Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutacaq görüşlərdən ikisi Azərbaycanda keçiriləcək.
Həmin qarşılaşmalardan biri Bakıda, digəri isə əyalətdə baş tutacaq. Tarixində ilk dəfə II təsnifat mərhələsində oynayacaq “Xəzər Lənkəran” İsrailin “Makkabi” klubu ilə üz-üzə gələcək.
Təl-Əvivdə 1:3 hesabı ilə uduzan Azərbaycan kubokunun qalibi üçün Lənkərandakı görüş əlamətdar olacaq. Avrokuboklarda yubiley – 10-cu matçına çıxacaq “Xəzər Lənkəran” doğma stadiondakı 2-ci matçda qələbə qazanmağa çalışacaq.
Qitə arenasındakı qələbənin mərhələ keçməyə bəs etməsi üçün isə 2:0 hesablı qələbə, ya da ən azı 3 top fərqi lazımdır. Əks halda isə ya penaltilər seriyası, ya da Avropa ilə erkən vidalaşan “Neftçi”nin aqibətini yaşamaqla üzləşmək olar.