Bəhreyndə isə müxalifət hakimiyyətlə danışıqlardan imtina etdi
Yəməndə hakimiyyət əleyhinə nümayişlər davam etdiyi vaxt Səudiyyə Ərəbistanında müalicə olunan diktator Əli Abdullah Saleh müxalifətə müraciət ünvanlayaraq dialoq çağırışını yeniləyib.
“Əl Thavra” qəzetinə açıqlama verın Saleh Yəməndəki siyasi böhranın sona çatması məqsədiylə dinc müzakirələrin aparılmalı olduğunu söyləyib. O, müxalifəti Yəmən prezidentinin səlahiyyətlərini icra edən Mənsur Hadi ilə danışıqlar aparmağa çağırıb.
“Ərəb baharı”nın sıçradığı Bəhreyndə isə ana müxalifət partiyası “Əl Vifak” hökumətlə davam edən danışıqlardan çəkildiyini açıqlayıb. “Naharnet”in xəbərinə görə, partiya liderləri ölkədəki digər siyasi qruplar ilə dialoqa davam edəcəklərini söyləyib. Hökumətlə danışıqlarda iştirak edən “Əl Vifak” nümayəndələrindən ibarət heyətin başçısı Xəlil Əl Marzuk partiya liderlərinin toplantısında ABŞ-ın dəstəklədiyi müzakirələrdən çəkilmək qərarı verdiklərini söyləyərək, hökumətin şiələrin daha çox haqq və siyasi azadlıq tələblərini yerinə yetirməyə ciddi yanaşmadığını vurğulayıb. Əl Marzuk hökumətin siyasi islahatlarla maraqlanmadığını, müxalifətin bu mövzuda ciddi danışıqlar səyini nəzərə almadığını da açıqlayıb. Xatırladaq ki, Bəhreynin sünni rəhbərliyi şiələrin bu ilin martında başlatdığı etiraz dalğasını güc yolu ilə yatırmışdı. Qarşıdurmlar zamanı 33 şiə etirazçı dünyasını dəyişmişdi. Hökumət vəziyyətin gərginləşməməsi üçün iyulun 2-də milli dialoq çağırışı etmiş və müxalifətlə danışıqlara başlamışdı.Elxan