Öcalan Türkiyə parlamentidə çıxış etmək istəyir

Türkiyədə həbsdə olan terrorçu PKK təşkilatının lideri Abdulla Öcalan vəkilləri ilə görüşüb. “Media forum” saytının məlumatına görə, Öcalan görüşdə Türkiyə ilə PKK arasında 30 illik münaqişəyə son qoya biləcək yeganə insan olduğunu iddia edib: “Biz silahı yerə qoymaq istəyirik. Mən bunu birbaşa elan edirəm. Məndən başqa heç kim PKK-nı silahı yerə qoymağa məcbur edə bilməz”.

Öcalan Silvanda 13 türk əsgərinin və 2 PKK üzvünün ölümü ilə nəticələnən qarşıdurmadan sonra sakitləşməyə çağırıb. O, Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın bu yaxınlarda PKK haqda açıqlamasına da münasibət bildirərək PKK-nın 1993-cü ildən silahı yerə qoymaq niyyətində olduğunu söyləyib: “Silvandakı hücumdan bir neçə gün sonra mənim Türkiyənin nümayəndə heyəti ilə daha bir görüşüm oldu. Mənə sülhməramlı rolunu oynamaq üçün imkan verilməsini tələb etdim. Əgər onlar öz üzərinə düşən işləri yerinə yetirsələr, mən də lazım olan hər şeyi edərəm. Mənim Türkiyə parlamentində çıxışım lazımdır. Əgər onlar münaqişəni demokratiya və konstitusiya yolu ilə həll etmək istədiklərini deyirlərsə, biz onu bir həftəyə həll edə bilərik”.

Terrorçu təşkilatın lideri ona belə bir imkan verilmədiyi təqdirdə toqquşmaların davam edəcəyini və böyük itkilərin olacağını bildirib.

1999-cu ildə tutulan Abdulla Öcalan ömürlük həbsə məhkum olunub. O, İmralı həbsxanasında saxlanır.