1-ə yaxın baş verən güclü yanğın iki saata yaxın davam edib. Həmin yanğın yerindən hansısa bir cəsəd əldə etmək inandırıcı deyil. Əfqanıstan tərəfi, oradakı beynəlxalq koalisiya qüvvələri hadisə yerinə getmək cəhdlərini davam etdirmədilər. Lakin hadisə yerinə getmək mümkün olsa belə, orada cəsədlərin tapılacağını söyləmək mümkün deyil”.
I.Əmirov bildirib ki, hadisə yerinə paraşütçülərin də yaxınlaşması mümkün deyil: “Çünki ora hərbi cəhətdən də təhlükəlidir və bu cəhd hökmən insan itkisinə səbəb ola bilərdi. Indiyədək cəsədləri əldə etmək üçün Azərbaycanın Pakistan və Əfqanıstandakı səfirliklərini, ABŞ-ın Azərbaycandakı səfirliyini prosesə cəlb etdik. Mən bu şəkilləri görəndən sonra başa düşdüm ki, Əfqanıstan tərəfi bizim cəhdlərə niyə belə soyuqqanlı yanaşır. Yəni onlar bilirlər ki, hətta hansısa itkilər hesabına da qəza yerinə yaxınlaşmaq mümkün olsa belə, cəsədləri tapmaq çox çətindir. Çünki 190 tonluq təyyarədən qalan budursa, burda cəsəd tapmaq olarmı? Qəza zamanı təyyarənin bakında xeyli yanacaq olub. Bu yanacaq ehtiyat üçün – aeroport bağlı olarsa, başqa aeroporta enmək üçün lazımdır. Nəticədə baş verən partlayış zamanı yanğın uzun müddət davam edib. Amma biz ekipaj üzvlərini itkin düşmüş sayırıq. Qaydaya görə, onların axtarışı davam edəcək. Qaydaya görə, cəsədlər 6 ay ərzində tapılmasa, onlar həlak olmuş sayılacaq”.
Komissiya rəhbəri təyyarənin vurulması ilə bağlı ehtimallara hələ də aydınlıq gətirilmədiyini söyləyib: “Bu ehtimal da, başqa versiyalar da var və onların hamısına baxılır”.
I.Əmirov deyib ki, təyyarənin “qara qutu”su hadisənin baş verdiyi Pərvan əyalətinin polis hissələri tərəfindən tapılıb. Onun sözlərinə görə, “qara qutu” hazırda komissiyanın Əfqanıstan tərəfdən olan sədrindədir: “yaxın günlərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının Moskvadakı qərargahına göndəriləcək:”Biz onlara müraciət etmişik ki, beynəlxalq konvensiyaya uyğun olaraq “qara qutu” hər iki tərəfin – həm Əfqanıstanın, həm də Azərbaycanın nümayəndələrinin iştirakı ilə açılmalıdır. Xahiş etmişik ki, qutu bizim iştirakımızla oxunsun”. Qeyd edək ki, təyyarədə 9 nəfərdən ibarət ekipaj üzvü olub(APA).