İlham Əliyev Qərbə arxa çevirdi

Rəsmi Bakının Araz Əzimovun vasitəsi ilə verdiyi təklifin pərdəarxası

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 13 yaşlı Azərbaycanlı qızın ölümünə təəssüfləndiyini bildirib. Xatırladaq ki, azyaşlı uşaq Tovuz rayonunun sərhəd kəndlərinin birində ermənilərin çaya atdığı bombanın (oyuncağabənzər) partlaması nəticəsində həlak olub. Kremlin bu təəssüf bəyanatı nə qədər yerinə düşür, demək çətin olsa da, tamam qeyri-səmimi olduğu açıq və aşkardır.
Belə ki, Ermənistanın istər insan resursları, istərsə də hərbi imkanları baxımından Azərbaycanla müharibəyə gücü çatmadığı şəraitdə Rusiyanın bu ölkənin vasitəsi ilə torpaqlarımızın işğalında rolu danılmazdır. Hətta Xocalı qətliamında 366-cı Rusiya piyada alayının iştirakı rəsmən təsdiqlənib. Bu qədər cinayətlərdə iştirak eləmiş bir dövlətin siyasətində və davranışında heç bir dəyişiklik olmadan bir uşağın ölümünə təəssüflənməsi maraq doğurur. Görünür, Moskva dəyişməkdə olan regional balansda öz mövqelərini qorumaq üçün rəsmi Bakıya onunla əməkdaşlıq əsasları yaradır. Buna görə də belə bəyanatlarla ictimai rəydə Kremllə əməkdaşlığa qarşı olan fikirləri zəiflətmək istəyir. Halbuki indi də belə cinayətləri törətmək üçün erməni tərəfi Rusiyadan arxayınçılıq alır və Kremllə Irəvan arasında bağlanmış 49 illik hərbi əməkdaşlıq müqaviləsinin yaratdığı psixolojinin nəticəsi olaraq belə qətllər baş verir.

Araz Əzimova nə gəldi?

“Təəssüf ki, Rusiya Ermənistanda silahlı qüvvə saxlamağı önəmli sayır. Biz Cənubi Qafqazda bu cür militarist mövcudiyyətə getdikcə daha az əsas olduğunu görürük. Tankları tankerlərlə dəyişməyin, hərbi formanı iqtisadi mövcudiyyətlə əvəzləməyin vaxtı çatıb”. Görəsən, bu fikirləri söyləyərkən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov nəyə eyham vurub? Görünür, rəsmi Bakı Kremlin son zamanlar bütün cəbhələrdə kobud müqavimət göstərməklə uduzmasından narahatlığını gizlədə bilmir. Və silahlı deyil, iqtisadi mövcudluğu təklif edir. Ola bilsin, bunun kökündə Qarabağ məsələsində də hər hansı irəliləyişə nail olmaqla Qərbin təzyiqlərini zəiflətmək və hərbi əməkdaşlığı iqtisadi əməkdaşlığa çevirmək təklifi var. Başqa sözlə, Ilham Əliyev açıq-aşkar Rusiyaya deyir ki, Ermənistanda ordu saxlamaqdansa, bizi Qərbin iqtisadi tələlərindən qurtarın, iş bitsin. Amma Rusiyanın bu imkanı varmı? Göründüyü kimi, yox. Rəsmi Bakı isə hər dəfə olduğu kimi yenə də vaxtsız və yersiz cəhdləri ilə özünü pis duruma saldı. Qərb indi açıq gördü ki, Ilham Əliyev nəinki siyasi sahədə, heç neft məsələsində də Qərblə işləmək istəmir. Qərb isə NABUCCO-nu işə salmaq istədiyi ərəfədə bu cür bəyanatla üzləşməsinin yaradacağı nəticələri yəqin aradan qaldıracaq.

Seymur Həzi