Xalq yazıçısı Anarla yazıçı Şamo Arif arasındakı söz atışmasının arealı genişləndikcə genişləndi – Bakıdan Əylisəcən. Xalq şairi Fikrət Qocanın adından (adından!) “Azadlıq”da üç səhifə yazı getdi. Daha çox Anarın leksikonu, Anarın intonasiyası ilə süslənmiş bir yazı. Xalq yazıçısı Əkrəm Əylisli keçmiş dostları ilə “atışmaya” Əylisdən qatıldı. Sosial-siyasi problemlərlə dolu olan bu ölkədə, – milli maraqların amansızcasına tapdandığı bir yerdə, – illərlə ağızlarına su alıb partizancasına susan “xalq” yazarları özləri ilə bağlı yüngülcə bir qınağa necə də dözümsüzlük göstərirlər!
Xalq şairi adlanan Fikrət Qocanın adından gedən üç səhifəlik yazı “suyu” çıxarılandan sonra vur-tut bir köşəlik olardı. Köşə yazarlarına lağ eləməyi çox xoşlayan bu adamlar necə uzunçuluq, ucuz söz ustaları olduqlarını yaxşı göstərdilər. F.Qoca adından gedən üç səhifəlik qeybət dastanında bircə tutarlı-sanballı epizod vardı: Ə.Əylislinin bir daha fontan vuran erməni sevgisi. Orada Əkrəmdən ermənilərlə bağlı alınti verilib: “Bizdə imkan yaradırlar ki, hər yerindən duran erməni xalqı, onun tarixi, mədəniyyəti haqqında ağzına gələni danışın. Xalqları bir-birinə düşmən eləmək bəşəriyyət qarşısında cinayətdir”.
Bu yerdə Əkrəmə verilən cavab alqışa dəyər: “… hansı tərəfdən baxırsan bax – istər siyasi, istər fəlsəfi, istər coğrafi, Azərbaycan Ermənistanın torpaqlarını deyil, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, bir milyon insanımızı yurdundan-yuvasından didərgin salıb. Yəqin ki Sero xanzadyanların, Zori balayanların (Silva kaputukyanlar yaddan çıxıb – X.B.) Azərbaycan xalqını, onun tarixini, ədəbiyyatını təhqir etdiklərini bilməmiş deyil Əkrəm. Bilir və bu barədə susur, yalnız erməni tərəfin mövqeyini ifadə edirsə, bu, onun öz işidir”. Stop! Stop! Ola bilməz! Burada bizim nəyə görəsə üç-beş yurddaşımızı öldürmüş kriminal elementdən danışılmır. Burada Azərbaycan-Türk xalqını qırmağa, terror, qanlı qırğın yoluyla Azərbaycan-Türk torpaqlarını ələ keçirməyə, bizi bütünlüklə qırıb-çatmağa çalışan, faktiki olaraq planetar mədəniyyətə düşmən bir yığından danışılır! Ən yolverilməzi, ən iyrənci… mədəniyyət faktoru olaraq danışılır!!!
Əkrəmin böyük sevgi ilə qorumağa çalışdığı “xalqın” varlığı oğurluq, tarixi oğurluq, mədəniyyəti oğurluqdur. Çox demirəm, ermənilərin bircə elə böyük Üzeyir bəy Hacıbəyli “Arşın mal alan”ını oğurlayıb öz adlarına çıxmaları faktı yetər. Yeri gəlmişkən, Əkrəmin sevimli erməniləri Üzeyir bəyi – Azərbaycanın bu böyük mədəniyyət faktorunu güllələtmək üçün onunla bağlı Stalinə yüzlərlə donos yazıblar.
Yeri gəlmişkən, Əkrəmin sevimli erməniləri Doğu dünyasında ilk Demokratik Respublika qurmuş, bu Respublikanın parlamentində 11 erməniyə mandat vermiş kişilərdən ələ keçirdiklərinin hamısını terror yoluyla aradan götürüblər. ADR-in yetirməsi olan bir çox milli kadrları Əkrəmin sevimlisi olan ermənilər sonralar NKVD yoluyla ağır işgəncələr altında öldürüblər!
