«Onların mühakiməsiz həbsdə saxlanması düzgün deyil»
Iran parlamentinin mühafizəkar deputatı Əli Mütəhhəri jurnalistlərlə görüşü zamanı müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin mühakiməsiz həbsdə saxlanmasını sərt tənqid edib.
Onun sözlərinə görə, Musəvi və Kərrubi ilə davranış tərzi hüquq və insanlığa ziddir: “Musəvi və Kərrubinin vəziyyəti səlahiyyətli bir məhkəmədə müəyyənləşməlidir. Onların mühakiməsiz həbsdə saxlanması düzgün deyil. Mən onlara qarşı davranış tərzinin əleyhinəyəm”.
Mütəhhəri 2012-ci ildə keçiriləcək parlament seçkilərinə də toxunub. Mühafizəkar millət vəkili islahatçıların 2012-ci ilin martında keçiriləcək seçkilərə qatılmasının tərəfdarıdır: “Konstitusiyaya Nəzarət Şurası Musəvi və Kərrubidən başqa seçkiyə qatılmaq istəyənlərin, 2 il əvvəlki prezident seçkisi böhranı ilə əlaqədar olanların səlahiyyətini rədd etməməlidir. Musəvinin seçki qərargahının üzvü olmaq günah deyil. Bu bəhanə ilə kimsənin səlahiyyətini rədd etmək olmaz. Nəzərə almaq lazımdır ki, insanların bu qərargahda fəaliyyət göstərməsi qanuni idi. Necə ki hər bir vətəndaşın dövlət əmlakına ziyan vurmamaq şərti ilə seçki nəticəsinə etiraz bildirməsi də qanunidir”.



