Hərəyə bir Cankorel

Azərbaycan Respublikasında bütün antixalq əməllərinin poliqonuna, təcrübə-sınaq mərkəzinə çevrilmiş Naxçıvan Muxtar Respublikasını müstəbidi, diktatoru statusuna yiyələnən Vasif Talıbovun rəsmlərdəki üz cizgiləri yaxşı heç nə vəd eləmir. Yaxşı nəsə vəd versəydi belə, onu gözləməyin mənası olmazdı, çünki əməllər göstərir ki, bu cizgilərin yiyəsi ağlasığmayacaq qədər amansız və bütün bunların qarşılığında sonsuz arxayındı.

Onda cəmləşən bu despotik cəhətlər onun gerçəkdən son dərəcə güclü şəxsiyyət, avtoritet olmasından deyil, Azərbaycanı xərçəng kimi sarmış HƏizmin amansız formasından, idarəçilik metodundan və ən başlıcası Naxçıvanın diktatura yolunda sınaq-təcrübə zavodu və ya laboratoriyası kimi istifadə olunmasından doğur. Talıbov Muxtar Respublikanın başçısı da deyil, sadəcə sınaq-təcrübə zavodunun icraçı rəhbəri, həm də despot, qeyri-məhdud səlahiyyətli şəxsin sınaqdan çıxarılmasında şəxsən istifadə edilən üzvüdü. Talıbov təcrübələr bitənə kimi bu hakimiyyətə lazımdı və bu sürədə onun qılıncının qabağı da, dalı da kəsəcək. Əliyev bu təcrübənin nəticələrindən sonunadək yararlanmaqda israrlıdı.
Bu zavodda despotdan tutmuş köləyə qədər hər kəs incəliyinə qədər sınaqdan çıxarılır və elmi-siyasi nəticələr paytaxta göndərilir. Talıbovun çarlığının müddəti təcrübələrin nəticələrindən bir başa asılıdı. Bu zavodun nə qədər su aparacağını isə Ilham Əliyev rejiminin özü belə bilmir.

Naxçıvanda bu günəcən baş verən, sonra Bakıda və Azərbaycanın başqa bölgələrində həyata keçirilən hadisələr sadalamaqla qurtaran deyil. Ən ağlasığmaz “ideya”ların orada həyata keçirildiyinin şahidi olmuşuq. Çayxanaların bağlanması, təndirlərin sökülməsi, çanaq antenlərin yığışdırılması, xarici avtomobillərin alınmasına yasaq qoyulması, əski sovet istehsallı avtomobillərin taksi kimi istifadə olunmasının qadağan edilməsi, ziyalıların həftəsonunda qul kimi işlədilməsi, Talıbov iməcilikləri, içində azadlıq duyğusu olanların dəlixanaya salınması, evlərin adamların başına uçurulması, şübhəli kürd elementlərinin Naxçıvana yerləşdirilməsi və şübhəli biznes əlaqələri,.. nələr-nələr. Adlarının yamana çıxmasının əksinə olaraq bu gün Azərbaycanda naxçıvanlılar, illah da Muxtar Respublika sakinləri qədər əziyyət çəkən ikinci kəsim yoxdu. Paytaxtda başımıza gətirilən əcayib-qərayib əməllərin hamısı öncə onların başına gətirilib, öncə onlar bu idbarlıqların əziyyətini çəkib. Nəzərə almaq lazımdı ki, hələ Bakıda baş verənlər bir az mədəni, qanuni don geyindirilmiş şəkildə həyata keçirilir. Heç olmasa məhkəmələrdə ictimaiyyətin nümayəndələri iştirak eləyir, vəkil tutmaq imkanı olur, demokratiya imitasiyaları mümkün olur, ilişdirilənlər isə bir başa dəlixanaya deyil, adı rəsmən həbsxana olan dəlixanalara salınır.
Naxçıvanda baş verən son insan düşmənliyi adamı dəhşətə gətirir. Müxalif baxışlı bütöv bir ailə oradan çıxarılır, evləri dağıdılır və cəzasının davamını bir az mədəni şəkildə çəkmək üçün Əliyev paytaxtına sürgün edilir. Söhbət 2010-cu ilin parlament seçkilərində Naxçıvandan Milli Məclis üzvlüyünə namizəd, Müsavatın üzvü Səxavət Əlisoyun başına gələnlərdən gedir.
“Turan”ın məlumatına görə, ailəyə məxsus üç ev dağıdılıb. Bu zorakılıq və təzyiqlərin nəticəsi olaraq onun üç bacısı, bir qardaşı Türkiyəyə köçməyə məcbur olublar. Əlisoyun qardaşı Sabit Əliyev isə Avropa ölkələrindən birindən sığınacaq istəyib və bugünlərdə ona həmin ölkədə oturum verilib.

Ən dəhşətlisi isə onun indi Naxçıvanda bir bacısı və qardaşının hansı yolla qala bilməsidi. Bu məsələ beynəlxalq müdaxilələrdən sonra mümkün olub, Bilgə Cankorel ATƏT-in Bakı ofisinin rəhbəri olarkən Vasif Talıbovla görüşüb və onların Naxçıvanda təhlükəsiz yaşamasına dair Talıbovdan vəd alıb. Talıbovun üz cizgiləri isə adama heç nə vəd eləmir.
Indi 9 milyona yaxın Azərbaycan vətəndaşının hər biri üçün bir ədəd Bilgə Cankoreli hardan tapaq?