Rusiyanın Qafqazı tutmasından az sonra, 19-cu yüzilin 20-ci illərində özlərinə sınırboyu dayaq yaratmaq üçün SATQIN erməniləri tarixin o başlarından Azərbaycan – Türk torpaqları olaraq tanınan yerlərə – Batı Azərbaycanla (indiki “Ermənistan”) Qarabağa yerləşdirdilər. Rusiya başda olmaqla bir sıra böyük dövlətlərin yardım etdiyi ermənilər 1918-20-ci illərdə görünməmiş terror, qanlı qırğın yoluyla Azərbaycanı “Böyük Ermənistan”a çevirmək planlarına baş vurdular. Bircə fakt: 1919-cu ilin bilgisinə görə, Sürməlidə 68 %, Irəvan uyezdində 60,2%, Vedibasarla Millistanda 90% azərbaycanlı yaşayırdı. Indi “Ermənistan” adlanan o yerlərdə bircə azərbaycanlı belə… yoxdur! Kütləvi terror, qanlı qırğın yoluyla “Ermənistan” çoxdan monoetnik dövlətə çevrilib. Sənin qorumağa qalxdığın erməni mədəniyyəti budur, Əkrəm Əylisli. Yox, təkcə bu deyil, yaxşı olar Quqarkda ermənilərin 72 azərbaycanlı uşağı bir boruya doldurub öldürməsi faktını da çox sevdiyin o erməni mədəniyyəti kitabına salasan. Hələ mən Qarsdan Qubayadək ermənilərin azərbaycanlı anaları, uşaqları necə amansızlıqla süngüləyib öldürmələri kimi tükürpərdici faktları demirəm… Hələ mən ermənilərin bizim çağlarda Xocalıda törətdikləri soyqırımı, gəlinlərimizin, qızlarımızın başına açdıqları oyunları demirəm… Hələ mən Şuşanın ələ keçirilməyini, Ağdam kimi böyük bir şəhərin 21-ci yüzilin başlanğıcında Yer üzündən silinməsi faktını demirəm… Bunlar hamısı erməni cinayətləridir!
Əlimin altında bir kitab var: “Erməni terrorizmi və cinayətləri Azərbaycanda, Türkiyədə, Dünyada” (Bakı-Elm-1994). Adam bu kitabı oxuduqca erməni vəhşiliyindən, erməni qaniçənliyindən dəhşətə gəlir. Əkrəm də, Əkrəm kimilər də “sizin uydurmalarınızdır” deyib sevinməsinlər, yox, bu kitabı mən yazmamışam, biz yazmamışıq. Bunlar erməni cinayətləri ilə bağlı amerikalı alimlərin, araşdırmaçıların yazdıqlarıdır. Bu yazılardan biri amerikalı professor Maykl M.Günterindir. Günter yazı boyu erməniləri görün necə adlandırır: xain ermənilər, satqın ermənilər, xəbis ermənilər, sülənən ermənilər, naturaca çörəkləri düzlərinin üstündə olan ermənilər, həyasız ermənilər, yaltaq ermənilər, kütləvi erməni vəhşiliyi… Günter bütün bu epitetləri konkret faktlarla tutarqalayır, sonra da belə başa vurur: “SSRI Ali Sovetinin keçmiş sədri Anastas Mikoyan yaramaz işlərinə görə gerçək erməni idi”.
… Ötən yüzilin 80-ci illərinin sonlarında ermənilər “Böyük Ermənistan” ideyasının ikinci gerçəkləşdirmə fazası olaraq Qarabağa yiyələnmək işinə girişmişdilər. Ermənilərin partiya-dövlət adamları, alimləri yazarları bu yöndə bütöv bir cəbhə yaradaraq Azərbaycan xalqını bütün dünyada ləkələmə-qaralama kampaniyası aparırdılar. Onlar qəzetlərdə, jurnallarda, yeni-yeni buraxdıqları kitablarda bizim xalqımızı açıq olaraq ən pis sözlər-söyüşlərlə aşağılayaraq dünyanın gözündən salmağa çalışırkən Əkrəmin “Drujba Narodov” jurnalında ermənilərə sevgi dolu yazısı çıxdı. “Ermənistan”dan azərbaycanlılar burun-qulağı kəsilərək qovulurkən… Xalq arasında Əkrəmə qarşı kəskin bir acıq baş qaldırmışdı. Biz, bir qrup adam, o acığın qarşısını almaq, Əkrəmi qorumaq üçün çox çalışmalı olduq (onda mən Teleradio Verilişləri Komitəsində işləyirdim). Əkrəmin sonralar da tez-tez üzə çıxan ermənisevərliyindən göründüyü kimi, bizim çalışmalarımıza dəyməzmiş!