Elxan Şahinoğlu: «Mövcud vəziyyət dəyişməzsə, Türkiyə- Azərbaycan strateji müttəfiqliyində çatlar yaranacaq»
Türkiyəyə İranla eyni münasibəti bəsləmək olmaz
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Türkiyə ilə viza məsələsinin həllinin Irana görə yubanması barədə dedikləri mətbuatda əsas müzakirə mövzularından biridir. Ümumiyyətlə, Azərbaycanın Türkiyə ilə əlaqələri Iranla bir tərəziyə qoyması nə dərəcədə düzgündür? Müsahibimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğluna ilk sualımız bu məqamla bağlı oldu:
– Əli Həsənov Türkiyənin “Today`s Zaman” qəzetinə müsahibəsində sözlərinin təhrif olunduğunu bildirsə də, məndə belə bir təəssürat yarandı ki, əslində o, birinci dəfə düşündüklərini deyib. Türkiyəli jurnalistin nə marağı var ki, götürdüyü müsahibəni başayaq yazsın. Məsələn, müsahibədə deyilir ki, rəsmi Bakı Türkiyə ilə viza rejiminin ləğvində problem görmür, ancaq Iran buna kəskin etiraz edərək, ona münasibətdə də eyni addımın atılmasını istəyir, əks halda, Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsəcəyinə dair xəbərdarlıqla çıxış edib. Və ya Əli Həsənov müsahibədə Iranla viza məsələsinin həll edilməməsini iki amillə izah edib. Birinci ondan ibarətdir ki, Azərbaycan vasitəsilə Irandan Avropaya 300 tona qədər narkotik vasitə qaçaqmal yolu ilə daşınır və bunun yalnız 5-10 tonunu ələ keçirmək mümkün olur. Azərbaycan rəsmisinin dilə gətirdiyi ikinci amil isə rəsmi Bakının qonşu dövlətdəki proseslərə baxışını ortaya qoyur: “Iranda siyasi qeyri-sabitlik bizim tərəfə qaçqın axınına təkan verə bilər. Biz isə kiçik ölkəyik və milli təhlükəsizliyimiz barədə yaxşıca düşünməliyik. Odur ki, Iran kimi böyük dövlətlə münasibətdə vizasız rejim siyasəti yürütmək hazırkı mərhələdə Azərbaycanın milli maraqlarına uyğun deyil”. Maraqlıdır ki, türkiyəli jurnalist bu cümlələri, Naxçıvan-Iran sərhədini və konkret rəqəmləri özündən necə yaza bilərdi?
– Bəs onda Əli Həsənov nədən dediklərini danıb?
– Görünür, Əli Həsənov bu müsahibə ilə Iranla münasibətlərin daha da qəlizləşə biləcəyini düşünüb. Rəsmi Bakı əvvəlkitək Irandan ehtiyat edir. Tehran açıq-aşkar Bakını şantaj edir. Iran-Azərbaycan münasibətlərinin qəribəlikləri həddən artıqdır. Bir-birini dost adlandıran iki dövlət bir-birinin siyasətindən şübhələnməkdə davam edir. Iranlı rəsmilər Bakıya səfər etdikləri zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiklərini söyləyir, elə ki Yerevana gedirlər, Ermənistan hakimiyyətinin eşitmək istədikləri açıqlamaları səsləndirirlər. Buna görədir ki, Iran parlamentinin sədri Əli Laricani Bakıdakı mətbuat konfransında Islam həmrəyliyindən ağızdolusu danışarkən, jurnalistlərin “Işğal altındakı ərazilərdə məscidlərin dağıdılmasına münasibətiniz necədir” sualından yayınmağa üstünük verdi. Əks halda, yəni, Laricani məscidlərin dağıdılmasını pisləsəydi, bununla həm separatçıların bu əməllərini pisləmiş olacaqdı, həm də Ermənistana barmaq silkələmək məcburiyyətində qalacaqdı. Laricani və digər iranlı rəsmilər isə buna hazır deyillər. Ermənistanla əməkdaşlıq Tehrana Azərbaycanın irəliləməsini saxlamaq üçün vacibdir.
