Birinci sinif alveri

Azərbaycan hakimiyyəti nə qədər istedadlı, nə qədər qalibiyyətliymiş! – doğrusu, bu istedad və qəbiliyyətə heyrət etməmək mümkün deyil. Məmurlar xalqın dərisindən pul çıxarmağın, rüşvətxorluğun yeni-yeni yollarını elə icad edirlər ki, adamın matı-qutu quruyur.

Bunların məktəbi təmir edəndən sonra söküb təzədən tikməsi və yaxud hansısa dağ kəndində “dünyada analoqu olmayan” qiymətə məktəb binası ucaltması kimi korrupsiya layihələri artıq adiləşib. Amma bununla kifayətlənmirlər ki! Orta məktəblərdə “Valideyn şurası” yaradıb rüşvəti leqallaşdırmaq da ancaq bunların ağlına gələ bilərdi; hər gün təkcə neftdən 100 milyon gəlir götürən bir hakimiyyətin “süpürgəpuluna” qədər dilənçilik etməsindən heyrətamiz nəsə varmı?

Amma doyan deyillər. Istedadları, qabiliyyətləri günü-gündən çiçəklənir, qaynayıb daşır axı; ortaya yeni-yeni rüşvət mənbələri qoymasalar çatlayıb ölərlər, axı! Təzəlikcə bir layihəyə də start veriblər: təmirdən çıxan və kosmetik olaraq gözəlləşdirilən məktəblər 6 yaşında uşaqları müsabiqə yoluyla qəbul edir birinci sinfə – əlbəttə ki, Təhsil Nazirliyinin xeyir-duası ilə. Soruşduqda da bildirirlər ki, bəs, bu cür gözəl bina təmir etmişik, dərsin keyfiyyətini qaldırmışıq (bunların təsəvvüründə “təmir” dərsin keyfiyyəti deməkdir!), müsabiqə olmasınmı?

Sanki məktəb binalarının təmirini dədələrinin pulu ilə ediblər. Xalqın sərvəti hesabına aparılan təmir-tikinti işlərini yeni rüşvət mənbələrinə elə minnət qoya-qoya çevirirlər ki, bu boyda həyasızlığa deməyə söz də tapmırsan.

Altı yaşlı uşaq birinci sinfə niyə “sınaq imtahanı” ilə qəbul olunmalıdır? Sınaq imtahanı keçirilməsi hansı məntiqdən yaranıb? Imtahandan keçməyən uşaq ibtidai təhsildən kənarda qalmalıdır? Bu xarabada xalqın vəsaiti hesabına fəaliyyət göstərən ümumtəhsil məktəbləri uşaqlara təhsil vermək üçün deyilmi? 6 yaşında uşaq harda, necə və nə vaxt təhsil gördü ki, hələ bundan imtahan da götürülür.

Yeni rüşvət tələsidir. Əgər 2-3 il bundan öncəyə qədər 6 yaşlı uşağın birici sinfə getməsi üçün valideyn məktəb direktoruna 100-200 manat “hörmət” etməyə borcluydusa (Azərbaycan insanı doğulduğu andan bu hakimiyyətə borcludur), indi bu rəqəm 1000-2000 manata qaldırılıb. 6 yaşlı uşaq 10 nəfərə yaxın yep-yekə adamların içində cavab verə bilərmi? Bu uşaq hələ nə dərk edir, nə qanır, nə oxuyub, nə öyrənib?

Işdi əgər valideyn bu fırıldağın qarşısını almaq üçün 2 il öncədən körpə uşağa repititor tutubsa və nələrsə öyrədibsə, əla, onun imtahanından keçmə şansı böyükdür. Imtahandan keçən 6 yaşlı, birinci sinfə gedəcək uşağın valideynini dərhal direktor qəbul edir: “Sizi təbrik edirəm, uşağınız qəbul olundu, 1000 manat gətirin”!
Yox, uşaq cavab verə bilmirsə, onda qiymət iki dəfə, bəzən hətta üç dəfə qalxır və “sınaq imtahanından” uğurlu çıxan uşağın valideyni “gözü çıxmış qardaşlarına” baxıb 1000 manat verəcəyinə elə sevinir ki!

Adamı sevinə-sevinə, uçuna-uçuna rüşvət verməyə vadar edən bu hakimiyyətin istedadına niyə də heyrət etməyəsən?

Qətiyyən elə düşünməyin ki, məktəb direktoru, müəllim özbaşnalıq edir, rüşvətə, korrupsiyaya qarşı mübarizə getdiyi (guya) bir məqamda valdeyndən açıq-açığına rüşvət istəyir. Buna hansı müəllim, direktor, müavin cəsarət edər? Bunu Təhsil Nazirliyi görməzmi? Korrupsiyaya qarşı Mübarizə Idarəsi bilməzmi?

Əslində, gün kimi aydındır ki, direktor toplanan vəsaiti yuxarı ötürməsə, belə həyasız və abırsız təklifi səsləndirə bilməz – dərhal mitilini Bayıla tullayarlar. Onlara bu cəsarəti verən, daha doğrusu, onları bu həyasız təklifi səsləndirməyə vadar edən var! Ölkə başdan-başa alverxanadır – indi də birinci sinif alverinə start verilib, vəssalam!

Konstitusiyanı, Ana yasanı çoxdan tullayıblar ayaqlar altına. Kimdi fikir verən ki, Konstitusiyada hər bir vətəndaşın təhsil almaq hüququ təsbit olunub? Kimdi düşünən ki, orta ümumtəhsil məktəblərinə məhz buna görə dövlət büdcəsindən milyardlarla vəsait ayrılır?
Kimsə düşünmür, kimsə öz halına acıyıb-eləmir. Hamı “bu xaraba düzələn deyil” fikirləşir və Azərbaycanı xarabazara çevirən, insanlara cəhənnəm əzabı yaşadan, vətəndaşlarının qanına, canına yerikləyən rejimə dözüb yaşayır.
Bunun sonu olacaq, mütləq olacaq!