Qərb hakimiyyətin alternativini tanıyır

Aqil Səmədbəyli: «Hakimiyyətdən fərqli olaraq Qərb Ictimai Palatanın iqtidara yeganə alternativ olduğunu görür və qiymətləndirir»

Avropa Parlamentində Hollandiyanın “Demokratlar 66” və hakim Xalq və Demokratiya partiyasını təmsil edən deputatların Ictimai Palata ilə bağlı Avropa Birliyinə məktubu böyük marağa səbəb olub. Göndərilən məktubda Azərbaycanda 7 noyabr seçkilərinin saxta keçirildiyi və ardınca Azərbaycanda Ictimai Palata adlı proqressiv ictimai bir təşkilatın yaranmasından bəhs edilir. Deputatlar müxalifət partiyaları və bir sıra sivil vətəndaş cəmiyyəti təşkilatlarından ibarət Ictimai Palatanın hələ ilkin fazada olmasına baxmayaraq, Azərbaycanın siyasi tarixində unikal və cəmiyyətin müsbət qarşıladığı bir quruma çevrildiyini bildiriblər. Məktubda Ictimai Palata Azərbaycanda proqressiv qüvvələrin cəmləşdiyi yeganə ciddi platforma kimi təqdim olunub.

IP Koordinasiya Şurasının üzvü Aqil Səmədbəylinin fikrincə, Azərbaycanda hazırda cərəyan edən siyasi proseslər bütün dünyanın diqqət mərkəzindədir. Eyni zamanda Azərbaycanda IP-in apreldən başladığı mitinqlərin bütün dünyanın diqqətini cəlb etdiyini deyən A.Səmədbəyli vurğuladı ki, xalqın hazırkı hakimiyyətdən ciddi narazı olduğu bütün dünyaya məlumdur: “Qərb Ictimai Palatada Azərbaycanın ciddi siyasi qüvvələrinin cəmləşdiyini gözəl bilir. Qərb diplomatları Ictimai Palata nümayəndələri ilə görüşən zaman həmin diplomatik mesajı həm hakimiyyətə, həm də Azərbaycan xalqına vermişdilər ki, ölkədə iqtidara alternativ qüvvə Ictimai Palatadır. YAP hakimiyyətindən fərqli olaraq Qərb bu reallıqları görür və qiymətləndirir. Bu müraciətin də ortaya çıxması məntiqi nəticədir. Azərbaycanda demokratikləşmə prosesi mütləq getməlidir. Avropa Birliyini də Ictimai Palataya dəstəyə çağırmaqla, demokratiyanın dəstəklənməsi istənilir. Bu da çox təbiidir. Hakimiyyət gözəl bilir ki, bu gün ona alternativ Ictimai Palatadır”.

Azərbaycan hakimiyyətinin ölkədəki əsas aparıcı müxalifət qüvvəsinin məhz IP olduğunu bir gün etiraf etməyə məcbur qalacağını deyən A.Səmədbəyli vurğuladı ki, Ictimai Palatanın qəbul etdiyi sənədləri ya hakimiyyət həyata keçirməlidir, ya da bunu bir gün IP edəcək.

A.Səmədbəylinin sözlərinə görə, Qərbin belə bir mövqe sərgiləməsi YAP-a tutarlı cavabdır. Bu, bir daha göstərir ki, Qərbin də qəbul etdiyi və tanıdığı mərkəz məhz Ictimai Palatadır. “Bu reallıqları Azərbaycan hökuməti də ciddiyə alıb, Ictimai Palatanı tərəf kimi qəbul etməlidir”,- deyə A.Səmədbəyli vurğuladı.Xəyal