Bu mükafatı alimlərimizin alması mümkün deyil.
Nədənini hər kəs bilir.
Bilməyənlər elmi fəaliyyətdən daha çox bir-biri ilə intriqa aparan və var-dövlət toplamaq yarışına girən yekə alimlərimiz barədə bilgisi olanlardan xəbər alsın.
Ancaq bizdə insan hüquqlarının müdafiəsinə görə Nobel mükafatını almaq üçün çox gözəl şərait var.
Bu gün Azərbaycanın elə bir yaşayış məntəqəsi yoxdur ki, orada insanlar haqsızlıqla üz-üzə qalmasın.
Məmur özbaşnalığı, polis zorakılığı, qanunların tapdanması nəticəsində vətəndaşların hüquqları saya salınmır. Və hələ ki, elə bir qurum, elə bir hüququ müdafiəçisi bu mükafatı almaq üçün can-dildən meydana girmir.
Doğrudur, çox sayda Qeyri Hökumət Təşkilatı (QHT) insan haqlarının müdafiəsi ilə məşğul olur. Onların da əksəriyyəti ya insan hüquqlarını pozan rejimin nəzarətindədir, ya da qrant aldıqdan sonra dozalı fəaliyyət göstərir.
Aralarında bir-iki QHT var ki, gerçəkdən insan hüquqlarını müdafiə etməyə çalışır, fəqət onların da elə bir güclü reytinqi yoxdur.
Ictimai reytinqinə görə elə xadimlərimiz var ki, bu işə əl qoysalar, Nobel mükafatı almış bir soydaşımızla qürur duya bilərik.
Kimlərdir onlar?
1. Qafqaz Müsəlmanları Idarəsinin həşəmətli sədri Şeyxülislam Allahşükür Paşazadə;
Hörmətli şeyximizin Azərbaycanda yüksək nüfuzu var və ən başlıcası, onu prezident vəzifəyə təyin etməyib. Bundan da önəmlisi Allahın insana bəxş etdiyi hüquqları müdafiə etməyin Islam qanunlarına əsla zidd olmamasıdır.
Və cənab A.Paşazadə Azərbaycanın hər bir yaşayış məntəqəsində haqqı pozulan insanlar barədə müfəssəl məlumat alıb onların müdafiəsini təşkil etmək iqtidarındadır.
Şeyximizin maddi durumu, kifayət qədər tərəfdarı və xarizması onun bu işə əl qoyacağı təqdirdə uğur qazanacağını diqtə edir.
2. Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyev;
Səttar müəllimin Şeyxülislam qədər reytinqi olmasa da onun da vəzifəyə təyin olunması prezidentin fərmanından asılı deyil. Kütləvi işsizlik, yerli və xarici iş adamlarının fəhlələrlə anormal münasibəti Səttar Mehbalıyev üçün çox geniş imkanlar yaradır.
Səttar müəllim Azərbaycan həmkarlarının lideri kimi hüquqları pozulmuş insanların müdafiəsinə qalxmağa cürət etsə, böyük ehtimalla Nobel mükafatı almaq üçün namizədliyi beynəlxalq miqyasda dəstək tapacaq.
3. Azərbaycan Milli Məclisinin Insan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova.
Rəbiyyət xanım həm Şeyxülislamdan və həm də həmkarların liderindən daha şanslıdır. Onun parlamentə beynəlxalq siyasi institutların böyük önəm verdiyi bir komissiyaya rəhbərlik etməsi, xarizması, savadı, nitq qabiliyyəti tam yetərlidir və Rəbiyyət xanında bu məmləkətdə insan hüquqlarının kobud pozulmasına dair ictimaiyyətin belə bilmədiyi faktlar var.
Tam ciddiyyəti ilə vurğulayıram ki, xanım Aslanova Azərbaycanda insan hüquqlarının müdafiəsinə qalxsa, Iranın hüquq müdafiəçisi Nobel mükafatı laueratı Şirin Abadidən sonar bu nüfuzlu mükafatı almış ikinci azərbaycanlı olar.
Onu da tam ciddyyəti ilə yazıram ki, rejim bu xadimlərə qarşı heç vaxt repressiv tədbirlərə əl atmaz. Şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu bir din xadimini, ölkə həmkarlarının liderini və ya Milli Məclisin Insan Hüquqları Komitəsinin sədrini basqıya məruz qoymaq, həbsə atmaq dünyanı silkələyər.
Sizi bilmirəm, dəyərli oxucular, mən bu üç nəfəri Nobel mükafatını almağa şanslı saydım.
Onlardan daha şanslı olanı da var və onun da adı MILLƏTdir.
MILLƏT öz hüquqlarının müdafiəsinə qalxsa, nəinki “Nobel”i Azərbaycana gətirər, hələ bir imzasını sivil millətlərin siyahısına yazdırar da.