Mahal Ismayıloğlu: «Bu səbəbdən də hansısa məmurun hətta dövlət büdcəsini talamasına fikir verilmir»
Britaniyanın gündəlik nəşrlərindən olan “News of the World” əməkdaşlarının şəxsi telefon danışıqlarının dinlənilməsinə görə, Skotland Yardın rəhbəri Pol Stivenson istefa verib. “News International” şirkətinə məxsus olan və ötən həftə qapadılan “News of the World”-un işinin araşdırılması zamanı polis on nəfəri həbs edib. Maraqlıdır ki, Azərbaycanda dəfələrlə jurnalistlərin, tanınmış siyasətçilərin telefon danışıqlarının dinlənməsinə dair ciddi faktlar ortada olsa da, heç bir tədbir görülməyib.
Tanınmış jurnalist Mahal Ismayıloğlunun sözlərinə görə, Azərbaycanda məmurların istefasına səbəb olan kifayət qədər faktlar var. Bu tip faktlara Azərbaycanda hər hansı ölkədə olduğundan daha çox rast gəlindiyini deyən M.Ismayıloğlu vurğuladı ki, Azərbaycanda məmurların vəzifələrində qalmaları borclarını necə yerinə yetirmələri yox, hakim ailəyə sədaqətindən asılıdır: “Məmurlar bu gün istənilən pozuntulara yol verə bilərlər, amma bununla yanaşı mütləq hakimiyyətə sədaqət nümayiş etdirməlidirlər. Bu dəqiqə hakim ailəyə sədaqət nümayiş etdirmək dövlətə xidmət etməyin ən böyük qarantı sayılır. Bu səbəbdən də hansısa məmurun buraxdığı nöqsanlara, hüquq pozuntularına, hətta dövlət büdcəsini talamalarına, vəzifə borcunu yerinə yetirməmələrinə fikir verilmir. Avtoritar idarəçiliyin mexanizmi budur. Demokratik idarəetmədə isə insanı dərhal ictimai qınaq hədəfinə çevirib, günahına görə mühakimə edirlər”.Xəyal