Bakı Tehranın şantajından çəkinir
– Iranın antiAzərbaycan siyasətinə rəsmi Bakının cavabını adekvat saymaq olarmı?
– Iranın Azərbaycana dost olmadığı və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maraq göstərmədiyi rəsmi Bakıya da aydındır. Bunu “WikiLeaks” saytının yayınladığı sənədlərdə də görmək olar. Dövlət başçısı Ilham Əliyev amerikalı diplomatlarla görüşlərdə Azərbaycan üçün ən böyük təhlükənin Irandan gəldiyini gizlətməyib. Buna baxmayaraq, rəsmi Bakı Tehranın şantajından da çəkinir. Yoxsa Azərbaycanın Israildə bu vaxta qədər səfirliyinin açılışının yubanmasını başqa hansı amillə izah etmək olar? Halbuki, Israil Aralıq dənizinə çıxarılan Azərbaycan neftinin ən böyük alıcılarındandır, iki ölkənin hərbi-sənaye kompleksləri arasında da əməkdaşlıq mövcuddur. Iran prezidenti Mahmud Əhmədinejad bir neçə gün öncəki çıxışında bölgə ölkələrinə müraciət edərək onları ABŞ və Israillə münasibətlərdə ehtiyatlı olmağa çağırıb. Iran prezidentinin bu açıqlamasından Azərbaycana da pay düşməmiş deyil. Çünki rəsmi Bakı enerji və təhlükəsizlik məsələlərində həm ABŞ, həm də Israillə əməkdaşlıq edir.
– Türkiyə ilə viza məsələsinin uzanması qardaş dövlətlə münasibətlərdə hansı fəsadları yarada bilər?
– Əli Həsənovun müsahibəsindən belə anlaşılır ki, Iran durduqca Azərbaycan Türkiyə ilə viza məsələsini həll etməyəcək. Halbuki, təxminən il yarım öncə elə həmin Əli Həsənov türkiyəli jurnalistlərə fərqli açıqlamalar verir, viza məsələsinin qısa zamanda həll olunacağını vəd edirdi. Hər halda Əli Həsənovun son müsahibəsini “irəliləyiş” də saymaq olar. Çünki, buna qədər Azərbaycan rəsmiləri Türkiyə ilə viza məsələsinin həllinin uzanmasını hansısa “texniki səbəb”lə izah edirdilər. Indi isə bu “səbəbin” konkret ünvanını göstərdilər: Iran. Belə çıxır ki, Tehran Bakını şantaj edir deyə biz strateji müttəfiqimiz Türkiyə ilə viza məsələsini hələ çox uzadacağıq. Ancaq bu halda rəsmi Bakı Türkiyə ilə strateji əlaqələri təhlükə altına atır. Azərbaycan hakimiyyəti Ermənistanla münasibətlər, Qarabağ münaqişəsi kimi mövzularda Ankaradan qarşılıqlı anlayış, xüsusi diqqət gözləyərkən, özü Türkiyə ilə münasibətlərə ögey münasibət bəsləyir.
Sizə başqa bir misal deyim. Azərbaycanın bir qrup məmur-oliqarxı Türkiyədə torpaq sahələri almağa çalışırlar və belə alqı-satqı faktları kifayət qədərdir. Ancaq elə ki, bunun qarşılığında Ankara da türkiyəli iş adamlarının Azərbaycanda alqı-satqısına icazə verilməsini istəyir, Bakı qırmızı işıq yandırır. Odur ki, mövcud vəziyyətin dəyişməyəcəyi halda Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin məzmununda dərin çatlar yaranacaq. Bu da düşmənlərimizin xeyrinədir. Ona görə də düşmən dəyirmanına su tökənlərin bir daha ciddi düşünmələrinə ehtiyac var.
Xəyal