Dünyada isti də, böhran da son həddə çatıb. Qərb ölkələri böhranla bağlı öz siyasətlərini yaxın vaxtlarda açıqlayacaqlar, görək, ABŞ da borc məsələsini necə həll etmək niyyətindədir! Mən iqtisadçı deyiləm. Amma bir detal məni olduqca düşündürür. Iqtisadiyyat hər yerdə inteqrasiya olunub və onun da inkişaf göstəricilərindən biri dünya iqtisadi sisteminə inteqrasiyasıdır. Guya bizim iqtisadiyyat böhrana rəğmən inkişaf edir, onu heç hiss etmir. Mənə bu bir qədər qəribə təsir bağışlayır. Deməli, burada heç bir iqtisadiyyat yoxdur. Elə əslinə qalsa, dünya iqtisadiyyatı ilə bizi bağlayan yeganə amil neftdir. O halda belə nəticə alınır ki, nefti çıxsaq, yerdə heç bir iqtisadiyyat qalmaz və məlum olar ki, ölkə ancaq neft üzərində bərqərar olub. Amma mən yenə də güman etmirəm ki, məsələ bu qədər sadədir. Bəs onda gündən-günə artan bahalığı necə izah edək? Bu, böhranın nəticəsi deyilmi? Əgər o da böhranın nəticəsi deyilsə deməli, onu yerli siyasətin adına, necə deyərlər, inhisarçılıq adlanan fenomenin adına yazmaq lazımdır. Bu isə daha pisdir. Hətta bu cür səthi mühakimələr vəziyyətin heç də yaxşı olmadığını deməyə əsas verir. O gün televiziyada yeni açılış mərasimini göstərirdilər. Nə açıblar? Diaqnostika mərkəzi, H.Əliyev mərkəzi və bir də YAP-ın yerli qərargahını! Elə doğrudan da möhtəşəm iqtisadiyyatdır! Görünür, beynəlxalq maliyyə institutları indən belə bizim iqtisadiyyatı təhlil edərkən yeni açılmış H.Əliyev mərkəzlərini və bir də YAP-ın qərargahlarını xüsusi qeyd etməlidirlər! Bir vaxt hər yerdə elə Lenin otağı, Lenin guşəsi yaradırdılar. Ona görə də mən bu hakimiyyəti elə də qınamıram. Bunlar gözlərini açıb bunu görüblər. Lakin bu sovetlər Lenin guşələrindən başqa şey də yaradırdılar axı! Hətta gürcülər kimi də olmadıq, orada heç kimin ağlına gəlmir ki, Stalin və yaxud Şevardnadze mərkəzi açsın! Deyirəm, görən, Stalin təsadüfən azərbaycanlı olsaydı biz nə edərdik? Heç özüm də bilmirəm. Bunların səbrinə adam məəttəl qalır. H.Əliyev mərkəzləri hamısı eynidir, eyni fotolar, eyni sənədlər nümayiş etdirilir! Görən, bunlara nə qədər tamaşa etmək olar?! Ümumiyyətlə, açılışdan sonra kimsə bir dəfə olsun, həmin mərkəzlərin qapısını açıb nəyəsə tamaşa edibmi?..
Müxalifət partiyalarının arzusu
YAP-ın rayon şöbələrinin qərargahlarını güman ki, hamınız görmüsünüz. O qədər yaraşıqlı binalardır ki! Hər bir müxalifət partiyası bir dənə belə binası olmasını arzu edərdi! Amma onlara bu imkanı heç kim vermir, lap doğrusu, onlara bu yasaqdır. Sevinmək lazımdır ki, bu hakimiyyət hələ müxalifətçilər yaşayan evləri onların əlindən almayıb. Inanın, bunu da edərlər… Ölkə tam bunların inhisarındadır. Heç kimə imkan və fürsət vermirlər. Az qalıb xırda küçə ticarətini də ələ keçirsinlər, bununla da özləri məşğul olsunlar! Amma mən yenə də optimistəm. Bu qərargahlar nə vaxtsa millətə və elə müxalifətə də lazım olacaq, qoy açsınlar. Nə vaxtsa onlar əsl siyasət adamlarına və bir də hakimiyyətə seçki ilə gələnlərə veriləcək ki, onlar cəmiyyətlə işləsinlər. O qərargahlar YAP-ın nəyinə lazımdır? Onsuz da bunlar üçün hər şey olduqca sadədir. Beş ildən bir seçki adı altında rəsmiləşdirmə kampaniyası gedir. O gün yenə də özüm üçün fikirləşirdim: Ilahi, bu əzab, bu məşəqqət nə vaxtsa bitəcəkmi? Bəli, artıq dözüm qalmayıb. Bir nəsil hansısa ideyaları ürəyində daşıyaraq gələcək nəsillərə ötürmək istəyir. YAP bir gün belə, bu qayda ilə yaşaya, mövcud ola bilməzdi. Amma biz yaşayırıq və özü də ümid edirik, ən başlıcası isə bu, bizdə alınır! Onları özündən çıxaran, bizlərə qarşı daha sərt siyasət yürütməyə vadar edən də budur: bizim ideyamız var! Onların isə elə bir ideyası yoxdur, hər şey maketdir. Maddi baxımdan bolluq, amma mənəvi baxımdan boşluqdur, vakuumdur… Hamı bu boşluğu hiss edir, xüsusən də gənclik. Bunlar təmtəraqlı, yaraşıqlı binaları cəhlbedici edə bilmirlər, onların hamısı ən yaxşı halda mavzoley, məzarlıq təsiri bağışlayır. Elə ölkəni də əsl məzarlığa çeviriblər, uca binalar da adama başdaşları kimi görünür – soyuq və vahiməli…



